Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3296/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh «xxxx» QSC ilə bağladığı əmək müqaviləsinə əsasən əmək haqqının iki misli miqdarında müavinətin işəgötürəndən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə «xxxx» QSC ilə bağladığı əmək müqaviləsinə əsasən Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsində 4-cü dərəcəli fəhlə olaraq çalışmağa başlamışdır. 2018-ci ilin dekabr ayına qədər həmin işdə çalışmışdır. 2018-ci ilin dekabr ayında Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi əsas götürülərək onu işdən azad etmişlər. 8 illik iş stajına müvafiq olaraq onun əmək haqqının iki misli miqdarında kompensasiya verilməli idi. Lakin uzun müddət keçməsinə baxmayaraq «xxxx» QSC onun əmək haqqının iki misli miqdarında olan müavinətini hələ də ödəməmişdir. Bununla bağlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayət etsə də, onun probleminə baxılmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı qanunvericiliyin tələblərinə tam uyğun olaraq işdən azad edilmiş və işdən azad edilərkən də qanunvericilikdə nəzərdə tutulmuş orta əmək haqqının iki misli miqdarında müavinət ödənilmişdir. Bu barədə «xxxx» QSC tərəfindən 10.09.2018-ci il tarixli X-337 saylı «Əmək müqaviləsinin ləğv edilməsi haqqında» əmr imzalanmışdır. Qeyd olunan əmrlə İddiaçı Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə dəstəsində 4-cü dərəcəli fəhləsi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) 10.09.2018-ci il tarixdən ləğv edilmişdir. 28.08.2017-10.09.2018-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 18,31 təqvim günü pul əvəzinin ödənilməsi; Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən İddiaçı orta əmək haqqının iki misli miqdarında müavinətin verilməsi göstərilmişdir. Qeyd olunan əmrə əsasən İddiaçı istifadə edilməmiş məzuniyyətə görə 18,31 təqvim günü üçün 179 manat 64 qəpik, orta əmək haqqının iki misli miqdarında müavinət isə 1.430 manat 60 qəpik təşkil etmişdir. Cəmi isə 1.610 manat 84 qəpik hesablanaraq İddiaçı 18.09.2018-ci il tarixdə Kapital Bank hesabına köçürülmüşdür. Kapital Bankın ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı tərəfindən qeyd olunan məbləğ çıxarılmışdır. Bununla da, İddiaçı iddia tələbinin əsassız olduğu sənədlərlə öz təsdiqini tapır. Qeyd olunanlardan göründüyü kimi, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər toplusundan (əmək müqaviləsinin ləğv edilməsi barədə 10 sentyabr 2018-ci il tarixli X-337 saylı əmr; məzuniyyət haqqının və kompensasiyanın hesablanması barədə hesabat; 18.09.2018-ci il tarixli 1695 saylı ödəniş tapşırığı; hesaba (plastik karta) mədaxil olunacaq məvaciblə bağlı cədvəl; ödəniş kartı üzrə çıxarış) göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçinin hüquqları pozulmamış, Əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət olunmuş, işçiyə istifadə edilməmiş məzuniyyətə görə 18,31 təqvim günü üçün 179 manat 64 qəpik, orta əmək haqqının iki misli miqdarında müavinət isə 1.430 manat 60 qəpik olmaqla, cəmi 1.610 manat 84 qəpik hesablanaraq 18.09.2018-ci il tarixdə işçinin bankda olan hesabına köçürülmüş, işçi həmin pul vəsaitini ödəniş kartı vasitəsi ilə məxaric etmişdir (götürmüşdür). Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3296/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3296/2021
24.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver