Məhkəmə qərarları › İş №2(006)-3371/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3371/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3371/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.056 manat əsas borc, 500 manat hüquqi yardım xərci və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MTK Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cavabdeh ilə "xxxx" MTK arasında 160 saylı mənzilin alğı-satqısına dair xx.xx.2004-cü il tarixli 176/A-10 saylı müqavilə bağlanmışdır və Bakı şəhəri Xətai prospekti 38 ünvandakı binada yerləşən 160 saylı mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməli; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun ambardan nasoslar vasitəsi ilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh mülkiyyətçisi olduğu mənzilin ümumi sahəsi 176 m2-dir. Mənzilin hər m2-na görə 0,30 manat müəyyən edilmişdir ki, bu da aylıq 176 m2 x 0,30 manat = 52,80 manat təşkil edir. Beləliklə, həmin mənzilə göstərilən kommunal xidmətlərə görə aşağıdakı qaydada xidmət haqqı hesablanmışdır: xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək, 20 ay x 52,80 manat = 1.056 manat. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bu günədək olan kommunal borcunu ödəməmişdir. Sonuncu dəfə cavabdehlə telefon əlaqəsi saxlanılarkən məhkəməyə müraciət etmələrini təklif etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli 176/A-10 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 160 saylı mənzil Cavabdeh adına alğı-satqı edilmişdir. Cavabdeh ünvan 3 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq yuxarıda qeyd olunan mənzildə yaşayır. "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış 01 may 2008-ci il tarixli, 01 may 2012-ci il tarixli və 01 may 2017-ci il tarixli müqavilələrə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməli; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun ambardan nasoslar vasitəsi ilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh mülkiyyətində olan mənzilin ümumi sahəsi 176 m2-dir. Cavabdeh kommunal xərclər üzrə borcu xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək 120 ay üzrə 1.056 manat təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər m2 üçün 0,30 manat olmaqla (176 m2 x 0,30 manat = 52,80 manat; 52,80 manat x 20 ay = 1.056 manat) hesablanmışdır. İddiaçı MMC Cavabdeh müraciət edərək, borc məbləği yarandığını qeyd etmiş, həmin borcun ödənilməsini tələb etmiş, əks təqdirdə qanunla müəyyən edilmiş tədbirlərin görüləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Lakin cavabdeh yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.2.1, 136.2.2-ci maddələrinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil Məcəlləsinin 137.8-137.10-cu maddələrinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh müvafiq ödənişləri vaxtaşırı olaraq ödəməli olduğu halda, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçının iddia tələbi kommunal xərcin ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Lakin iddia hüquqi yardım xərcinin cavabdehdən tutulmasına dair hissədə əsaslı deyil. Belə ki, hüquqi yardıma görə tələb edilən pul məbləğinin ödənilməsini təsdiq edən qəbz, ödəniş tapşırığı təqdim edilməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.056 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.056 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar