Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3462/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə və geyim pullarının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə və geyim pullarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı 2006-cı ildən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində əmək fəaliyyətinə başladığını, 2018-ci ildə ailədaxili məsələsinə görə əsassız işdən çıxarıldığını, xidmət dövründə hər iki ayağının varikoz xəstəliyinə tutulduğunu, 2007-ci ildə bu xəstəliyə görə müavinət aldığını və 2015-ci ildən 2018-ci ilə kimi geyimini öz hesabına aldığını qeyd edərək, ona ödənilməli olan müalicə və geyim pulunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada baxılmalıdır. İddia ərizəsindən görünür ki, tərəflər arasında yaranmış mübahisə inzibati xarakterli mübahisədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin məcəllənin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə iddiaçı ilə adıçəkilən təşkilat arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan məhkəmə hesab edir ki, bu cür tələblərə ümumi məhkəmədə baxıla bilməz, iddiaçıya həmin tələblə bağlı ərazi yurisdiksiyası üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə və geyim pullarının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia tələbi ilə bağlı ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3462/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3462/2021
19.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver