Məhkəmə qərarları › İş №2(006)-3329/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3329/2024

16.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3329/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmrin ləğv edilməsi, işə bərpa və sair» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmrin ləğv edilməsi, işə bərpa və sair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 28K nömrəli əmrin ləğv edilməsi; onun əvvəlki işinə bərpa edilməsi və məcburi buraxılmış iş vaxtı üçün hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc də daxil olmaqla, əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən 2023-cü ilə qədər Cavabdeh ASC-də işləmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən işdən azad olunmuşdur. Həmin əmr əsassız və qanunsuz əmrdir. Çünki o, şəhid ailəsi üzvüdür. İşəgötürən əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl etməmişdir. Çünki işəgötürən işçilərin peşəkarlıq səviyyələrini necə müəyyən etmişdir? İşəgötürən qeyd edilən maddənin tələblərinə əməl etməyərək onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və onun ailə vəziyyətini nəzərə almamışdır. O, işdən çıxdığı müddətdən bu günə qədər işə bərpa olunması üçün dövlət orqanlarına müraciət etmişdir. Sonda görmüşdür ki, işə bərpa olunması gecikir və buna görə də, iddia qaldırmaq məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, o, işlədiyi müddətdə cavabdeh tərəfindən ona verilən əmək haqqı onunla eyni vəzifəni, eyni iş saatı yerinə yetirən, hətta ali savadı olmayan işçilərdən əmək haqqım 50 % az olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəməyə daha öncədən ünvanlamış olduqları ərizəni müdafiə edərək bildirdi ki, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin qeyd olunan imperativ tələbinə baxmayaraq, iddiaçı müvafiq iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə onunla əmək müqaviləsinə xitam verildiyi və son haqq-hesab edildiyi tarixdən 11 ay sonra xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə, iddia müddətlərini ötürməklə məhkəməyə müraciət etməsini nəzərə alaraq iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş ******* saylı əmək kitabçasının, əmrin surətlərindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən etibarən müxtəlif yerlərdə işləmiş, sonuncu iş yeri LPO Cavabdeh ASC-dir. İddiaçı xx.xx.2006-cı il tarixdə bankın marketinq şöbəsində mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamış, sonrakı dövrlərdə eyni qurumda müxtəlif vəzifələrə keçirilmişdir . LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 03 iyul 2023cü il tarixli 28/K saylı əmrinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən LPO Cavabdeh ASC-nin ümumi şöbəsinin arxivariusu vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinə əsas işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı onunla bağlanmış olan əmək müqaviləsinə xitam verildikdən sonra müxtəlif qurumlara müraciət etmiş və məsələnin araşdırılmasını xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 15 yanvar və 02 fevral 2024-cü il tarixli cavab məktubları daxil olmuşdur. Məktublarda məsələyə münasibət bildirilməsi ilə əlaqədar tərəflərindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edildiyi, lakin həmin qurum tərəfindən müvafiq sənədlərin hələ də təqdim edilmədiyi, sənədlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim ediləcəyi təqdirdə İddiaçı müraciətinə yenidən baxılacağı bildirilmiş və müraciətdə qeyd edilən məsələlərlə əlaqədar İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/10-00178 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, mediasiya sessiyasının keçirilməsi xx.xx.2024-cü tarixə, saat 15:00-a təyin edilmiş, lakin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi mediasiya prosesinin davam etdirilməsi barədə razılıq verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. - 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda - şəhid ailəsinin üzvlərinə; - müharibə iştirakçılarına; - əsgər və zabitlərin arvadına (ərinə); - öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; - kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə işdə saxlanmasına üstünlük verir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İlkin olaraq qeyd edilməlidir ki, yuxarıda sadalanmış olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC ilə əmək müqaviləsi bağlayaraq 2006-cı il tarixdən etibarən həmin qurumda işə başlamışdır. İddiaçı işlədiyi dövrdə LPO Cavabdeh ASC-nin müxtəlif şöbələrində əksər hallarda rəhbər vəzifələrə təyin edilmiş və uzun müddət işlədiyi qurumda 03 iyul 2023-cü il tarixdə işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsinə əsas kimi bankda işçilərin sayının azaldılması ilə əlaqədar qərarın qəbul edilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasları əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin əsaslara əmək müqaviləsinin işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi də aiddir. Lakin nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi təkcə müqavilənin ləğv edilməsi əsaslarını deyil, həm də əmək müqaviləsinin ləğv edilmə qaydasını da təsbit etmiş və bu qaydalar Məcəllənin müxtəlif maddələrində öz əksini tapmışdır. Hazırki işdə müqavilənin ləğv edilməsi üçün əsas işçilərin sayı və ya ştatlarının ixtisarı ilə əlaqədar olduğundan, qanunvericilik müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmalı olmasını müəyyən etmiş, habelə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməli olmasını da birmənalı şəkildə qeyd etmişdir. İşçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməli olmasının qeyd edilməsinə baxmayaraq, iddiaçıya münasibətdə bu qaydaya riayət edilməmiş və sonuncuya yalnız xəbərdarlıq müddəti tanınmaqla, tanınmış müddət başa çatdıqda onunla bağlanmış olan müqavilə ləğv edilmişdir. Halbuki, qanunvericiliklə işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsinin konkret tənzimləmə mexanizminin olmaması, işəgötürənin hər hansı bir əsas gətirmədən əsassız olaraq işçi ilə bağlanmış olan əmək müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, peşəkarlıq səviyyəsi eyni olduğu halda qanunvericilik imperativ qaydada müəyyən kateqoriya işçilərin işdə saxlanmalı olmasını da təsbit etmiş və bu kateqoriyaya şəhid ailəsinin üzvləri olan işçilər də aid edilir. Belə ki, normanın məzmunundan görünür ki, normada müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması və işəgötürənin işçilərin sayı ixtisara düşdükdə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriya şəxslərin isdə saxlanmasına üstünlük verməsini təsbit etmişdir. İddiaçının qardaşının vətən uğrunda həlak olması və bununla da iddiaçının şəhid ailəsi üzvü olmasına baxmayaraq, işçilərin sayının azaldılması əsası ilə əmək müqavilələri ləğv edilərkən, bu məqamlara işəgötürən tərəfindən diqqət yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə işin araşdırılmış halları üzrə bu nəticəyə gəlir ki, işəgötürən iddiaçı ilə bağlanmış olan əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi üzrə ləğv etmiş olsa da, müqaviləni ləğv edərkən riayət etməli olduğu qaydalara əməl etmədiyindən, yəni işçilərin sayının azaldılmasına dair qərar qəbul edərkən müəyyən vəzifələr üzrə daha yüksək peşəkarlıq səviyyəsinə malik olan işçilərin saxlanması zamanı işçinin peşəkarlıq səviyyəsini hansı əsaslar üzrə müəyyən etməsinə dair əsaslı sübut təqdim etmədiyindən, peşəkarlıq səviyyəsi eyni olduğu halda belə iddiaçının şəhid ailəsi üzvü olmasına baxmayaraq, işdə saxlanmalı olan işçi kateqoriyasina aid olmasına diqqət yetirmədiyindən, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yol vermişdir. Bütün yuxarıda sadalanmış hallar isə iddianın əsaslı olmasına və iddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə əsassız olaraq xitam verilməsinə dəlalət edir. Bununla da məhkəmənin qənaətinə görə işçi ilə bağlanmış olan əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi sonuncunun hüquqlarının pozulması ilə nəticələnidiyindən, iddia təmin edilərək, iddiaçı əsassız olaraq azad edildiyi işinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir aylıq müddətin öütürlməsinə dair cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin dəlilin əsassız olması işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəf qanunla müəyyən edilmiş müddətin ötürülməsinə istinad etmiş olsa da, göründüyü kimi, iddiaçı onunla bağlanmış olan əmək müqaviləsi ləğv edildikdən sonra müxtəlif qurumlara müraciət etmiş və etmiş olduğu müraciətlər nəticə vermədikdən sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla da, məhkəmənin qənaətinə görə iddiaçının əvvəlki işinə bərpa olunmaq üçün bir sıra tədbirlər görməsi və müsbət nəticə əldə etməməsi səbəbilə sonda məhkəməyə müraciət etməsi qanunla müəyyən edilmiş müddəti ötürməsi kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə nəticəyə gəlməklə yanaşı sonuncuya məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi məsələsinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçının digər tələbi də məcburi iş buraxma müddəti üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Qərarın davamında qeyd edilmişdir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Göründüyü kimi, hazırki mübahisə məhz işəgötürənin təqsiri üzündən yaranmışdır. Belə ki, iddiaçı işəgötürənlə bağlanmnış olan əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi səbəbilə uzun müddət işsiz qalmış və əmək haqqından məhrum olmuşdur. Bununla da, iddiaçı nəinki məcburi iş buraxma dövrü üçün məhrum olduğu əmək haqqını, eləcə də hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 iyul 2023-cü il tarixli 28/K saylı əmr ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona 03 iyul 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 iyul 2023-cü il tarixli 28/K saylı əmr ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. İddiaçı 03 iyul 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar