Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3415/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh PHŞ-nin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1- 1367/2024 saylı əmrin ləğv edilməsi və İddiaçı işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci il tarixdə Azərbaycan Dövlət Neft və X4-texnologiya fakültəsini mühəndis-kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Təyinatla Sumqayıt Superfosfat zavodunun mərkəzi laboratoriyasında seksiya rəhbəri vəzifəsində çalışmışdır. 1982-1985-ci illər ərzində Azərbaycan Dövlət Neft və Kimya texnologiya fakültəsinin “Yüksəkmolekullu birləşmələri texnologiyası” ixtisası üzrə aspiranturada təhsil almışdır. 1988-ci ildə Moskva şəhərində “Gübrələr və insektofungisidlər üzrə X2”nda 05.17.01 – “Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1992-ci ildən “Yüksəkmolekullu birləşmələri texnologiyası Kafedrasında ”Qeyri üzvi maddələr və mineral gübrələrin texnologiyası” ixtisasına aid bakalavr və magistr hazırlığı üçün bütün fənlərin tədrisi, fənn proqramlarının hazırlanması, magistraturaya qəbul imtahanlarında biliyin qiymətləndirilməsində istifadə olunan test bankının tərtibində iştirak etmişdir. 2021-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının 100 illik yubileyi münasibəti ilə Təhsil Nazirliyinin “Yubiley medalı” (№202) ilə təltif edilmişdir. 145-dən artıq elmi işin, o cümlədən 13-ü müəlliflik şəhadətnaməsi və ixtiranın, 89 məqalənin, 35 tezis və konfrans materialının, 7 metodik dərs vəsaitinin, layihələrin, tövsiyələrin və s. müəllifidir. İddiaçı bildirir ki, Cavabdeh bütün əməkdaşlarla əmək müqaviləsini 2 aylıq bağlamağa başladı. İddiaçı ilə də əmək müqaviləsi xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 2 ay müddətinə bağlanmışdır. xx.xx.2024cü il tarixdə 3-29-50/3-1-1367/2024 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü ilin 01 aprel tarixindən müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq Universitetlə arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Qeyd olunanlar bir insanın ömrünü, həyatını elmə, təhsilə, işinə, sənətinə, tələbələrinə həsr etdiyinin sübutudur. Amma çox heyif ki, müəlliminə, aliminə, təhsil insanına dəyər verməyən insanlar var. İddiaçının əmək fəaliyyətinə qərəzli olaraq, qəsdən son verilmişdir. Son verilərkən isə qanunvericiliyin tələblərini nəzərə almadan kobud səhvliklə müqaviləyə xitam verilmişdir. Belə ki, sənədlərdən göründüyü kimi xx.xx.2024-cü ildə müqavilənin müddəti bitir. Həmin gün iş günü idi. “Nazirlər Kabinetinin 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il üçün 20, 21, 22, 23, 24 mart Novruz bayramı müəyyən edilmişdir. 2024-cü il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olmuşdur. Beləliklə, 2024-cü il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25, və 26-da daxil olmaqla iş olmamışdır. Lakin mart ayının 27, 28 və 29-u iş günləri olmağına baxmayaraq müqaviləyə onu rəsmi xəbərdar etmədən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda iddiaçı uzun illər həmin müəssisədə fəaliyyət göstərmişdir. Müqaviləsi müddətsiz olmalıdır. Əmək qanunvericiliyində müəyyən edilən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. İşçi və işəgötürən faktiki bərabər deyillər. Onların münasibətlərinin hakimiyyət-tabeçilik xüsusiyyətinə malik olması əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinin təmin edilməsini qeyri-mümkün edir. Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablaması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsi ilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci cavabdeh ödəmişdir. Mediator tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/12/2023-00146 nömrəli arayış verilmişdir. Cavabdeh PHŞ iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mart ayının 27-29 tarixlərinin iş günü olmasına baxmayaraq, ona rəsmi xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam edildiyini vurğulayır. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Qanunvericiliyin tələbinə görə, İddiaçı ilə əmək münasibətlərinə 7 gün ərzində xitam verilə bilərdi. 20-26 mart 2024-cü il tarixləri qeyri-iş günləri olduğundan və 27-29 mart tarixlərində iddiaçı ilə bağlı kafedrada və fakültə elmi-şurasında müvafiq rəsmi prosedurların keçirilməsi səbəbindən, onunla bağlanmış 77 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Yəni AR Əmək Məcəlləsinin tələbləri gözlənilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixli 401 saylı əmr ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə istinad edərək guya ki, bəzi tələblərin pozulmasını vurğulayır. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli əmr “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə deyil, AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul olunub və həmin məcəllənin 73-cü maddəsinə istinad edilib. Əsasnamə isə ali təhsil müəssisələrində müəllim vəzifəsinin tutulması üçün zəruri prosedurları tənzimləyir. İddiaçı iddia ərizəsində ADNSU-da keçirilmiş müsabiqə prosesini və nəticəni mübahisələndirmir, əmrin düzgün verilməməsini iddia edir. “Kimya və qeyriüzvi maddələrin texnologiyası” kafedrasının xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında namizədliyi irəli sürülmüş İddiaçı peşə-ixtisas hazırlığı dinlənilmiş, elmi-pedaqoji fəaliyyəti müzakirə edilmiş, sonda isə səsə qoyularaq müvafiq qərar qəbul edilmişdir. İddiaçı “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında 1 ştat dosent vəzifəsini tutmaq üçün fakültə elmi şurası qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İddiaçı müsabiqəyə buraxılmış, onun iddia etdiyi kimi, hər hansı maneələr törədilməmiş, hüquqları pozulmamışdır. Növbəti mərhələdə, kimyatexnologiya fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixdə baş tutmuş seçkidə İddiaçı iclasda iştirak edən 16 nəfərdən lehinə 5 səs verilmiş, əleyhinə 10 səs verilmiş, 1 səs etibarsız hesab edilmişdir. Bununla da İddiaçı müsabiqədə müvəffəqiyyət qazana bilməmişdir. İddiaçı mülahizədə müsabiqədən keçməmiş şəxslərin ən çoxu 1 il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə işlə təmin olunmalı olduğunu vurğulayır. Bu hal yalnız kafedra müdirlərinə şamil olunur və bu hal mülahizədə də öz əksini tapıb. İddiaçı kafedra müdiri vəzifəsini tutmamış, müəllim kimi fəaliyyət göstərmişdir. Bu hal iddiaçıya münasibətdə tətbiq oluna bilməzdi. İddiaçı müsabiqədə qalib gələ bilməmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə zidd olaraq, iddiaçı ilə əmək müqaviləsinin bağlanması mümkün deyildi. İddiaçı ilə əmək münasibətlərinə AR Əmək Məcəlləsinin tələbinə uyğun olaraq xitam verilmişdir. İddiaçı cavabdehin etirazına yazılı münasibət bildirərək, təqdim edilən etirazla razı olmadığını qeyd etmişdir. Əmək qanunvericiliyə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müqaviləyə xitam vermək istəyən rəhbərlik elə işçini əvvəlcədən xəbərdar etməklə münasibəti tənzimləyir. Amma müəssisə nəyə görə əmək müqaviləsinə xitam verəcəyi əməkdaşını müsabiqəyə salır? Nə iddiaçının, nə də digər müəllimlərin pedaqoji fəaliyyəti qiymətləndirilmiş, elmi-pedaqoji fəaliyyəti müzakirə edilmişdir. Sadəcə bildirildi ki, “onsuz da hamı bir-birini tanıyır, keçək səsverməyə”. Buradan görünür ki, öz daxili Əsasnamələrinin normalarına riayət etmədən müsabiqənin keçirilmə qaydası pozulmuşdur. Müəllimlərin pedaqoji fəaliyyəti qiymətləndirilməmiş, elmi-pedaqoji fəaliyyəti müzakirə edilməmiş bir müsabiqənin dürüst şəkildə keçirilməsindən, qanunvericiliyin tələblərinə riayət edilməsindən danışması mümkün deyildir. Humanizm nöqteyi-nəzərdən götürüldükdə savadlı, işinin peşəkarı olan bir təcrübəli müəlliməni kimlərinsə səs verməyinin ümidinə atmaq özü haqsızlıqdır. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin və cavabdehin etirazına yazılı münasibətin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh PHŞ-nın vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı tərəfindən ADNSU PHŞ-nın rektoruna göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına 2 aylıq dosent vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdeh PHŞ arasında bağlanmış xx.xx.2024-cü il tarixli 77 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 2 ay müddətinə bağlanmışdır. Cavabdeh PHŞ-nin “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasının iclasının xx.xx.2024-cü il tarixli, 9 saylı Protokolundan çıxarışdan görünür ki, Kafedranın 26 professormüəllimindən 23 nəfərin iştirakı ilə iclasda “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə iştirak etmək məqsədilə dosent İddiaçı ADNSU PHŞ-nın rektoru v.m.i.r, dosent Vazeh Əskərova müraciəti və ona icazə verilməsi haqqında məsələyə baxılmış, səsvermə nəticəsində lehinə - 7, əleyhinə - 16 səs verilmiş, “Respublika” qəzetinin xx.xx.2024-cü il tarixli 15(7773) saylı nömrəsində dərc olunmuş elana əsasən ADNSU PHŞ-nın “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrası üzrə vakant 1 ştat dosent vəzifəsini tutmaq məqsədilə elan olunmuş müsəbiqədə iştirak etmək üçün İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün KTF-nin Elmi Şurasının qarşısında vəsatət qaldırılması qərara alınmış, Namizədin əleyhinə 70 % səs verilməsi qeyd edilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Kimya-Texnologiya” X1 iclasının, xx.xx.2024-cü il tarixli, 16 saylı Protokolundan çıxarışdan görünür ki, Elmi Şuranın təsdiq edilmiş 18 nəfər üzvündən 16 nəfərin iştirakı ilə iclasda İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün sənədləri haqqında məlumat verilmiş, qapalı səsvermə keçirilmiş, lehinə - 5, əleyhinə - 10 səs verilmiş, 1 səs etibarsız hesab edilmişdir. İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab edilmişdir. Cavabdeh PHŞ-nin “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə seçdiyi hesablayıcı komissiyanın iclasının xx.xx.2024-cü il tarixli, 16 №-li protokolundan görünür ki, seçilmiş komissiyanın tərkibi dos. Naibova T.M., dos. Hüseynov A.S., dos. İsmayılova R., olmaqla komissiya KTF-in “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə keçirilən gizli səsvermə zamanı verilən səsləri hesablamaq məqsədilə seçilmişdir. X6 18 nəfər üzvdən 16 nəfər iştirak etmişdir. Səsvermənin nəticələri lehinə-5, əleyhinə- 10, etibarsız hesab edilmiş bülletenlər-1 qeyd edilmişdir. İddiaçı KTF-in “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab olunmuşdur. Cavabdeh PHŞ-nin rektoru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 3-29-50/3-1- 1367/2024 №-li əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü il 01 aprel tarixdən müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilməsi, AR ƏM-nin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, 2021-2022-ci t/i hesabına 26 t/g, 2022/2023-cü t/i hesabına 5 t/g, cəmi 31 t/g istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi və 4 t/g son haqq-hesabın edilməsinin baş mühasib v.m.i.e. Y. İbrahimovaya tapşırılması əmr edilmişdir. İnsan Resursları departamentinin direktoru İlduzə Hüseynovanın, aparıcı mütəxəssis Vüsalə Gülməmmədovanın, mütəxəssis Nuranə Mikayılovanın öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Kimya və qeyri üzv maddələrin texnologiyası” kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə xitam verildiyi üçün əmək kitabçasını götürməsi ilə bağlı dəfələrlə məlumat versələr də, İddiaçı əmək kitabçasını götürməmişdir. Cavabdeh PHŞ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Vazeh Əskərov tərəfindən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə X3 və Orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin müdiri cənab Samir Həmidova göndərilmiş məktubdan görünür ki, ADNSU-nun keçmiş əməkdaşı olan İddiaçı müraciətində qeyd olunan hallar tamamilə əsassızdır və həqiqətə uyğun deyil. İddiaçı müraciətində iddia etdiyi halları təsdiq edəcək hər hansı sübut, dəlil təqdim etməmişdir. Onun müraciəti əmək münasibətlərinin xitam verilməsində günahlandırdığı şəxslərə qarşı şər və böhtan xarakterli məlumatlardan ibarətdir. İddiaçı ilə daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixdə müsabiqənin keçiriləcəyi məqsədilə 2 ay müddətinə onunla əmək müqaviləsi bağlanılmışdır. İddiaçı müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, ərizəsi təmin olunmuş və müsabiqəyə buraxılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilən “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının iclasında açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə – 7, əleyhinə – 16, bitərəf – yox. Qaydalara əsasən kafedraya mənfi rəy bildirilmiş, iddiaçı Fakültə Şurasında seçkidə iştirak edə bilər. Kimyatexnologiya fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixdə baş tutan seçkidə İddiaçı iclasda iştirak edən 16 nəfərdən lehinə 5 səs, əleyhinə 10 səs verilmiş, bir bülleten etibarsız hesab olunmuşdur. İddiaçı seçkidə müvəffəqiyyət qazana bilmədiyindən, iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Bu səbəbdən, xx.xx.2024-cü il tarixli 3-29-50/3-1-1367/2024 saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş mülahizədən görünür ki, iddiaçı tələbələrini sevən, ömrünü, həyatını tələbələrinə və bir də əlil övladına həsr edən müəllimədir. Cavabdeh PHŞ-nin rəhbərliyi iddiaçının savadına, peşəkarlığına məhəl qoymayaraq qəsdən müəllimlik fəaliyyətinə xitam vermişdir. Əmək fəaliyyətinə qərəzli olaraq, qəsdən son verilmişdir. Son verilərkən isə qanunvericiliyin tələblərini nəzərə almadan kobud şəkildə pozuntuya yol verilmişdir. İddiaçı uzun illər həmin müəssisədə fəaliyyət göstərmişdir. Müqaviləsi müddətsiz olmalı olduğu halda, müddətli bağlanmışdır. Bu vəziyyət ilə məcburən razılaşmalı olmuşdur. Çünki özü əlildir və himayəsində baxıma möhtac əlil övladı var. Məhkəmə prosesində cavabdehin nümayəndəsi iştirak edən zaman xx.xx.1996-cı il tarixli 401 saylı əmrlə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə istinad edərək bildirmişdir ki, əmr qanunidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilərkən heç də əsasnamənin normalarına riayət edilməmişdir. Belə ki, Əsasnamənin 2.1-ci bəndində qeyd edilmişdir ki, “bütün hallarda professor müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün elmi şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilir”. Bu normaya ümumiyyətlə əməl edilməmiş, iddiaçı daxil olmaqla heç bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilməmişdir. Müəllim işləmənin də elə əsası peşəkar ixtisaslı olmaqdan keçir. Lakin belə görünür ki, hazırkı rəhbərliyə savadlı, peşəkar müəllim lazım deyil. Əsasnamənin 3.4-cü bəndində qeyd edilmişdir ki, “sənədlər əvvəlcə müvafiq kafedranın iclasında müzakirə olunur. Professormüəllim heyəti üçün seçkilərdə bu iclası kafedra müdiri və ya onu əvəz edən şəxs aparır, Kafedra hər bir namizədin elmi və elmi-pedaqoji fəaliyyətini obyektiv surətdə qiymətləndirərək, müvafiq qərar qəbul edir. Hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi ali məktəb (fakültə elmi şurasına) təqdim edilir. Müsabiqədə iştirak edən namizədlər kafedra iclasında iştirak edə, yaxud onun qərarı ilə tanış ola bilərlər”. Qeyd olunan bəndin normalarına əməl edilməmişdir. Belə ki, iddiaçının pedaqoji fəaliyyəti qiymətləndirilməmiş və bu barədə də qərar qəbul edilməmişdir. Həmin Əsasnamənin 3.4-cü bəndində qeyd edilmişdir ki, “Yeni müddətə vəzifəni tutmaq üçün ərizə veməmiş və ya müsabiqədən keçməmiş şəxslər cari semestrin sonundan gec olmayaraq tutduqları vəzifədən rektor tərəfindən azad edilir və əmək kitabçasında aşağıdakı qeydiyyat aparılır: “Seçki müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilir”. Bu halda kafedra müdirləri sonradan müsabiqədə iştirak etmək şərtilə ən çoxu bir il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə müvafiq işlə təmin olunur.” Bu maddəyə diqqət yetirdikdə rəhbərliyin qərəzli olaraq iddiaçının işinə son verdiyini müəyyən etmək mümkündür. Belə ki, illərini bu təhsil ocağına həsr etmiş və himayəsində əlil övladı olan bir müəlliməni guya müsabiqədə səs toplaya bilməyib adı altında müqaviləyə xitam vermək nə dərəcədə düzgündür? Müsabiqədən keçməmiş şəxslər sonradan müsabiqədə iştirak etmək şərtilə ən çoxu bir il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə müvafiq işlə təmin olunur. Amma bu hal iddiaçıya tətbiq edilməmişdir. Həmin Əsasnamənin 3.9-cu bəndinə görə, əxlaqi qüsurlara, əmək intizamını pozduğuna, vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyinə gəlmədiyinə və Azərbaycan Respublikasının qanunvericiliyndə nəzərdə tutulmuş başqa hallara görə tutduğu vəzifədə işləməyə layiq görülməyən kafedra müdiri və professormüəllimlər rektorun əmri ilə qanunvericilikdə nəzərdə tutulan qaydada vəzifəsindən azad edilir. Bu zaman müvafiq kafedranın təqdimatı və onların seçildiyi elmi şuranın qərarı əsas götürülür. Bu illər ərzində bu normaya uyğun hər hansı bir qüsur nümayiş etdirməmişdir. İddiaçıya qarşı törədilən əngəllərə baxmayaraq, pedaqoq kimi, peşəsini sevən bir müəllimə kimi hər zaman vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin də etiraf etdiyi kimi belə bir ifadə işlətmişdir. Zümrüd xanım peşəkar, savadlı, işini bilən müəllimədir və bəzən kollektivin belə insanları gözü götürmür. Cavabdeh “kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasının iclasının xx.xx.2024-cü il tarixli 9 saylı Protokolundan çıxarışı şəxsi kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Protokolda baxılan məsələnin müzakirə edilərək səsə qoyulması qeyd edilmişdir. Lakin iddiaçı özü şəxsən o iclasda iştirak etmiş və hər hansı bir müzakirə aparılmamışdır. Əksinə bildirilmişdir ki, “hamı bir-birini tanıyır müzakirəyə ehtiyac yoxdur, keçək səsverməyə”. Məhkəmə iclası zamanı iddiaçı həmin protokolun tam olaraq məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Lakin cavabdeh nəyə görə isə bu dəfə də “kimya qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçdiyi hesablayıcı komissiyanın xx.xx.2024cü il tarixli 16 saylı protokolunu təqdim etmişdir. İddiaçı əmək kitabçasından görünür ki: - xx.xx.2011-ci il tarixdə Müsabiqədən keçməsi ilə əlaqədar tutduğu dosent vəzifəsini onunla bağlanmış əmək müqaviləsinə uyğun davam etdirilməsi qeyd edilmişdir; - xx.xx.2014-cü il tarixdə “Yüksəkmolekullu birləşmələrin texnologiyası” Kafedrası “polimerlərin və qeyri-üzv maddələrin emalı texnologiyası” kafedrası adlandırılmışdır; - xx.xx.2015-ci il tarixdə “Azərbaycan Dövlət Neft Akademiyası”nın adı dəyişdirilərək “Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti” adlandırılmışdır; - xx.xx.2016-cı il tarixdə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir; - xx.xx.2018-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir; - xx.xx.2018-ci il tarixdə “Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti” iki aylıq müddətə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar xx.xx.2019-cu il son iş günü hesab edilməklə əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2019-cu il tarixdə Müsabiqədən keçməsi ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixdə Əmək müqaviləsinə əsasən “üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir; - xx.xx.2021-ci il tarixdə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir; - xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar son iş günü hesab edilməklə əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2024-cü il tarixdə iki aylıq müddətə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir; - xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti” PHŞ-da müsabiqədən keçməsi ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə “üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmiş, xx.xx.2021ci il tarixdə yenidən “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar son iş günü hesab edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Bir gün sonra - xx.xx.2024-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında yeni müddətli (iki aylıq) əmək müqaviləsi bağlanaraq “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh PHŞ-nın “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasının iclasında İddiaçı həmin kafedraya dosent vəzifəsinə seçilməsi ilə əlaqədar seçki keçirilmiş və lehinə - 7, əleyhinə - 16 səs verilmişdir. Bir gün sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Kimya-Texnologiya” X1 iclasında İddiaçı həmin kafedraya dosent vəzifəsinə seçilməsi ilə əlaqədar seçki keçirilmiş, 5lehinə, 10-əleyhinə, 1-etibarsız səs verilmiş və İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh PHŞ İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam vermişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçının iddia tələbi xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsidir. Buna görə də məhkəmə həmin əmrin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada və əsaslarla verilməsini araşdırmalıdır. İddiaçı hesab edir ki, ümumiyyətlə onunla müddətli əmək müqaviləsi bağlanmamalı idi. Çünki iddiaçı uzun illər, yəni 5 ildən artıq müddətdir ki, həmin universitetdə işləyir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ADNSU PHŞ-nın rektoruna ərizə yazaraq 2 ay müddətinə dosent vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnaməyə əsasən iddiaçı 2019-cu ildə müsabiqəni qazanaraq seçkili dosent vəzifəsinə 5 il müddətinə təyin edilmişdir. Həmin vəzifəyə təyinat seçki yolu ilə edilir. Müddət başa çatdıqda isə yenidən müsabiqə elan olunur və yeni müsabiqə keçirilir. Buna görə də qeyd olunan vəzifə üzrə müddətsiz əmək müqaviləsi bağlanmır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində “müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsi” halı hazırkı mübahisəyə şamil oluna bilməz. Çünki seçkili vəzifə üzrə müddətli əmək müqaviləsinin müddəti uzadılmamışdır. 5 il müddətinə bağlanmış müqavilənin müddəti bitib, həmin müqaviləyə xitam verilib və iddiaçının ərizəsi əsasında iki ay müddətinə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin (işəgötürənin) iddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlamaq vəzifəsi olmamışdır. Bu, cavabdehin hüququ olmuş və cavabdeh bu hüququndan istifadə etmişdir. Eyni zamanda, müddətli əmək müqaviləsinin müddətinin bitməsi halında həmin müddətli əmək müqaviləsinə xitam vermək müqavilə tərəflərinin hər birinin hüququdur. Cavabdeh bu hüququndan da istifadə edərək əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh PHŞ arasında 2 ay müddətinə əmək müqaviləsinin bağlanması müqavilə bağlanan vaxt tərəflərin iradəsinə zidd olmamışdır. İddiaçı 2 aylıq müddətə əmək müqaviləsi bağlanmasına dair işəgötürənə ərizə ilə müraciət etmişdir. İddiaçının “işəgötürən mənə imzala dedi, mən də imzaladım” deməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış 5 illik əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitirdi. Müddət bitdikdən sonra cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq vəzifəsi olmadığı halda, cavabdeh bu hüququndan istifadə edərək iddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Yəni, Cavabdeh PHŞ İddiaçı əmək fəaliyyəti ilə məşğul olması üçün onunla qarşılıqlı razılıq əsasında 2 aylıq müddətli əmək müqaviləsi bağlamışdır. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, sözügedən vəzifə daimi xarakterə malik deyil, müsabiqə (seçki) yolu ilə 5 illik müdddətə tutulan vəzifədir. İddiaçı hesab edir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024cü il tarixdə bitdiyi halda işəgötürən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam vermiş və Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Yəni bir həftə ərzində əmək müqaviləsinə xitam verməli olduğu halda, bu müddət ötdükdən sonra əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə qeyd edir ki, həqiqətən də, müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. 20-26 mart 2024-cü il tarixləri isə qeyri-iş günləri olmuşdur. 27-29 mart 2024-cü il tarixləri iş günü (çərşənbə, cümə axşamı və cümə), 30, 31 mart tarixləri isə qeyri-iş günləri (şənbə və bazar) olmuşdur. xx.xx.2024-cü il tarixi də iş günü olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi (niyyət) “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə qəbul üzrə müsabiqənin keçirilməsi olmuşdur. İddiaçı müsabiqədən keçdiyi halda, onunla 5 il müddətinə yeni müqavilə bağlanmalı idi. Lakin iddiaçı müsabiqədən keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra 4-cü iş günü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qanun normasını (bir həftə) hərfi mənada təfsir etmək Əmək Məcəlləsinin mahiyyətinə və ümumi prinsiplərinə ziddir. Çünki Əmək Məcəlləsinin 2-ci maddəsində müəyyən edilmiş prinsiplərdən biri mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipidir. Hazırkı mübahisədə xx.xx.2024-cü il tarixindən sonrakı bir həftə ərzində qeyri iş günləri olmuş, ilk iş günlərindən etibarən müvafiq seçkilər keçirilmiş və iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Müddətli əmək müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra ilk iş günü (işçinin müqavilə müddətinin bitməsindən sonra işə çıxdığı ilk gün) xx.xx.2024-cü il olmuş və həmin tarixdən bir həftə ötməmiş (xx.xx.2024cü il) müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əgər iddiaçının hesab etdiyi bir həftə müddəti hərfi mənada tətbiq edilsə, işəgötürən qeyri-iş günü əmək müqaviləsinə xitam verməli idi. Bu isə məntiqsiz olduğu kimi, heç bir halda ağlabatan və ədalətli deyil. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh işəgötürən müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftəlik müddəti ötürməmişdir. Məhkəmə iddiaçının öz mülahizələrində “27 mart və 28 mart tarixli protokolları mübahisələndirməsi” hissəsinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi xx.xx.2024-cü il tarixli əmrin (2 aylıq müddətli əmək müqaviləsinə xitam verilməsi barədə) ləğv edilməsi və işə bərpadır. Həmin iclasların keçirilməsinin (protokolların tərtib edilməsinin) məqsədi isə iddiaçının müsabiqə yolu ilə müvafiq “dosent” vəzifəsinə qəbuluna dair seçkilərin keçirilməsi haqqındadır. Yəni həmin protokollarının tərtib edilməsinin hazırkı iddia tələbi ilə bağlılığı yoxdur və ayrıca mübahisə predmetidir. Məhkəmə öz mövqeyini qanunvericiliyin aşağıdakı normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması ... prinsiplərinə əsaslanır. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 47-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (mübahisə baş verən tarixdə qüvvədə olan norma). 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər (mübahisə baş verən tarixdə qüvədə olan norma). Məhkəmə Əmək Məcəlləsinin 73-cü maddəsində edilmiş dəyişiklik ilə bağlı qeyd edir ki, qanunlara dəyişiklik edilməsi barədə qanun qəbul edildikdə, həmin dəyişiklik edilməsi barədə qanun qüvvəyə mindikdən sonrakı münasibətlərə şamil olunur. Azərbaycan Respublikası Konstitusiyanın 98-ci maddəsinə görə qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən isə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 79-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işəgötürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; - işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnamənin: 1.1-ci maddəsinə görə ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. 1.3-cü maddəsinə görə seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan və tələbin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3415/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3415/2024
16.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver