Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3314/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında mövcud olan əmək müqaviləsinə xitam verilməsi və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu ildən öncə Cavabdeh MMC şirkətində qeyri-rəsmi olaraq baş mühasib vəzifəsində çalışmışdır. Əmək haqqı kart vasitəsilə verilirdi, yanlarında çalışdığı şəxslər İranlı vətəndaşlar idi. Həmin ərəfələrdə respublikada pandemiya olduğu müddətdə Azərbaycan Respublikasından getmişlər və bir daha onlardan heç bir məlumatı olmamışdır. Bundan əlavə 2022-ci ildən onlarla iş əlaqələrini ayırmışdır. Bu yaxınlarda işə girmək üçün müraciət etmiş, lakin adı sistemdə işçi kimi çıxdığı üçün qəbul edilməmiş, halbuki aralarında əmək mqaviləsi bağlanmamışdır, amma orqanın mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışıdır. Belə ki, cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Ona görə də əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə olunan arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlamaqla baş mühasib vəzifəsində qeydiyyatdadır. “AZEMİS” Elektron Məhkəmə Sistemindən əldə olunan məlumatdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsi üzrə baş mühasib vəzifəsində qeydiyyatdadır. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00249 saylı “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş mediasiya prosesində yalnız İddiaçı iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir. (mediator: E.Məmmədov) İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, onun Cavabdeh MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilməsi və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin məktubundan görünür ki, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh MMC ilə İddiaçı, X2 və X1 arasında xx.xx.2019-cu il tarixindən bağlanmış əmək müqavilələrinin qüvvədə olduğu məlum olmuşdur. Göründüyü kimi, iddiaçı bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv olaraq qalması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması cavabdehin hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3314/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3314/2025
12.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver