Məhkəmə qərarları › İş №2(006)-3340/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3340/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3340/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X4 Zahid oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və evin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və evin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2015-ci ildə almaq üçün 150000 manat məbləğində pulu razılaşmalarına əsasən hissə-hissə Cavabdeh1 vermişdir. Qeyd edilən evin hüquq müəyyənedici sənədləri olmadığına görə notarial qaydada rəsmi alqı-satqı etmək mümkün olmamışdır. Artıq uzun müddətdir ki, iddiaçı evin pulunu ödəsə də, Cavabdeh1 evi iddiaçıya təhvil vermir. Cavabdeh iddiaçının evdən çıxma ilə əlaqədar tələbini nəzərə almır və müxtəlif bəhanələrlə evi iddiaçıya təhvil verməkdən imtina edir. Cavabdeh1 həmin evdə yaşamağa davam edir. Eyni zamanda Cavabdeh1 həmin evə görə əlavə olaraq 46000 manat pul tələb edir. Hal-hazırda iddiaçının həmin evə ehtiyacı vardır. İddiaçı cavabdehə özünə məxsus olan evin boşaldılaraq ona təhvil verməsi və evdən çıxması barədə dəfələrlə xəbərdarlıq etmişdir. Lakin cavabdeh iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək həmin evdən çıxmır. Cavabdehin iddiaçıya məxsus evdən qanunsuz olaraq çıxmaması və istifadə etməsi mülkiyyətçi kimi iddiaçının qanuni mənafelərinə toxunur. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalıb özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi və həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, onunla birgə yaşayan azyaşlı övladı xx.xx.20219-cu il təvəllüdlü X1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi qəbul edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi qəbul edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış barışıq sazişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək mülki iş üzrə Cavabdeh1 48000 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür və bu sazişlə müəyyən olunmuş 48000 manat məbləğində pul vəsaiti tam ödənildiyi təqdirdə Cavabdeh1 pul vəsaiti ona ödənildikdən sonra 15 gün ərzində mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürür. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq müəyyənedici sənədləri mövcud deyildir. Cavabdehlər sözgedən evdə yaşamaqla, həmin evin alqı-satqısı üçün iddiaçı ilə şifahi razılaşmışlar. Həmin razılığa əsasən iddiaçı tərəfindən evin dəyəri ödənilməli və cavabdehlər də həmin evdən çıxmalıdırlar. Nəticədə iddiaçı həmin şifahi razılaşmadan irəli gələrək və aralarında barışıq sazişi bağlayaraq evin dəyərini ödəmişdir. Buna görə də cavabdehlərin evdən çıxarılmasını və evin ona təhvil verilməsini xahiş etmişdir. Cavabdehlər də öz növbəsində ödənişi aldıqlarını, hazırda həmin evdən çıxdıqlarını, başqa evə köçdüklərini, iddianı qəbul etdiklərini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.8ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olsa da, tərəflər arasında evin dəyərinin ödənilməsi və həmin evdən çıxmaları barədə şifahi razılaşma olmuşdur. Nəticədə həmin şifahi razılaşma icra olunduğundan və cavabdehlər iddianı qəbul etdiyindən onların evdən çıxması ilə bağlı iddia tələbi təmin edilməlidir. Lakin fərdi yaşayış evi özbaşına tikili olduğundan həmin evin iddiaçının mülkiyyətinə verilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, onunla birgə yaşayan azyaşlı övladı xx.xx.20219-cu il təvəllüdlü X2 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 onunla birgə yaşayan azyaşlı övladı xx.xx.20219-cu il təvəllüdlü X2 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar