Məhkəmə qərarları › İş №2(006)-3373/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3373/2021

19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3373/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA qızının, onun nümayəndəsi CCC oğlunun və cavabdeh BBB oğlunun iştirakları ilə İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA qızı cavabdeh BBB oğluna qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA qızı cavabdeh BBB oğlu ilə 02.07.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan tərəflərin 23.05.2012-ci il təvəllüdlü X12 və 27.01.2014-cü il təvəllüdlü X11 adlı iki övladı anadan olmuşdur. El adətinə uyğun olaraq toyları olmuşdur və iddiaçı cavabdehin faktiki yaşadığı ünvana gəlin köçmüşdür, cehiz əşyaları da həmin mənzildə yerləşdirilmişdir. Suraxanı Rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 02.07.2011-ci il tarixli nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı məcbur olub cehiz əşyalarını atasının evinə gətirmişdir. Hal-hazırda iddiaçı valideynlərinin himayəsində darısqal bir evdə yaşayır. Uşaqları məktəbli olduğu üçün dərslərə hazırlaşmaları, sağlamlıqlarının qurunması və normal bir vətəndaş kimi böyümələri bu darısqal mənzildə yaşamaqla qeyri-mümkündür. Ona görə də, azyaşlı uşaqlarının normal şəraitdə yaşayıb böyümələri üçün cavabdehin qeydiyyatda olduğu yuxarıda qeyd olunan mənzilə köçürülməsi və pasport qeydiyyatına alınmalarına zərurət yaranmışdır. Beləliklə cavabdeh tərəfindən öz azyaşlı uşaqlarının hüquqları kobud şəkildə pozulur. İddiaçı cavabdehin yaşadığı evə uşaqları ilə birlikdə köçə və qeydiyyata düşə bilmir. Cavabdehin Bakı şəhərində özünün və başqa şəxslərin adına bir-neçə məzili olduğu halda iddiaçı bu mənzillərin birinə köçərək pasport qeydiyyatına düşə bilmir. Axı cavabdeh uşaqların atasıdır. Azərbaycan Respublikasının qanunları ilə təsbit olunmuş vəzifələri bir ata kimi yerinə yetirməyə borclu olmalıdır. Hal-hazırda iddiaçı heç yerdə işləmir. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh uşaqlarla əlaqədar üzərinə qanunla qoyulan vəzifələri yerinə yetirmir. Bütün qeyd olunan vəzifələrin yerinə yetirilməsi uşaqların normal mənzil şəraitində yaşamalarının təmin olunmasından birmənalı olaraq asılıdır. Göstərilənlərə əsasən iddiaçının azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus ünvan 2 ünvandakı mənzilə istifadə hüquqlarının tanınması, mənzilə köçürülmələri, mənzilə pasport qeydiyyatına alınmaqları və mənzildən istifadə qaydasının müəyyən edilməs barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA qızı və onun nümayəndəsi CCC oğlu iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh BBB oğlu iddia tələbinə etiraz edərək bildirdi ki, sözügedən yaşayış evi onun mülkiyyətində deyildir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 19.11.2019-cu il tarixdə verilmiş AZ-İ № 338462 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, AAA qızı ilə BBB oğlu arasında bağlanmış nikah 19.11.2019-cu il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 442 nömrə ilə qeyd edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 27.07.2012-ci il tarixdə verilmiş AZ-İİ № 929706 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 33 may 2012-ci ildə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası AAA qızıdır. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 27.02.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 257165 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 27 yanvar 2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası AAA qızıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********82-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X3, X8, X2, X7, X4, X10, X1, X5 və X6 paylı mülkiyyətindədir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi tərəflər 02.07.2011-ci ildə ailə qurmuşlar, 19.02.2018-ci il tarixdə isə nikahları pozulmuşdur. Tərəflər nikah vaxtı bir müddət mübahisəli yaşayış evində yaşamışlar. Sözügedən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehə məxsus olmamaqla, ev onun qohumlarının paylı mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehin mülkiyyətdə olmayan yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə istifadə hüququnun tanınmasını, köçürülməsini, pasport qeydiyyatına düşməsini və istifadə qaydalarının müəyyən edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. Deməli, göstərilən mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin qeyd olunan normalarının və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının mənasından göründüyü kimi, hüquq normaları yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında olan istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyir. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi isə cavabdeh BBB oğlunun mülkiyyətində deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh BBB oğlunun mülkiyyətində olmadığından, iddiaçı AAA qızının qeyd olunan yaşayış sahəsinə istifadə hüququ tanınması üçün qanuni əsas yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının istifadə hüququnun tanınmasına dair tələb qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın digər hissəsinə də hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia bu hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair iddia tələbi təmin edilməməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar