Məhkəmə qərarları › İş №2(006)-344/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-344/2022

27.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-344/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə digər cavabdehlər Cavabdeh2, X7 və X4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı-yə qarşı “əvəzləşdirmə və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilinin sökülməsi; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 124 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək İddiaçı tərəfindən Cavabdeh1 hər ay 400 manat kirayə haqqının ödənilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı məlumat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı İddiaçı MTK-ya çevrilmişdir. Adıçəkilən MTK İddiaçı-nin hüquqi varisidir. Sonradan, İddiaçı MTK məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilinin sökülməsi; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 151 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək İddiaçı tərəfindən Cavabdeh1 hər ay 500 manat kirayə haqqının ödənilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı MTK-ya qarşı «əvəzləşdirmə və s.» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşının 2-ci qrup əlil olmasını, pilləkəndən və liftdən istifadə edə bilməməsini nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən və onun xüsusi mülkiyyətində və istifadəsində olan, ümumi sahəsi 178,4 m2 olan fərdi yaşayış evinin əvəzinə ona həmin ərazidə (hazırki evinə bitişik) inşa edilmiş yeni binanın 1-ci mərtəbəsində (yer səthində olan) ümumi sahəsi 178,4 + 20 % m2 olan yeni tam təmirli mənzilin və ya mənzillərin təmənnasız olaraq verilməsi vəzifəsinin cavabdeh İddiaçı-nin üzərinə qoyulması; ünvan 3 ünvanda ona məxsus olan 76,8 m2 sahəsi olan mansardın pulla əvəzləşdirilməsi vəzifəsinin İddiaçı-nin üzərinə qoyulması; ünvan 3 ünvanda ona məxsus olan 18 m2-lik zirzəminin pulla əvəzləşdirilməsi vəzifəsinin İddiaçı-nin üzərinə qoyulması; ünvan 4 ünvanda inşa edilmiş yeni binaya aid sahədə ona (və ailəsinə) 2 maşınlıq dayanacaq yerinin verilməsi vəzifəsinin İddiaçı-nin üzərinə qoyulması; ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin söküntü üçün təhvil verildiyi vaxtdan yeni mənzil və ya mənzillərin ona təhvil veriləcəyi vaxta qədər, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ərazisində (28 May metrosunun üst çıxışının ətrafında) mənzil kirayələnməsi üçün ona ayda 1.200 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı-nin üzərinə qoyulması; evinin ətrafında aparılan tikinti işləri zamanı tikinti normalarının pozulması nəticəsində yaranan mənəvi zərərə görə 5.000 manat məbləğində pul vəsaitinin İddiaçıdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonu «28 May» metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırırlma səndələrinin hazırlanması Nəsimi rayon İcra Hakimiyyəti həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1754 №-li xx.xx.2017-ci il tarixində razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Nəsimi RİH başçısının 02 fevral 2018-ci il tarixli 34 nömrəli «Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi» haqqında Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "xxxx" MMC-nin istifadəsinə veilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı səhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi ev 17 ünvanda yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan komunikasiya xətləri də təmirə yararsızdılar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi «Azərdövləttikintilayihə» DLİ 20 iyul 2017-ci il tarixli, «ünvan 5 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında» aktdan görünür ki, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Buna və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. "xxxx" MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Cavabdeh1 ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halının nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 102,8 m2 olan yaşayış sahəsinin mülkiyyətçisi, Cavabdeh1 əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin 2.3 və 2.4-cü bəndləri ondan asılı olmayan səbəblərdən cavabdeh "xxxx" MMC tərəfindən icra edilməsinə məhdudiyətlər yaradılır. Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə "xxxx" MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda cavabdehlər əmlakının sökülərək yerində çoxmənzilli binanın inşasına məneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi iddiaçı "xxxx" MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, "xxxx" MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin ikinci bəndinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarında ehtiva edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki. mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarında göstərilir ki, konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədlər; də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli Qərarında da bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. «Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar. §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. ünvan 7 ünvandakı ümumi sahəsi 102,8 m2 olan mənzilin əvəzinə mülkiyyətçi Cavabdeh1 "xxxx" MMC həmin ünvanda insa edəcək binada 24 ay müddətində 124 m2 sahəsi olan təmirli yeni mənzil verir, mənzilindən köçən cavabdehlərə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 400 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildə mülkiyyətçi ilə birlikdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. Cavabdehlər qeyd olunan mənzildən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üşün cavabdehin mənzili sökülməlidir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin icraatında İddiaçı-nin Cavabdeh1 və qeyrilərinə qarşı «Daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi» tələbinə dair 2(006)- 5781/2021 saylı mülki iş vardır. İlk iddia tələbi ondan ibarətdir ki, onun evinin yerləşdiyi ərazidə tikinti işləri aparan şirkət onunla razılığa gəlmək əvəzinə, onun xüsusi mülkiyyətində olan evdən özünün və ailə üzvlərinin məcburi çıxarılmalarını, məcburi qaydada onlara, həmin ərazidə yalnız 1 otağın kirayələnməsinə kifayət edən kirayə haqqının ödənilməsini (onun evi 4 otaqlıdır) və onun birinci mərtəbədə yerləşən və ümumi sahəsi 273,2 m2 olan evinin (4 otaq, mansard və zirzəmi) əvəzinə ona məcburi qaydada, qeyri-müəyyən mərtəbədə, qeyri-müəyyən nömrəli, sahəsi 124 m2 olan mənzilin verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə (mülkiyyətin toxunulmazlığı), 43-cü maddəsinin İ hissəsinə (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz), "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.3-cü və 28.4-cü maddələrinin qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq edilə biləcək norma kimi qəbul edilə bilməməsi), «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə (dövlət orqanı tərəfindən mülkiyyətə müdaxilə tam qanuni olmalıdır), Azərbaycan Respublikası Mülk Məcəlləsinin 157-ci maddəsinə (mülkiyyətin müdafiəsi), Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5-ci maddəsinə (mənzil toxunulmazlığı hüququnun təmin edilməsi), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 və 1108.1-ci maddələrinə (Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət), «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li qərarına əsasən hesab edir ki, ilk iddia tələbləri rədd edilməli və onun qarşılıqlı iddia tələbləri təmin edilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia üzrə iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzili Cavabdeh1 adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 1336 saylı reyestr kitabının 122000 saylı vərəqində qeydiyyata alınmışdır. - 16 saylı MKİS tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli arayışından görünür ki, qeyd olunan mənzil 4 otaqlı olmaqla, mənzildə Cavabdeh1 həyat yoldaşı və iki övladı ilə yaşayır. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2018-ci il tarixli 34 saylı sərəncamından görünür ki, Sərəncamda qeyd edilən yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi üçün müvafiq torpaq sahəsinin icarə əsasında "xxxx" MMCnin istifadəsinə verilməsi barədə sərəncam verilmiş və sifarişçiyə bəndlər üzrə tapşırılan işlər təsbit olunmuşdur. Qeyd: iş materiallarına istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı (2018ci il tarixli 1/25 saylı); obyektin tikintisinə 24 sentyabr 2018-ci il tarixli 290 saylı icazə; tikintiyə icazə barədə 25 sentyabr 2018-ci il tarixli 17 saylı xüsusi nişan və s. sənədlər əlavə olunmuşdur. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2018-ci il tarixli 33 saylı sərəncamından görünür ki, Nəsimi rayonu Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir. - 15 fevral 2018-ci il tarixli müqavilədən görünür ki, Nəsimi RİHB ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti: Şirkət tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəvyənləşirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırkı müqavilənin predmetini təşkil edir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2018-ci il tarixli 290 saylı, Nəsimi rayonu Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1, 75.6-cı maddələri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq xx/xx- 1754 saylı, 12 oktyabr 2017-ci il tarixli razılaşma məktubu (təqdim olunmuş layihəyə əsasən), Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 33 və 34 saylı 02 fevral 2018-ci il tarixli sərəncamları, Azərbaycan Respublikası lovqəladə Hallar Nazirliyinin Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsinin 25983 saylı, xx.xx.2018-ci il tarixli Ekspertiza rəyi nəzərə alınaraq, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürnıərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Məlumatların reyestrə daxil edilməsi və kodlaşdırma üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq sənədlərin təqdim edilməsinin təmin edilməsi barədə göstəriş verilmişdir. Sərəncamın icrasına nəzarət RİH başçısının müavini Q.İsmayılova və RİHBA-nın Rayon Təsərrüfatı şöbəsinə (İ.Səfərova) tapşırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli 10/6320 saylı ekspert rəyindən görünür ki, ünvan 8 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evinin faktiki sahəsi 125,8 m2, həmin fərdi yaşayış evinin tikintialtı sahəsi 155,70 m2, talvar tikilisinin tikintialtı sahəsi 18,2 m2, mansard kimi qeyd olunan tikilinin tikintialtı sahəsinin isə 75,6 m2 olduğu müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi verilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 841-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 84.0, 84.0.1 və 84.0.2-ci maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə, yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. İş materiallarından göründüyü kimi, "xxxx" MMC səlahiyyətli dövlət hakimiyyəti orqanının sifarişi əsasında tikinti işlərini həyata keçirir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi «Azərdövləttikintilayihə» DLİ-nin 20 iyul 2017-ci il tarixli «ünvan 5 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında» aktından göründüyü kimi, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan daşınmaz əmlakın sökülməsinə razıdır. Tərəflər arasında mübahisə doğuran məsələ daşınmaz əmlakın sökülməli olması ilə bağlı olmayıb, sökülən əmlakın əvəzləşdirilməsi şərtləri ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «”Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Bununla əlaqədar məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə yuxarıda şərh olunanlara məcmu halda hüquqi qiymət verərək, ilk iddia tələbinə münasibətdə qeyd edir ki, ilk iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzili sökülməli; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 151 m2 (ekspert rəyində qeyd olunan 125,8 m2 + 20 % (25,16 m2) = 150,96 m2, yuvarlaşdırdıqda 151 m2) ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 xüsusi mülkiyyətinə verilməli; yeni mənzil ilə təmin edilənədək İddiaçı tərəfindən Cavabdeh1 hər ay 650 manat (İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2018-ci il tarixli 2.3-cü bəndinə uyğun olaraq) kirayə haqqı ödənilməli; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilindən çıxarılmalıdırlar. İlk iddia qalan hissədə rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia onlara təqdim olunan aylıq kirayə haqqına dair hissədə qismən əsaslı olmaqla, ilk iddia üzrə iddiaçıdan ilk iddia üzrə cavabdehin xeyrinə hər ay kirayə haqqı qismində 650 manat pul verilməlidir. Bundan artıq məbləğdə kirayə haqqının ödənilməsinə dair hissədə iddia əsassızdır və təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK qarşılıqlı iddia üzrə iddiaçıya qarşı hər hansı qanunsuz hərəkətlər və ya hərəkətsizlik etməmiş, qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı maddi və mənəvi zərər vurmamışdır. Yuxarıda qeyd olunduğu kimi qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olan istifadəyə yararsız, qəzalı vəziyyətdə olmuş əmlakı yeni tikilmiş, müasir standartlara cavab verən binada 151 m2 təmirli əmlak sahəsi ilə əvəzləşdirilməsi qanunauyğun və ədalətlidir, qarşılıqlı iddia üzrə iddiaçıya bu sahədən artıq sahə verilməklə əvəhləşdirmə həyata keçirilməsinə dair tələb əsassızdır. Qarşılıqlı iddia tələbi qalan hissələrdə də əsassız olmaqla təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. 50 manat ekspertiza xərci ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh1 İddiaçı MTK-ya qarşı «əvəzləşdirmə və s.» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 17 saylı evin 8 saylı mənzili sökülsün. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 151 m2 (ekspert rəyində qeyd olunan 125,8 m2 + 20 % (25,16 m2) = 150,96 m2, yuvarlaşdırdıqda 151 m2) ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 xüsusi mülkiyyətinə verilsin. Yeni mənzil ilə təmin edilənədək İddiaçı tərəfindən Cavabdeh1 hər ay 650 manat kirayə haqqı ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 17 saylı evin 8 saylı mənzilindən çıxarılsınlar. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İlk iddia və qarşılıqlı iddia qalan hissədə rədd edilsin. 50 manat ekspertiza xərci ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar