Məhkəmə qərarları › İş №2(006)-3315/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3315/2022

02.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3315/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 sentyabr 2014-cü il tarixli, 410 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, H.Ələsgərov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsindəki 983-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sərəncama görə həmin ərazidə daşınmaz əmlakları olan şəxslərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsindəki 983-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş, yaşayış evləri və yaşayış evləri but daşlardan, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyadan inşa edilmiş, yaşayış evlərin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş, köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış, kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir, həmin evlərdə, binada təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni, tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqqları verilməklə qonşu binalar sakinlərdən köçürülmüşdür. Buna və binaların qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Lakin ünvan 1 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 51,1 kvadrat metr olan mənzilin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri Cavabdeh2, Cavabdeh3 kirayə haqlarını İddiaçı MMC-dən almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək yaşayış binadan mövcud mənzil sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsindəki 983-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərin əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda sözügedən binada cavabdehlər yaşayır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 21-in sökülməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 21 əvəzinə ünvan 2 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 62 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək ‘‘Grand Plaza” MMC tərəfindən Cavabdeh1 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov küçəsi, ev 21-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçının nümayəndəsinin iştirakının olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, Cavabdeh1 izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarındakı Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 13 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 06 №-li, xx.xx.2021-ci il tarixli arayışa əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov küçəsi, ev 21-də qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 51,1 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 21 paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 və Cavabdeh3 məxsusdur və bu barədə 2603 saylı reyestr kitabının 242611 nömrəli vərəqində, ********** və ********** nömrələr ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 22,50 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 21-də (yeni qaydalarla: Az 1007 Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 55A) yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 298 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1753 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. İş üzrə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru İ.V.Həsənov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə "xxxx" MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişmələrində yerləşən yaşayış evləri mövcud şəhərsalma tələblərinə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 21 paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 və Cavabdeh3 məxsusdur. Mənzilin ümumi sahəsi 51,1 kv.m təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 21-də (yeni qaydalarla: Az 1007 Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 55A) yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsi 22,50 kv.m təşkil edir. Məhkəmə iş materiallarında olan çıxarışlarda qeyd edilən sahələrin ölçüsünü (cəmi 73,6 kv.m) nəzərə alaraq, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 21 əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 62 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi tələbi üzrə qeyd edir ki, tələb əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Həmçinin, həmin qərarda göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; üçüncü qayda təsdiq edir ki, razılığa gələn yüksək tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Məhkəmə qeyd edir ki, sökülməsi tələb edilən mübahisəli əmlakın ümumi sahəsi 73,6 kv.m olduğu halda, iddiaçı tərəfindən mübahisəli əmlakın əvəzinə 62 kv.m ümumi sahəsi olan mənzilin verilməsi tələbi irəli sürülməsi cavabdehlərin mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli və ədalətli kompensasiya hesab oluna bilməz. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar