Məhkəmə qərarları › İş №2(006)-3379/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3379/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3379/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X6 və X2 (yekun məhkəmə iclasına gəlməmişdir) iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsna (X11, X6 və X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçinin tələbi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək 16 mart 1995-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək 16 mart 1995-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: ünvan ünvanında yerləşən torpaq sahəsi, mərhum əri X8 mülkiyyətində olmuşdur. X12 ilə xx.xx.1980-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarndan, xx.xx.1975ci il təvəllüdlü X3, xx.xx.1975-ci il təvəllüdlü X11, xx.xx.1986-cı il təvəllüdlü X14 adlı övladları anadan olmuşdur. Lakin mərhum X12 16 mart 1995-ci il tarixdə ürək və ağciyər çatışmazlığından vəfat etmişdir. Nərimanov rayonu VVAQ tərəfindən 16 mart 1995-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. O, mərhumun qanun üzrə birinci növbəli vərəsəsidir. Hüquqi cəhətdən özündə məlumatsız olduğundan belə bir hüququnun mövcud olmasından xəbərsiz olmuşdur. Eyni zamanda səhhətində olan ciddi porblemlərə görə vərəsəlik hüququ ilə bağlı zamanında müraciət etmək imkanı olmamışdır. Lakin qanun üzrə vərəsə kimi faktiki olaraq mirası qəbul etmişdir. 06 iyun 2024-cü il tarixində ərizə ilə Bakı Şəhəri 51 saylı Notariat ofisinə müraciət notariat ofisinə müraciət edərək, X4 qalmış miras əmlakı üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri, 51 saylı Notariat ofisin xüsusi notariusu tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Buna görə müddətin uzadılması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, ona yeni məlum olmuşdur ki, mərhum X12 1992-ci ildə ünvan almışdır. Belə ki, bu yaxınlarda 2 nəfər əmlak vasitəçisi (makler) onunla əlaqə saxlayaraq, həmin torpaq sahəsinin mövcud olması barədə məlumat vermiş, torpağın satılması ilə bağlı ondan icazə istəmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti əsasında verilmiş xx.xx.2024-cü il tarixli məktubda da bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 1374 nömrəli sərəncamının idarənin arxivində saxlanılan nüsxəsində X8 adı göstərilmişdir. Torpaq sahəsini adına keçirmək üçün iyun ayında Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir. Oradan bildirilmişdir ki, vərəsəlik işinin açılması ilə bağlı notariusa müraciət olunmalıdır. Həmin bağ sahəsində heç kim yaşamamışdır. Kommunal xərclərini ödəyən olmamışdır. X11, X6 və X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahat verərək atasından bağ sahəsinin qaldığını, həmin bağ sahəsinin anasının adına rəsmiləşdirilə bilməsi üçün ərizənin təmin olunmasına etiraz etmədiyini bildimişdir. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahat verərək atasından miras 1 ev qalmışdır. 1998-ci ildən 2018-ci ilə qədər həmin evdə yaşamışlar. Notariusa müraciət edərək evdən imtina ediblər və ev anası Ərizəçi adına keçmişdir. Mübahisə yoxdur. Torpağın müəyyənləşdirilərək anasının adına keçirilməsini istəyir. Buna görə də ərizəyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ərizənin təmin olunmasına etiraz etmədiyini bildimişdir. Maraqlı şəxs 51 saylı Notariat Ofisi, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İİ-JQ seriyalı 341977 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 ilə Ərizəçi arasında olan nikah xx.xx.1980-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra kişiyə “Hacıyev” qadına “Alıyeva” soyadı verilmişdir. Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin İİİ-JQ seriyalı 484483 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 ilə Ərizəçi birgə nikahından xx.xx.1975-ci il təvəlldlü X9 doğulmuşdur. Ata qrafasında X12 və ana qrafasında Ərizəçi qeyd edilmişdir. Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin İİİ-JQ seriyalı 484482 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 ilə Ərizəçi birgə nikahından xx.xx.1975-ci il təvəlldlü X11 doğulmuşdur. Ata qrafasında X12 və ana qrafasında Ərizəçi qeyd edilmişdir. Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin Xİ-JQ seriyalı 454334 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 ilə Ərizəçi birgə nikahından xx.xx.1986-cı il təvəlldlü X10 doğulmuşdur. Ata qrafasında X12 və ana qrafasında Ərizəçi qeyd edilmişdir. İ-JQ seriyalı 472493 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ürək-ağciyər çatışmazlığından vəfat etmişdir. Nərimanov Rayon VVAQ Şöbəsinin İİ-JQ seriyalı 472493 saylı, 16 mart 1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 xx.xx.1995-ci il tarixdə ürək və ağ ciyər catışmamazlığı səbəbindən ölmüşdür. Bakı 51 saylı Notariat Ofisinin 06 iyun 2024-cü il tarixli, G-1327 nömrəli qərarından görünür ki, Ərizəçi Bakı şəhəri 51 saylı notariat ofisinə 16 mart 1995-ci il tarixdə vəfat etmiş əri X4 qalmış mirası qəbul etməyi və ünvan ünvanda yerləşən torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 06 iyun 2024-cü il tarixdə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, notariat ofisinə mirası faktik qəbul və ona sahiblik etməsi barədə sübutları, həmçinin miras əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, maraqlı tərəflərə həmin qərarın nüsxələri verilmiş və həmin qərardan on gün müddətinə məhkəməyə şikayət vermək hüququ tərəflərə izah edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, mərhum X8 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 241 saylı bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 1374 nömrəli sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində X8 adı göstərilmişdir (Ləhiş BTK № 241), lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. E-xidmet.justice.gov.az internet portalından əldə edilmiş məlumata əsasən, xx.xx.1995-ci il tarixdə ölmüş X8 miras əmlakı ilə bağlı vərəsəlik işi aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayonu MKTB-nin 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 35/268 saylı arayışına əsasən, X12 xx.xx.1995-ci ildə vəfat edib, vəfat edən günə qədər ailə üzvləri olan həyat yoldaşı Ərizəçi, qızı X6, qızı X3 və X11 ilə birlikdə yaşayıb və qeydiyyatda olub. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-5443/2024 saylı məktubuna əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirələrkən X8 xx.xx.1975-ci ildə Qazax rayonunun Köçvəlli icra nümayəndəliyində Ərizəçi ilə nikaha daxil olduğu və bu nikah pozulmadan tərəflərin xx.xx.1980-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində təkrar nikah bağladığı müəyyən edilmişdir. X1 və Ərizəçi olan xx.xx.1975-ci il təvəllüdlü Sevda Hacızadənin və Sevinc Hacıyevanın, xx.xx.1983-cü və xx.xx.1986-cı il təvəllüdlü Elvin Hacıyevlərin, habelə xx.xx.1986-cı il təvəllüdlü Nərmin Hacızadənin doğumu Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Araşdırma zamanı xx.xx.1990-cı ildə vəfat etmiş xx.xx.1986-cı il təvəllüdlü Elvin Hacıyevin ölümünün xx.xx.1990-cı ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Həmçinin qeyd edirik ki, informasiya sistemində M.Hacıyevin doğumu haqqında akt qeydi aşkar edilmədiyindən onun valideynlərinin adını, soyadını, ata adını və doğum tarixini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərlə yanaşı bildirilir ki, "Elektron notariat" informasiya sistemində və Dövlət notariat arxivində aparılmış araşdırma nəticəsində miras qoyan M.Hacıyevin adına vərəsəlik işinin açılması, o cümlədən mərhum tərəfindən notariat ofislərində vəsiyyətnamə rəsmiləşdirilməsi faktı aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, Ərizəçi mərhum X8 arvadıdır. X12 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbə vərəsələri -arvadı Ərizəçi, övladları- X11, X6 və X3 qalmışdır. Vərəsələrdən Ərizəçi qeyd edilən miras əmlakla bağlı 2024-cü ildə ərizə ilə notariat ofisinə müraciət edərək, mirasın qəbul edilməsinə dair fikrini ifadə etmişdir. Bakı Şəhəri 51 saylı Notariat Ofisi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli G-1327 nömrəli qərarla mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsi, habelə mirası faktiki qəbul və ona sahiblik etməsi barədə sübutları təqdim etməməsi əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi hazırki məhkəmə mübahisəsində ərindən miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və mirası qəbul etmək üçün müəyyən edilmiş müddəti ötürdüyünə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü hesab edilərək, həmin müddətin uzadılması tələbini irəli sürür. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində, yəni, ərinin vəfat etdiyi xx.xx.1995-ci il tarixdə ərindən miras qalmış torpaq sahəsinin mövcudluğundan məlumatının olmaması, yalnız ona əmlak vasitəçiləri (maklerlər) tərəfindən sözügedən əmlakla bağlı müraciət olunduqdan sonra belə bir əmlakın olmasından xəbərdar olması, bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti əsasında verilmiş xx.xx.2024-cü il tarixli məktubda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 1374 nömrəli sərəncamının idarənin arxivində saxlanılan nüsxəsində X8 adının göstərildiyini bildiyindən, vərəsəliyi rəsmiləşdirmək üçün notariat orqanına müraciət etmək üçün hazırkı məqamda zərurət olduğunu bildirərək, qeyd edilənlərin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsində üzrlü hal kimi nəzərə alınmasını xahiş edir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Ərizəçi miras qoyan X8 arvadı olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq miras qoyanın birinci növbə vərəsəsi kimi mirasdan pay almaq hüququ vardır. Mirası qəbul etmə müddətinə münasibətdə məhkəmə qeyd edir ki, bu müddət hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qərarına əsasən belə nəticəyə gəlir ki, ərizəçinin ərinin ölümündən sonra miras əmlakın mövcudluğu barədə məlumatının olmaması, bu barədə yalnız 2024-cü ildə xəbərdar olması, bundan sonra notariat kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin ötürülməsi əsası ilə vərəsəlik işinin notarial qaydada sənədləşdirilməsinin mümkün olmaması onun məhkəmə müdafiəsi hüququndan istifadə etməklə pozulmuş hüququnun bərpasını aradan qaldırmır. Çünki ərizəçi ərindən miras qalmış əmlaka münasibətdə mirasın qəbul edilməsi müddətini üzürlü olaraq ötürmüşdür. Əks yanaşma mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Hazırki iş üzrə vərəsənin notariat orqanına qanunla müəyyənləşdirilmiş müddətlərdə müraciət edə bilməməsinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçının istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmaması, iddiaçının mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1995-ci il tarixdə vəfat etmiş X4 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin geckdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1995-ci il tarixdə vəfat etmiş X4 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin geckdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar