Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3444/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunlaəsaslandırılmışdır ki, ərizəçi xx.xx.1979-cu ildə Ermənistanın Vardenis (Basarkeçər) rayonu Yenikənd (İnəkdağı) kəndində doğulmuşdur. Ərizəçinin atası X4, anası X3r. Azərbaycan Respublikasının vətəndaşıdırlar, milliyyətləri azərbaycan türküdür. Bu barədə ərizəçinin doğulduğu rayon üzrə VVADQ şöbəsi tərəfindən ona doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə bütün bu məlumatlar öz əksini tapmışdır. Doğum haqqında şəhadətnamə itdiyindən və onun yenidən əldə edilməsi zərurəti yarandığından bu məqsədlə yaşayış yeri üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etdikdə, qeydiyyat şöbəsi müraciəti təmin etməkdən imtina edərək göstərmişdir ki, reyestrdə ərizəçinin doğumu barədə məlumatlar yoxdur, doğum akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra ərizəçinin doğum haqqında qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı mümkündür. Hazırki, vəziyyətdə ərizəçinin doğumu barədə doğum aktının qeydiyyata alınması faktı şəxsiyyət vəsiqəsindəki, qardaş və bacısının doğum haqqında şəhadətnamələrindəki, valideynləri barədə təqdim etdiyi sənədlərlə, o cümlədən digər sənədlərlə təsdiq olunur. Göstərilənlərə əsasən ərizəçinin xx xxx 1979-cu ildə Ermənistanın Vardenis (Basarkeçər) rayonu, Yenikənd (İnəkdağı) kəndində doğulmağı, atasının X4, milliyətinin azərbaycanlı (azərbaycan türkü), anasının X5, milliyyətinin azərbaycanlı (azərbaycan türkü) olması barədə doğum aktının qeydiyyatı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəni müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə müraciət edilərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İİ-SL № 267498 saylı, xx.xx.1982-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şamilova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, ZE № ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi xx xxx 1979-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Yenikənd kəndində anadan olmuşdur. İş materiallarında olan ASAN 1 tərəfindən verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə, Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan X2 notarial qaydada təsdiq edilmiş (Goranboy rayon Notariat ofisi tərəfindən) xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi həqiqətən onun oğludur. İş materiallarında olan X1 notarial qaydada təsdiq edilmiş (Goranboy rayon Notariat ofisi tərəfindən) xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi həqiqətən onun oğludur. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan SSR, Vardenis rayonu, Yenikənd (İnəkdağı) kəndində anadan olmuş, atası X4, anası X3r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li xx xxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1979-cu il tarixdə, Ermənistan SSR, Vardenis (Basarkeçər) rayonu, Yenikənd (İnəkdağı) kəndində doğulması barədə doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X4”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X5”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1979-cu il tarixdə, Ermənistan SSR, Vardenis (Basarkeçər) rayonu, Yenikənd (İnəkdağı) kəndində doğulması barədə doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X4”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X5”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3444/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3444/2020
07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver