Məhkəmə qərarları › İş №2(006)-3314/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3314/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3314/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 17 iyun 2022-ci il tarixli “Fiziki şəxs müddətli depozit Müqaviləsi”-nə əsasən "xxxx" ASC-nin 5 saylı filialına 12 ay müddətinə, illik 11 % dərəcəsi ilə 34000 (otuz dörd min) manat depozit yerləşdirmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "xxxx" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Əmanəti qorunan əmanət olduğu üçün Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisinə kompensasiya almaq üçün müraciət etdi. Lakin, depozit müqaviləsində bankın möhürünün olmamasını bahə gətirərək ona kompensasiya ödənilməsindən imtina etdilər. Buna baxmayaraq iddiaçı rəsmi olaraq cavabdehə müraciət etdi və cavabdehin ona ünvanladığı 21 iyun 2023-cü il tarixli, **********0016 saylı cavab məktubu ilə depozit müqaviləsinin guya Mülki Məcəllənin 946.1ci maddəsinə uyğun tərtib edilmədiyi üçün yenidən imtina etdilər. Halbuki, Mülki Məcəllənin 946.1-ci maddəsinə görə Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Mülki Məcəllənin qeyd olunan normasında əmanət müqaviləsində möhürün olmaması-yazılı formaya riayət edilməməsi üçün əsas kimi göstərilməmişdr. Əksinə, iddiaçının əmanətinin mövcudluğu depozit müqaviləsi və əmanət kitabçası ilə təsdiq edilir. Qeyd edilməlidir ki, əmanət kitabçasında bankın möhürü vurulmuşdur. Eyni zamanda 19 iyun 2023-cü il tarixdə cavabdehin verdiyi bank hesabından çıxarışa əsasən iddiaçının 34.000 manat depozitimin hesabda olması təsdiq olunur. Əmanət kitabçasında filial müdirinin imzası və filialın möhürünün olduğu, hesabında 34.000 manat əmanətinin mövcudluğu olduğu halda yalnız əmanət müqaviləsində filialın möhürünün vurulmaması əmanətinin qaytarılmasından imtina üçün əsas ola bilməz və cavabdeh əmanətini qaytarmalıdır. Göstərilənlərə əsasən, 34.000 (otuz dörd min) manat kompensasiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini iddiaçı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan 17 iyun 2022-ci il tarixli “Fiziki şəxs müddətli depozit müqaviləsi”nə əsasən "xxxx" ASC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqavilə əsasında Bank əmanətçidən daxil olmuş pul məbləğini ******************** nömrəli cari hesaba qəbul etməyi və əmanəti cari hesabdan ******************** nömrəli əmanət hesabına köçürməyi, NMA 8399 nömrəli Əmanət kitabçası açmağı, əmanəti bu müqavilə ilə müəyyən olunmuş qaydada Əmanətçiyə qaytarmağı və bu müqavilənin şərtləri çərçivəsində hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müavilə üzrə Bank tərəfindən qəbul edilən məbləğ 34.000 manat təşkil edir. Əmanət 12 ay müddətinə, illik 11%-lə qoyulmuşdur. Mülki işin materiallarında olan hesabdan çıxarışlardan və əmanət kitabçasından görünür ki, Bankın hesabına xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən 34.000 manat məbləğində əmanət yerləşdirilmişdir. Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvananlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 946.1ci maddəsində göstərilmişdir ki, bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. İddiaçı tərəfindən kompensasiyanın alınması üçün təqdim edilmiş sənədlər Mülki Məcəllənin 946-cı maddəsində müəyyən olunmuş qaydada tərtib edilmədiyi üçün kompensasiya ödənişinin həyata keçirilməsi imkanları xaricindədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, hazırki iş üzrə iddiaçının LPO "xxxx" ASC-də 34.000 manat qalıq pul vəsaiti vardır. LPO "xxxx" ASC məhkəmə qərarına əsasən müflis elan edilmiş və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, bank hesabında ona məxsus pul vəsaitinin kompensasiya şəklində ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. 25.1.4-cü maddəsinə əsasən, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 28.1-ci maddəsinə əsasən, fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2-ci maddəsinə əsasən, kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. 28.3-cü maddəsinə əsasən, fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. 28.5-ci maddəsinə əsasən, fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X1 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Məhkəmə iddia tələbini qanuni hesab edərək qeyd etməyi zəruri hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, həmçinin əmanət məbləği LPO "xxxx" ASC-nin hesabında olmasına baxmayaraq cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya kompensasiya şəklində ödənilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 71.3-cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir; 71.7-ci maddəsinə əsasən, bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür və s. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, 34.000 (otuz dörd min) manat məbləğində kompensasiya məbləğinin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. 34.000 (otuz dörd min) manat məbləğində kompensasiya məbləğinin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar