Məhkəmə qərarları › İş №2(006)-3308/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3308/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3308/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun olmaması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «mənzildən istifadə hüququnun olmaması» barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan (ünvan 1 mənzil 57 ünvanında yerləşən ümumi sahəsi 39,9 kv/m olan mənzili X2 almış və mənzilin alqı-satqı prossesi Bakı şəhəri, 22 saylı notariat kontorunda təsdiq edilmişdir. Bu müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” iddiaçının adına RX seriyalı, ******* nömrəli, **********08-05101- 093042 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “çıxarış” verilmişdir. İddiaçı sözügedən mənzili yaxın qohumuna bağışlamaq üçün ASAN xidmətdə notariusa müraciət etdikdə, orada ona bildirilmişdir ki, mənzildə Cavabdeh Oktay oğlu adında qeydiyyatda olan şəxs var. Cavabdeh Oktay oğlu iddiaçıya mənzili satan satıcıya daha əvvəllər mənzili satmış şəxsin ailə üzvüdür. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-903/2005 saylı qətnaməsi ilə əvvəlki mülkiyyətçi X3 iddiası təmin edilərək cavabdehlər X4, X5, X1 azyaşlı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 32 saylı evin sahəsi 24,23 kv.m. olan 2 otaqlı 57 saylı mənzilinə yaşayış hüquqlarının itirilməsi və onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. Cavabdeh qanunun tələblərini pozaraq, hazırda daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və qeyd olunan ünvanda qeydiyyatda qalmışdır. Cavabdehin, iddiaçının tam mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarının gercəkləşdirilməsinə maneələr yaratmaqdadır. Bu halda iddiaçı mənzil üzərində öz istədiyi kimi mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törətməklə bərabər, formal qeydiyyatı olan bu şəxsin əvəzinə hər ay əlavə kommunal xərclər ödəməsi ilə nəticələnir. İddiaçı cavabdehin mənzilə olan qeydiyyatının ləğv edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə müraciət etmiş, lakin Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, ünvan 2 saylı ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir” ASAN 3 tərəfindən təqdim olunan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş 428 saylı, xx.xx.2020-ci il tarixli arayışından məlum olur ki, mənzilin keçmiş sakini olmuş Cavabdeh Oktay oğlu ailəsi ilə birlikdə məhkəmənin qətnaməsi əsasında xx.xx.2005-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, cavabdehin 2003-cü ildən başqa ünvanda yaşamağa başladığı üçün onun qeydiyyatı sırf formal xarakter daşımışdır. Cavabdehin bu qeydiyyat əsasında yaranmış istifadə hüququ da formal, yəni, heç bir hüquqi nəticə yaratmayan hüquq kimi qiymətləndiril-məlidir. İddiaçı hesab edir ki, qeyd olunan mənzili alqı-satqı müqaviləsi əsasında aldığından, mənzilə mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmaqla adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verildiyindən, mənzil onun mülkiyyətinə keçdikdən sonra cavabdehin bu mənzildən istifadə etmədiyindən, ona məxsus mənzildə formal qeydiyyatda qaldığından və bu xüsusat onun mülkiyyət hüquqlarını sərbəst, öz istədiyi kimi həyata keçirməsinə maneçilik törətməklə, əlavə kommunal xərclər ödəməsi ilə nəticələndiyindən, bu halda maddi vəziyyətinin pisləşməsinə səbəb olduğu üçün, onun bu mənzilə olan istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh (1987-ci il təvvəllüdlü) iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan (ünvan 1 mənzil 57 ünvanında yerləşən iddiaçının mənzilinə olan istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 57 saylı mənzil iddiaçının adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 57 saylı mənzildə qeydiyyatdadır. İşdə olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-903/2005 saylı qətnaməsindən müəyyən olunur ki, X4, X5, X1 azyaşlı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 32 saylı evin sahəsi 24,23 kv.m. olan 2 otaqlı 57 saylı mənzilinə yaşayış hüquqlarının itirilməsi və onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 428 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Oktay oğlu ailəsi ilə birlikdə məhkəmənin qətnaməsi əsasında xx.xx.2005-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda cavabdehin qeydiyyatda olduğu mənzil xx.xx.2018-ci il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda məhkəmə tərəfindən müəyyən edilməli fakt həmin tarixdə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir. Hazırki məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq edərək bu qənaətə gəlmək olar ki, cavabdeh ilə mülkiyyətçi arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığından, yaşayış sahəsinə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Digər bir yandan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvlərinə münasibətdə tətbiq edilə bilər. Hazırki mülki işin halları və iddiaçının izahatı tərəflər arasında ailə-qohumluq münasibətlərinin mövcud olmadığını göstərir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-903/2005 saylı qətnaməsi və 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 428 saylı, xx.xx.2020-ci il tarixli arayışından göründüyü kimi Cavabdeh Oktay oğlu ailəsi ilə birlikdə xx.xx.2005-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Odur ki, hazırda cavabdehin yaşayış sahəsinə olan qeydiyyatı formal xarakter daşıdığından onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Yuxarıda qeyd olunanları qiymətləndirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 57 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 57 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhk-əməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar