Məhkəmə qərarları › İş №2(006)-3406/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3406/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3406/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb edilməklə cavabdehlər «xxxx» Bank Olmayan Kredit X1 Cəmiyyətinə və Cavabdeh2nə qarşı «cavabdehlərin üzərinə müəyyən öhdəlik qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb edilməklə cavabdehlər «xxxx» Bank Olmayan Kredit X1 Cəmiyyətinə və Cavabdeh2nə qarşı «cavabdehlərin üzərinə müəyyən öhdəlik qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 20.05.2014-cü il tarixli, SUMG1-8377- 5221 saylı kredit müqaviləsinə əsasən cavabdeh BOKT tərəfindən ona illik 18 faiz hesablanmaqla, 84 ay müddətinə 37000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil «xxxx» BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit ödəmələrində gecikməyə yol verdiyindən cavabdeh tərəfindən məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 07.08.2018-ci il tarixli, 2(105)-3085/2018 saylı qətnaməsinə əsasən iddiaçıdan "xxxx» BOKT MMC-nin xeyrinə kredit borcunun tutulması və tutmanın qeyd olunmuş ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. Qətnamənin icra mərhələsində cavabdeh BOKT-la aralarında razılıq əldə olunmuş, iddiaçı tərəfindən qətnamə ilə qət olunmuş borc bağlanmış, icra vərəqəsi icra olunmadan məhkəməyə geri qaytarılmış və hətta cavbadeh BOKT tərəfindən iddiaçıya heç bir kredit öhdəliyinin olmaması barədə arayış da verilmişdir. Cavabdeh qarşısında olan bütün kredit öhədliyini icra etməsinə baxmayaraq Mərkəzləşdirilmiş Kredit Reyestrindən sorğu ilə əldə etdiyi çıxarışdan aşkar olunmuşdur ki, Reyestrdə iddiaçının adına hələ də aktiv kredit öhdəliyi qalır. Məsələni araşdırdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, Reyestrdə aktiv öhdəliyin qalmasının səbəbi cavabdeh tərəfindən «xxxx» BOKT MMC tərəfindən bu barədə zəruri məlumtaların Cavabdeh2na təqdim olunmamasıdır. Halbuki, «Kredit Büroları haqqında» 28.10.2016-cı il tarixli, 384-VQ saylı Qanunun 12.1-ci bəndinə əsasən kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. Hal-hazırda kredit tarixçilərini təşkil edən məlumatların toplanması və saxlanması funksiyası Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən kredit tarixçəsində olan akti öhdəliyin silinməsi ilə bağlı cavabdeh BOKT-a yazılı müraciət olunsa da, müraciətinə ümumi formada məsələyə aid olmayan, şablon cavab yazılmış, əvəzində iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuş, bir sözlə problemin həll olunmadan qalmışdır. Kredit tarixçəsinin yenilənməməsi iddiaçının həm də mülki hüquqlarından istifadə etməsinə maneə yaradır. Belə ki, həmin səbəbdən o, digər kredit təşkilatlarından kredit götürə bilmir. Bu da həm maddi zərərlə, həm də itirilmiş qazancla nəticələnir. Göstərilənlərə əsasən məlumat təchizatçısı olan «xxxx» BOKT MMC tərəfindən iddiaçının aktiv kredit öhdəliyinin olmaması barədə məlumatların digər Cavabdeh2 MMC-yə göndərilməsi vəzifəsinin «xxxx» BOKT MMC-nin üzərinə qoyulması, məlumatlar göndərildikdən sonra məlumatların Cavabdeh2 MMC tərəfindən İddiaçı adına açılmış tarixçəyə qeyd edilməsi vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun bank qarşısında heç bir mövcud öhdəliyi yoxdur və bununla bağlı bankdan borcun olmaması barədə arayış belə almışdır. Odur ki, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər «xxxx» BOKT MMC-nin, Cavabdeh2 MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi X2 öz məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, məhkəmənin qüvvəyə minmiş qərarı olduqda və ya digər hallarda müvafiq düzəlişlərin edilməsi vəzifəsi məlumat təchizatçısının («xxxx» BOKT MMC) üzərinə düşür. Göstərilənləri, habelə Büronun borc münasibətlərində tərəf kimi çıxış etmədiyini nəzərə alaraq Büronun birgə sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» BOKT MMC tərəfindən İddiaçı ünvanlanmış 29.08.2018-ci il tarixli məktubundan görünür ki, «xxxx» BOKT MMC ilə İddiaçı arasında imzalanmış 20.05.2014-cü il tarixli SUMG1-8377-5221 saylı kredit müqaviləsinə əsasən illia 18 faizlə, 84 ay müddətinə 37.000 ABŞ dollar məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün onun «xxxx» BOKT MMC qarşısında borcu yaranmışdır. «xxxx» BOKT MMC bildirir ki, 20.05.2014-cü il tarixli SUMG1-8377-5221 saylı kredit müqaviləsiinə və onun əsasında bağlanmış SUMG1-8377-5221 saylı Razılaşma üzrə qalıq borcla bağlı heç bir iddia və tələb yoxdur və gələcəkdə də irəli sürülməyəcəkdir. İş materiallarında olan «xxxx» BOKT MMC tərəfindən İddiaçı ünvanlanmış 29.08.2018-ci il tarixli məktubundan görünür ki, «xxxx» BOKT MMC ilə İddiaçı arasında imzalanmış 20.05.2014-cü il tarixli SUMG1-8377-5221 saylı kredit müqaviləsinə əsasən illia 18 faizlə, 84 ay müddətinə 37.000 ABŞ dollar məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün onun «xxxx» BOKT MMC qarşısında borcu yaranmışdır. Hal-hazırda mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə «xxxx» BOKT MMC aşağıdakı təklifi irəli sürmüşdür. Təklifə əsasən borcalan 29.08.2018-ci il trixədək mövcud borcunun 25.000 ABŞ dolları məbləğində olan hissəsini ödəməyi öz öhdəsinə götürür. «xxxx» BOKT MMC müəyyən olunmuş borc məbləği yuxarıda qeyd olunan müddətdə və qaydada ödənildikdən sonra qeyd olunan kredit müqaviləsinin təminatı olan mənzili «xxxx» BOKT MMC tərəfindən ipoteka hüququ ilə yüklülüyündən azad edir və yerdə qalan borcla bağlı heç bir iddia tələbi irəli sürmür. Lakin, yuxarıda müəyyən edilmiş şərtlər borcalan tərəfindən pozulduğu halda, bu təklif qüvvədən düşmüş hesab olunacaq. İş materiallarında olan «xxxx» BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə ünvanlanmış 27.09.2018-ci il tarixli məktubun surətindən görünür ki, təqdim edilmiş «xxxx» BOKT MMC («İpoteka saxlayan») ilə İddiaçı («İpoteka qoyan») arasında 20.05.2014-cü il tarixdə imzalanmış SUMG1-8377-5221+C********** saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən yuxarıda göstərilən şəxsə məxsus ünvan 1, 1 nömrəli mənzili ipoteka ilə yüklü edildiyi barədə müvafiq qeydiyyat aparılmasını xatırladaraq ipotekaya qoyulma barədə qeydiyyat ləğv etməsini, həmin mülkiyyətin azad şəkildə özgəninkiləşdirilməsinə icazə verilməsinin təmin edilməsini xahiş edirlər. İş üzrə tələbkar «xxxx» BOKT MMC tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, «xxxx» BOKT MMC-nin cavabdeh İddiaçı və X3 qarşı kredit borcu, faiz borcun və dəbbə borcunun qaytarılması tələbinə dair mülki iş üzrə tələbin Azərbaycan Respublikası «İcra Haqqanda» Qanunun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması və bütün məcburi icra tədbirlərin ləğv edilməsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə tələbkar «xxxx» BOKT MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə ünvanlanmış 14.09.2018-ci il tarixli ərizənin surətindən görünür ki, cavabdehlə iddiaçı arvsında borxun ödənilməsi ilə bağlı razılıq əldə olunduğuna görə 07.08.2018-ci il tarixli 2(105)-3085/2018 saylı qətnamənin icraya yönəldilməməsini xahiş edilmişdir. İş üzrə «xxxx» BOKT MMC tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanmış 24.07.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, İddiaçı ilə «xxxx» BOKT MMC arasında olan 20.05.2014-cü il tarixli SUMG-1-8377-5221 saylı kredit müqaviləsinə əsasən birinciyə 37.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 29.08.2018-ci il tarixdə «xxxx» BOKT MMC ilə İddiaçı arasında olan şifahi razılaşmaya əsasən İddiaçı «xxxx» BOKT MMC-yə 25.000 ABŞ dolları ödədikdən sonra qalan borcu istəmir və istəməyəcəkdir. İş üzrə «xxxx» BOKT MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 09.06.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, borcalan İddiaçı «xxxx» BOKT MMC tərəfindən 20.05.2014-cü il tarixdə SUMG-1-8377-5221 saylı müqavilə əsasında 37.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan şərti yerinə yetirdikdən sonra 29.08.2018-ci il tarixdə «xxxx» BOKT MMC-nin müştəriyə qarşı heç bir iddiasının olmaması və gələcəkdə da olmayacağı barədə rəsmi məktub təqdim edilmişdir. İş üzrə Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış 17.08.2020-ci il tarixli məktubdan görünür ki, Büronun bazasında kredit tarixçələri məlumat təchizatçılarının (bank, BOKT və s.) təqdim etdiyi məlumatlar əsasında formalaşır. Kredit müqaviləsi tərəfi olan hüquqi və fiziki şəxslər kredit əldə etdikdə, kredit borclarını ödədikdə, kredit borcu bitdikdə və s.hallarda məlumat təchizatçıları tərəfindən kredit tarixçəsindəki məlumatlar elektron qaydada yenilənir, dəyişdirilir və bağlanır. Büro bağlanmış kredit müqavilələri üzrə müqavilə tərəfi deyildir, yalnız məlumat təchizatçıları və məlumat istifadəçiləri arasında məlumat mübadiləsi həyata keçirir. Kredit hesabanının məlumatlarında yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqedici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilər. İş üzrə Cavabdeh2 MMC tərəfindən verilmiş kredit reyestrindən çıxarışla müəyyən olunmuşdur ki, İddiaçı 20.05.2014-cü il tarixli «xxxx» BOKT MMC ilə bağlanmış kredit müqaviləsi üzrə cəmi 12.703,41 ABŞ dolları ödənilməmiş qalmış borc öhdəliyi var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətləri mövcud olmuş və əldə edilmiş razılaşma əsasında iddiaçı tərəfindən kredit məbləğləri BOKT-a ödənilmiş, lakin bunun müqabilində BOKT kredit reyestr məlumatlarına dəyişiklik edilməsi barədə Cavabdeh2na müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məlumat təchizatçısı olan «xxxx» BOKT MMC tərəfindən İddiaçı aktiv kredit öhdəliyinin olmaması barədə məlumatların Cavabdeh2 MMC-yə göndərilməsi vəzifəsinin «xxxx» BOKT MMC-nin üzərinə qoyulmalı, məlumatlar göndərildikdən borcun olmaması barədə məlumatların Cavabdeh2 MMC tərəfindən İddiaçı adına açılmış tarixçəyə qeyd edilməsi vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Məlumat təchizatçısı olan «xxxx» BOKT MMC tərəfindən İddiaçı 20.05.2014-cü il tarixli SUMGİ-8377-5221 saylı kredit müqaviləsi üzrə aktiv kredit öhdəliyinin olmaması barədə məlumatların Cavabdeh2 MMC-yə göndərilməsi vəzifəsinin «xxxx» BOKT MMCnin üzərinə qoyulsun. Məlumatlar göndərildikdən sonra 20.05.2014-cü il tarixli SUMGİ-8377-5221 saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların Cavabdeh2 MMC tərəfindən İddiaçı adına açılmış tarixçəyə qeyd edilməsi vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar