Məhkəmə qərarları › İş №2(006)-3295/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3295/2023

19.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3295/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, cavabdeh “Azərişıq" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün kompensasiyasının verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün kompensasiyasının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"ASC Qərb RETSİ, Şəmkir EŞ PŞS-nin xx.xx.2022-ci il tarixli, k/2022-01658 nömrəli əmrinin qanununsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün 1140 (min yüz qırx) manat kompensasiyanın, ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat və mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 50(əlli) manat xərcin, cəmi 1240 (min iki yüz qırx) manat kompensasiyanın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx"ASC Qərb RETSİ, Şəmkir EŞ PŞS-nə qarşı "Əmək müqaviləsiə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iş bərpa və məcburi işburaxma müddəti üçün kompensasiyanın verilməs barədə” iddia qaldırmamışdan əvvəl qanunla müəyyən edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş və 50(əlli) manat mediasiya xərcini ödəmişdir. O, xx.xx.2015-ci i tarixdə "xxxx"ASC Qərb RETSİ, Şəmkir EŞ PŞS X9 elektrik mantyoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2018ci il tarixdə X11 üzrə Hava və Kabel xidmətinə elektrik mantyoru vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində işində heç bir nöqsana yol verməmiş, vəzifə üzrə əmək funksiyalarını vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin, "xxxx" ASC Qərb RETSİ, Şəmkir EŞ PŞS xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq xitam verilmişdir. Dəfələrlə cavabdeh təşkilata gedib-gəldikdən sonra ona məxsus olan əmək kitabçasını xx.xx.2022-ci il tarixdən ona versələrdə yenə əmrdən çıxarışı ona təqdim etməmişlər. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. O, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən heç bir pozuntuya yol verməmişdir. Buna baxmayaraq o, qanunsuz olaraq işdən çıxarılmışdır. O, işlədiyi müddət ərzində hər ay 380 manat əməkhaqqı alır. 3 aydır ki, işləmir və buna görə də 1140 manat işəgötürən tərəfindən ona ziyan dəymişdir. Cavabdehə könüllü olaraq onu işə bərpa etməsi üçün təklif etsə də o onun bu təklifini rədd etmşdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı əvvəl "xxxx"ASC Qərb RETSİ-nin Şəmkir EŞ PŞS X12 elektrik mantyor vəzifəsində işləyib. O, xx.xx.2022-ci il tarixdən hər hansı bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. Ona dəfələrlə işə gəlməsi və gəlməmə səbəblərini üzürlü sayılması barədə hər hansı bir arayış təqdim olunması xahiş olunsa da o, rəhbərliyin sözünə hər hansı bir əhəmiyyət vermədən işə gəlməməsini davam etdirmişdir. Onlar onun "xxxx"ASC Qərb RETSİ-nin X3 Təşkilatın müraciət etdik. Təşkilat araşdırma aparmış və araşdırmanın nəticəi kimi xx.xx.2022-ci il tarixdə akt tərtib edərək onlara göndərmişdir. Onlar həmin araşdırmanın nəticəsi olaraq İddiaçı tutduğu vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad etmişlər. Qanuna uyğun olaraq işdən azad olunduqdan sonra son haqq hesab onun əmək haqqı kartına yatırılmışdır. Belə olan halda, iddia ərizəsini əsassız hesab edərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon Könüllü kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 578 saylı arayışından görünür ki, İddiaçı Şəmkir rayon Könüllü kəndində qeydiyyatdadır. İş materiallarında olan X10 1 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı işə bərpa tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarında olan K-15-0343 saylı xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Qərb RETSİ-nin X5 2 ay sınaq müddəti ilə qeyd olunan vəzifəyə təyin edilmiş və əmək haqqı ştat cədvəlinə uyğun ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan K-15-03381 saylı çıxarışın surətindən görünür ki, İddiaçı Qərb RETSİ-nin X6 əməkdaşı xx.xx.2018-ci il tarixdən əmək haqqı və vəzifəsi saxlanılmaqla Qərb RETSİ-nin Hava və Kabel xidmətinə keçirilməsi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, Qərb RETSİ-nin və ya Cəmiyyətin Rəhbərliyinə səbəbi barədə heç bir məlumat vermədən və ya sənəd təqdim etmədən işə çıxmağına görə xəbərdar edilir ki, 3 gün müddətində işə çıxmamağına görə xəbərdar edilir ki, 3 gün müddətində işə çıxmamağının səbəbinə dair sənəd təqdim edilməyəcəyi halda onunla bağlanmış əmək niiqaviləsinə xitam veriləcəkdir. İş materiallarında olan İddiaçı ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci tarixdən xitam verilməsi və son haqq hesabı və əmək kitabçasını götürmək üçün xahiş olunur Qərb RETSİ-nin (Gəncə) Kadrlar şöbəsinə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin k/22-01658 saylı xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, heç bir üzürlü səbəb olmadan bütün iş günü (xx.xx.2022-ci il tarixindən hal-hazıradək) işə gəlməyərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Qərb RETSİ-nin Hava və Kabel xidmətinin (X11 üzrə) elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilsin. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabının ödənilmasi təmin edilsin. İş materiallarında olan k/21-04601 saylı xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Qərb RETSİ-nin X2 Təşkilatı İclasının 01 saylı xx.xx.2022-ci il tarixli protkolunun surətindən görünür ki, X3 Təşkilatı Hava və Kabel xidmətinin (X11 üzrə) elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi məqsədə uyğun sayılması qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Qərb RETSİ-nin X2 Təşkilatı İclasının xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Hava və Kabel xidmətinin (X13 üzrə) elektrik montyoru İddiaçı Əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin "Ç bəndinə əsasən xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan Qərb RETSİ-nin X6 01/474 saylı xx.xx.2021-ci il tarixli xidməti məlumatının surətindən görünür ki, İddiaçı şəbəkəyə izahatı alınması üçün dəvət edilmiş, lakin bu günə qədər şəbəkəyə gəlməkdən imtina etmişdir. İş materiallarında olan Qərb RETSİ-nin X6 rəisinin "xxxx" ASC-nin Qərb RETS-nin rəisinə ünvanladığı 01/288 saylı xx.xx.2022-ci il tarixli xidmət məlumatının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək, vəzifə təlimatını pozaraq səbəb olmadan işə çıxmamışdır. Onunla dəfələrlə izahat işləri aparılmış lakin heç-bir nəticə olmamışdır. Qeyd olunanları nəzərə alaraq Qərb RETSİ-nin (Gəncə) Hava və Kabel xidmətinin elektrik mantyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan aktların surətlərindən görünür ki, İddiaçı işə gəlmədiyi müddətlər aktlaşdırılmışdır. İş materiallarında olan «X15» ASC-nin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1175.66 manat son haqq heab kimi İddiaçı şəxsi hesabına oturmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün kompensasiyasının verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün kompensasiyasının verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar