Məhkəmə qərarları › İş №2(006)-335/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-335/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-335/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 evin 55 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısıdır. Digər Cavabdeh2 isə bacısı oğludur. O, ünvan 1 evin 55 saylı mənzilində doğulmuşdur və anası vəfat edənə qədər bu ünvanda yaşamışdır. Lakin anası vəfat etdikdən sonra bacısı onu əsassız şəkildə evdən məcburi şəkildə çıxartdırmışdır. Belə ki, onun ünvan 1 evin 55 saylı ünvanda qeydiyyatı vardır. Cavabdehin isə həmin evə ehtiyacı yoxdur. Cavabdehin şəxsi mənzili vardır. Qeyd edilən yaşayış evi onun daimi yaşayış yeri olmaqla, onun da həmin evdən istifadə hüququ olmuşdur. Lakin cavabdehlər ona artıq bir neçə vaxtdır ki, evdən qovmuş, mənzilə daxil olmağa icazə vermir. O, məcbur olub evdən çıxıb küçələrdə qalmışdır. O, maddi və mənəvi əziyyət çəkir. O, çox çıxılmaz vəziyyətdədir. Cavabdeh isə onu yaşadığı evə buraxmır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1972ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 23 saylı MKİS tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 12 saylı arayışla təsdiq olunur ki, ünvan 1 evin 55 saylı mənzili İcra Hakimiyyətinin balansında olmaqla, özəlləşdirilməmişdir. Mənzilin icarədarı iddiaçının anası, mərhum Şərqiyyə Şahbazova olmuşdur. Mənzil 3 otaqdan ibarət olmaqla, hal hazırda mənzildə 3 nəfər qeydiyyatdadır (iddiaçı və cavabdehlər). Mənzilin icarədarı Şərqiyyə Şahbazova 13.04.2019-cu il tarixdə vəfat etmişdir. Həmin mənzildə hal-hazırda həmin evin 32 saylı mənzilində qeydiyyatda olan icarədarın qızı X1, kürəkəni X2 və 55 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2 yaşayırlar. İş materiallarına əlavə olunmuş 23 saylı MKTS tərəfindən verilmiş 2 saylı forma üzrə arayışdan göründüyü kimi, İddiaçı 15.08.1990-cı il tarixdən İcra Hakimiyyətinin balansında olan, mərhum anası Şərqiyyə Şahbazovanın icarədarı olduğu ünvan 1 evin 55 saylı mənzilinə qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı icarədarın oğlu olmaqla, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır, həmin mənzildən dövlət tərəfindən tanınan və qorunan istifadə hüququ vardır, lakin anası Şərqiyyə xanım vəfat edəndən sonra, cavabdehlər tərəfindən mənzildən çıxarılmışdır. İddiaçı mənzili öz xoşu ilə tərk etməmişdir, mənzili tərk etməyə məcbur edilmiş, mənzildən çıxarılmışdır (qovulmuşdur). Bununla da, iddiaçının mənzildən istifadə hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (əri), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcuddur, həmin hüququ itirməmişdir və istifadə hüququ olan mənzilə köçürülməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 evin 55 saylı mənzilinə köçürülməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 evin 55 saylı mənzilinə köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar