Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3295/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ona catacaq 3494 manat 16 qəpik pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 02 fevral 2021-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin 12.02.2021-ci il tarixli 2(005)-1647/2021 saylı Qərardadı ilə iddia ərizəsinə baxılması üçün aidiyyatı üzrə müraciət etməyi üçün geri qaytarılmışdır. O hal-hazırda Beyləqan şəhərində yaşayır. O, işləmək məqsədi ilə 05 oktyabr 2020-ci il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq 11 yanvar 2021-ci il tarixədək Cəmiyyətin Beyləqan filialında baş mühasib vəzifəsində işləmişdir. Tərəflərindən bağlanmış əmək müqaviləsinə əsasən o, həftənin iş günlərində səhər saat 9:00-dan, axşam saat 17:00dək, şənbə günü səhər saat 9:00-dan axşam 15:00-dək işləməli, bazar günləri isə istirahət etməli idi. Lakin cəmiyyətin fəaliyyəti pambıqçılıq olduğu üçün həmin dövrdə pambıq yığımı ilə əlaqədar olaraq o, 05 oktyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək öz iradəsindən asılı olmayaraq rəhbərliyin tələbi ilə şənbə və bazar günləri də daxil olmaqla hər gün səhər saat 9:00-dan gecə saat 12:00-dək hətta daha çox işləməli olmuşdur. Həmin dövr ərzində bir gün də olsun istirahət günü olmayıb. İşlədiyi həmin dövrdə İş vaxtından artıq işləməyinə baxmayaraq ona əmək haqqından əlavə bir manat da olsun artıq pul hesablanıb ödənilməyib. Hansı ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən ona iş vaxtından artıq görülən işə görə iki qat əmək haqqı hesablanıb verilməli idi. Belə ki aparılmış hesablamaya əsasən oktyabr ayında artıq işlədiyi 221 saata görə 1146 manat 36 qəpik, noyabr ayında 258 saata görə 1388 manat 04 qəpik, dekabr ayında 186 saata görə 959 manat 76 qəpik ümumilikdə 3494 manat 16 qəpik əlavə əmək haqqı hesablanıb verilməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək cəmiyyətin Beyləqan filialına baş mühasib vəzifəsinə qəbul olunmasını xahiş etmişdir. Cəmiyyətin 644/k nömrəli, 05.10.2020-ci il tarixli əmri ilə Beyləqan filialına baş mühasib vəzifəsinə qəbul edilmiş və onunla AR ƏM-nin 47-ci maddəsinin “a” bəndinə əsasən müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış 05.10.2020-ci il tarixli, 935/20 nömrəli əmək müqaviləsinin 4.13 və 4.20-ci maddələrinə əsasən işçinin həftə ərzində 40 saatdan çox olmayaraq işləməsi istirahət gününün hər həftənin bazar gününün olması və iş saatı isə 9:00-da başlanması saat 17:00-da qurtarması müəyyən edilmişdir. Əmək funksiyalarını yerinə yetirərək hər ay filial üzrə işçilərin iş vaxtının uçot tabeli İddiaçı tərəfindən tərtib edilərək imzalanmış və filial direktoru tərəfindən təsdiqlənərək cəmiyyətin baş ofisinə göndərilməsi təmin edilmişdir. Bunun əsasında filial üzrə işçilərin əmək haqqısı hesablanaraq ödənilməsi həyata keçirilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş həmin tabellərdə iş saatı gündəlik 7 saat və həftəlik 40 saat müəyyən olunmuşdur. Əgər işçi vaxtından sonra işəgötürənin göstərişi olmadan qalıb işləyirsə bu iş vaxtından artıq vaxtda görülən iş hesab olunmur. Əgər işçi işəgötürənin əmri əsasında iş vaxtı qurtardıqdan sonra əlavə işə cəlb olunmursa bu iş vaxtından artıq görülən iş hesab olunur. Cəmiyyətin isə iş vaxtından artıq işçilərin işə cəlb olunmaları barədə əmri olmamışdır. 11.01.2021-ci il tarixdə mülki iş üzrə İddiaçı ərizə ilə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş etmiş və cəmiyyətin 11.01.2021-ci il tarixli 25/K nömrəli əmri ilə - AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdə istifadə edilməmiş məzuniyyət üçün 8 təqvim gününün kompensasiyası və son haqq hesab onun bank hesabına köçürülməsi təmin edilmişdir. İddiaçı Cəmiyyətin Beyləqan filialında iş saatından artıq işləməsi halı həqiqətə uyğun deyildir və qeyd olunanların əsassız olduğundan iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh MMC-yə qarşı 3494 manat 16 qəpik pulun alınıb ona verilməsi barədə iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05.10.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin Beyləqan filialına baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. İşçi həftə ərzində 40 saatdan (gecə növbəsində isə 36 saatdan) çox olmayaraq işləyir. İş saatı 9:00-da başlanır, saat 17:00-da qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir, şənbə günü saat 9:00-dan başlanır, 15:00-da qurtarır. Cavabdeh MMC-nin 05.10.2020-ci il tarixli 644/k saylı əmrindən görünür ki, İddiaçı 05.10.2020-ci il tarixdən AR ƏM-nin 47-ci maddəsinin a bəndinə əsasən Beyləqan filialına müvəqqəti olaraq baş mühasib vəzifəsinə qəbul edilmişdir. 05.10.2020-ci il tarixdən 30.12.2020-ci il tarixədək Cavabdeh MMC-nin Beyləqan filialında qəbul edilmiş pambıq məhsullarının qəbuluna dair qaimə fakturalarından göründüyü kimi, İddiaçı 01.11.2020-ci il, 24.10.2020-ci il, 31.10.2020-ci il, 12.12.2020-ci il tarixlərində MMC-nin səlahiyyətli şəxsi qismində pambıq qəbul etmişdir. Cavabdeh MMC-nin 11.01.2021-ci il tarixli 25/k saylı əmrindən görünür ki, İddiaçı 11.01.2021-ci il tarixdən AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış 16.07.2021-ci il tarixli məktubdan görünür ki, icraatda olan 2(006)-3295/2021 saylı mülki iş üzrə 17.05.2021-ci il tarixli sorğu ilə əlaqədar bildiririlmişdir ki, Hərbi Vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanına əsasən tətbiq edilmiş komendant saatı ilə əlaqədar Cavabdeh MMC-nin Beyləqan filialının baş mühasibi İddiaçı barədə hərbi vəziyyət rejimi ilə bağlı baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün İcazə.Gov.az saytından yalnız bir dəfə 21.10.2020-ci il tarixdən 31.10.2020-ci il tarixinə kimi təsdiqlənmiş icazə alınmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı 05.10.2020-ci il tarixdə Cavabdeh MMC-nin Beyləqan filialında baş mühasib vəzifəsinə işə qəbul edilmiş, 11.01.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad olunmuşdur. İşin mübahisələndirilən halları isə iddiaçının iş vaxtından artıq vaxtda məcburi qaydada işə cəlb olunması, bunun üçün əlavə əmək haqqını almaması barədə olan məsələlərdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 99-cu maddəsinin birinci hissəsinin tələblərinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu Məcəllənin 165-ci maddəsinin birinci və ikinci hissələrinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, iş vaxtından sonra və həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxt ərzində iş gördüyünə və bunun müqabilində ona əlavə haqqın ödənilmədiyinə istinad etsə də, bu halları təsdiq hər hansı sübutu (işəgötürənin əmri, sərəncamı, qərarı) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı onun 01.11.2020-ci il, 24.10.2020-ci il, 31.10.2020-ci il, 12.12.2020-ci il tarixlərində müəssisəsinin pambıq qəbul edən səlahiyyətli şəxsi qismində işdə olduğunu sübut edən eyni tarixli Cavabdeh MMC-nin Beyləqan filialında pambıq məhsullarının qəbuluna dair qaimə fakturalarına istinad etmişdir. Məhkəmə iddiaçının istinad etdiyi bu dəlilə hüquqi qiymət verərək qeyd edir ki, işçinin iş vaxtından artıq müddət ərzində işəgötürənin təşəbbüsü ilə işdə olmasını əsaslandıran sənəd sonuncunun əmri, sərəncamı və ya qərarıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə 01.11.2020-ci il, 24.10.2020-ci il, 31.10.2020-ci il, 12.12.2020-ci il tarixli pambıq məhsullarının qəbuluna dair qaimə fakturaları ilə İddiaçı bu tarixlərdə işdə olduğu faktı öz təsdiqini tapsa da, bu dəlil iddiaçının həftənin şənbə və bazar günlərində işdə olmasının məhz işəgötürənin təşəbbüsü ilə baş verdiyini sübuta yetirmir. İddiaçının istinad etdiyi bu halın onun baş mühasib kimi tərtib etdiyi iş vaxtının uçot tabellərindən də müəyyən etmək mümkün olmamışdır. Buna əsaslanaraq məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini həm də ona görə əsassız və mülahizə xarakterli olduğunu hesab edir. Belə ki, iddiaçı cavabdeh təşkilatda baş mühasib vəzifəsində çalışmışdır, onun əmək funksiyası əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin verilməsinin həyata keçirilməsindən ibarət idi. Beləliklə iddiaçının mühasib olduğu və əmək haqqının və digər ödənişlərinin vaxtlı-vaxtında işçilərin hesablarına köçürülməsi üçün məsuliyyət daşıdığı təqdirdə fəaliyyət göstərdiyi müəssisədə əmək haqqı hesablamalarınln düzgün aparılmadığına istinad etməsi məhkəmə ağlabatan saymır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3295/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3295/2021
30.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver