Məhkəmə qərarları › İş №2(006)-3321/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3321/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3321/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2020-ci il tarixdə İddiaçı və arasında 1 saylı Bakı “ASAN xidmət” X1 bağlanmış və 1713 nömrəsi ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun cavabdeh Yunis-zadə Röya Vüqar qızı ilə əvvəllər hər hansı tanışlığı olmamışdır, rəsmi nikaha girənə qədər bir-birlərini tanımamışlar. Ataları dost olmuş və bu dostluğu daha da möhkəmləndirmək üçün onları bir-birləri ilə evləndirmək qərarına gəlmişlər, lakin bu zaman onların bir-biri ilə ailə qurmaq istəklərinin olub-olmamasına əhəmiyyət verməmişlər. O, atasının sözündən çıxa bilməyərək, heç vaxt görmədiyi Röya Yunis-zadə ilə ailə qurmağa razılıq vermişdir. Azərbaycan Respublikasının ərazisində “Covid-19” xəstəliyi ilə əlaqədar nişan mərasimi belə keçirilməmişdir. Həmin vaxt aralarında səmimi münasibətlər olmadığına görə Röya da onun ilə yalnız atasının istəyinə görə ailə qurduğunu etiraf etmişdir. Buna görə də onlar 2020-ci ilin noyabr ayında rəsmi nikaha daxil olmaq barədə 1 saylı Bakı “ASAN xidmət” X2 ərizə vermişlər və 07 noyabr 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” X1 nikahları qeyd edilmişdir. Hər hansı toy mərasimi keçirilməmişdir. Rəsmi nikah bağlansa da, onların aralarında ər-arvad münasibətləri yaranmamış və onlar faktiki olaraq ailə qurmamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək iddianı etiraf etdiklərini və iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07.11.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 412424 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Yunis-zadə Röya Vüqar qızı 07.11.2020-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.11.2020-ci ildə 1713 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun qohumudur, Röya Yunis-zadə isə ailəvi tanışlarıdır. İddiaçı ilə Röya Yunis-zadə ailələrinin təkidli istəyi ilə məcburiyyət qarşısında qalıb rəsmi olaraq nikah bağlamışlar. Nikahın bağlanması ilə bağlı tədbirdə o, özü də iştirak etmişdir. Onların arasında nikah bağlanmasına baxmayaraq toy mərasimi keçirilməmiş və onlar ümumiyyətlə birlikdə yaşamamışlar. Ailəvi tanış olduqlarından Röya Yunis-zadənin dəfələrlə həmin nikaha etiraz etdiyini və İddiaçı ilə ailə qurmaq niyyətinin olmamasını eşitmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər 07.11.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Tərəflərin ailə qurmaq niyyəti yoxdur. Cavabdeh ona qarşı verilən iddianı tam etiraf edir, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəlləsinin 25.1-ci, 25.2-ci, 25.4-cü maddələrinə əsasən bu Məcəllənin 10— 12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Saxta nikahın bağlanmasında məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Həmçinin Ailə Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Məhkəmə mübahisə predmeti olan nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün, hər iki tərəfin valideynlərinin israrlı təkidi ilə məcburiyyət qarşısında bağlanmasının sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Namazova (Yunis-zadə) Röya Vüqar qızı arasında 07.11.2020-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1713 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə arasında 07.11.2020-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1713 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar