Məhkəmə qərarları › İş №2(006)-3463/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3463/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3463/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nəsimi r-u, 4 MKR, Cavadxan küçəsində yerləşən 23 saylı evin, 76 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi r-u, 4 MKR, Cavadxan küçəsində yerləşən 23 saylı evin, 76 nömrəli mənzilini müqavilə əsasında onun mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı 20.09.2016 saylı çıxarışa əsasən mənzil xüsusi mülkiyyət ona məxsusdur. Cavabdehlər mənzildən köçüb getmişlər və onların yaşayış yerləri ona məlum deyildir. Cavabdehlərin ona mülkiyyət hüququ ilə məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmaları onun mülkiyyət, mənzildən istifadə hüquqlarını məhdudlaşdırır, mənzil üzərində sərbəst sərəncam verə bilmir. Belə olan halda cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlər mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan İddiaçı uzaq qohumlarıdır. Cavabdehlər sözügedən mənzildə qeydiyyatda olsalar da faktiki olaraq orada yaşamırlar. Beləliklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onların həmin mənzildə yaşamalarına əsas verən, iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüququ yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun həmin maddəsinin məzmununa görə şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmaması müəyyən edildiyindən, mənzilin mülkiyyətçisi olan iddiaçıya izah edilməlidir ki, o, cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya, müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar