Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3436/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmək kitabçasının verilməsi və işəgötürənin təqsirindən əmək kitabçasının verilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmək kitabçasının verilməsi və işəgötürənin təqsirindən əmək kitabçasının verilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 dekabr 2010-cu il tarixindən 29 avqust 2010-cu il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində satışa nəzarət idarəsində elektrik mantyoru vəzifəsində işləmiş və 29 avqust 2016-cı il tarixində onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad ediblər. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq rəsmi olaraq ona nə işdən azad edilmədiyi barədə əmrin surət və nə də əmək kitabçası bu günə qədər verilməmişdir. 2021-ci ilin fevralın əvvəlində vəkilə müraciət etdikdən və vəkil tərəfindən iş üzrə cavabdehə sorğu verildikdən sonra cavab məktubunda göstərilmişdir ki, əmək kitabçasının götürülməsi ilə əlaqədar İddiaçı dəfələrlə kadrlar şöbəsinə dəvət olunmuş, lakin bu günədək əmək kitabçasını təhvil almamışdır. Cavabdehin cavab məktubunda göstərdikləri doğru deyildir. Əksinə o, başqa bir işə düzəlmək üçün dəfələrlə əmək kitabçanı tələb etsə də ona bildirilmişdir ki, “onlarda yeni əmək kitabçası yoxdur, tapıb gətirər baxarlar”. 29 avqust 2016-cı ildən azad edilmiş və həmin vaxtdan işəgötürənin təqsirindən onun əmək kitabçası verilmədiyi üçün o, başqa bir işə düzələ bilməmiş və onun aylıq əmək haqqının 410,00 manat olmasını nəzərə alaraq (2016-cı ilin sentyabr-dekabr, 2017-ci ilin yanvardekabr, 2018-ci ilin yanvar-dekabr, 2019-cu ilin yanvar-dekabr, 2020-ci ilin yanvar-dekabr və 2021-ci ilin yanvar-mart ayları üçün, cəmi: 55 ay x 410,00 manat=22550 manat) cavabdeh tərəfindən ona 22550 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətin əmək kitabçasında qeyd edilərək ona verilməsi və əmək kitabçasının verilməməsi səbəbindən başqa işə düzələ bilmədiyi üçün ona vurulmuş zərərəin əvəzi olaraq 22550 manat pulun cvaabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə2 ərizə təqdim edərək bildirdi ki, iddiaçıya dəfələrlə kitabçanı gəlib götürməsi təklif olunub, lakin şəxs gəlməyib, iddianın “işəgötürənin təqsirindən əmək kitabçasının verilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi" hissəsi qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. Belə ki, İddiaçı 29 avqust 2016-cı il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı işdən çıxma ilə bağlı əmrlə 29 avqust 2016-cı il tarixindən xəbərdar olmuşdur. Lakin məhkəməyə 4 il 8 ay müddət keçdikdən sonra müraciət etmişdir. Bu səbəbdən iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən qanunvericiliyin tələbinə əsasən araşdırılmadan imtina edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan işəgötürən «xxxx» ASC ilə işçi X2 arasında bağlanmış 07.07.2015-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, P.M.Əliyev həmin tarixdən 3 (üç) ay müddətinə olmaqla, cavabdeh təşkilatın Cənub RETSİ-nin X1 Satış sahəsinin nəzarətçi mühəndisi vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan «xxxx» ASC-nin 01/05-06/868 №-li, 10 mart 2021-ci il tarixli cavab məktubunda bildirilir ki, İddiaçı 20 dekabr 2010-cu il tarixində Satışa Nəzarət İdarəsində elektrik montyoru olaraq işə qəbul edilmiş, 29 avqust 2016-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasının götürülməsi ilə əlaqədar dəfələrlə Kadrlar şöbəsinə dəvət olunmuş, lakin bu günədək əmək kitabçasını təhvil almamışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət İdarəsində elektrik montyoru vəzifəsində işləmiş, 29 avqust 2016-cı il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hal-hazırda iddiaçı əmək kitabçasının götürülməsi ilə əlaqədar dəfələrlə müraciət etdiyini, lakin bu günədək təhvil ala bilmədiyini bildirmişdir. İşlədiyi müddəti əmək kitabçasında qeyd edilərək ona verilməsi və işəgötürənin təqsirindən əmək kitabçasının verilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinin əsasını təşkil edən halları, ona əmək kitabçasının verilməməsi barədə ( işə götürənə özü tərəfindən rəsmi müraciəti) təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksini sübut edən isə işəgötürən tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 10.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya əmək müqaviləsini kadrlar şöbəsinə yaxınlaşaraq götürülməsi barədə müraciət etməsinə baxmayaraq təhvil alınmaması bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, işin materiallarından da göründüyü kimi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmr 29 avqust 2016-cı il tarixdə qəbul olunmasına, iddiaçının özünün məhkəmə iclasında bildirməsinə görə həmin əmrdən məlumatlı olduğuna baxmayaraq, hazırki iddia tələbi ilə yalnız 14 aprel 2021-ci il tarixdə, yəni 4 il 8 ay sonra müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cu maddəsinin 2-ci hissəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, hüquqi müəyyənlik potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin «Deryus Litvaya qarşı» iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının «Baranovski və Braniovski Polşaya qarşı» işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, məhkəmə işin bütün hallarını araşdırıb, işin materiallarında olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı "əmək kitabçasının verilməsi və işəgötürənin təqsirindən əmək kitabçasının verilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı "əmək kitabçasının verilməsi və işəgötürənin təqsirindən əmək kitabçasının verilməməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3436/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3436/2021
22.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver