Məhkəmə qərarları › İş №2(006)-3467/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3467/2022

07.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3467/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndələri (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların qanuni sahibliyində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnaməm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 qız iddia tələbi onunla əsaslandırdılar ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı2 anası X6 tərəfindən xx.xx.1980-ci il tarixində mülkün sahibi X3 14.000 manat nağd pul ödənilməklə alınmışdır. X6 həmin mənzili aldıqdan sonra orada yaşamağa başlamış, 1980-ci ildə yaşayış yeri üzrə qeydiyyata düşmüş və 26 mart 2013-cü ildə vəfat edənə qədər bu mənzildə yaşamışdır. X6 vəfat edəndən sonra bu mənzildə İ qrup əlil olan oğlu X11 yaşamağa başlamışdır. Bildirir ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)- 1591/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X11 fəaliyyət qabiliyyəti olmayan, 1ci qrup ömürlük əlil, ruhi xəstə hesab edilmiş və Bakı şəhəri, Səbail rayon icra Hakimiyyəti Başçısının 42 saylı xx.xx.2020-ci il tarixli sətəncamı ilə X7 üzərinə İddiaçı1 qəyyum təyin edilmişdir. 2022-ci ilin may ayının ortalarında o- İddiaçı2, qardaşı X8, gəlini X4 və qızları X9, oğulları X7 yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə gələrək gördülər ki, Cavabdeh həmin mənzildədir. Gördülər ki, bu qadın mənzilin açar yerini sındıraraq (qıfıl) mənzilə daxil olmuş və orada yaşamağa başlamışdır. Onlar ondan nə əsasla özgənin mənzilinə daxil olmasını ondan soruşdular, o bildirdi ki, “bəs ev mənimdir”. Onlar ondan evə dair hər hansı sənədi olub-olmadığını soruşdular, o heç bir sənəd təqdim edə bilmədi və evdən də çıxmaq istəmədi. O, bu evin əvvəlki sahibi olan X2 gəlini olduğunu bildirdi. Lakin, yenə də hər hansı sənəd təqdim etmədi. Ona görə də onlar məcbur olaraq DİN-nin 102 xidmətinə müraciət etdilər. Bundan sonra 21-ci polis bölməsinə ərizə verdilər. Lakin, 21-ci polis bölməsi heç bir araşdırma aparmadı və özünün xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə etdilər. Qeyd etmişdir ki, anası X6 1980-ci ildə bu mənzili alandan sonra bütün kommunal xidmət orqanları ilə o cümlədən, rayon Qaz İstismar idarəsi ilə müqavilələr bağlayaraq və qazdan istifadəyə görə haqqı ödəmişdir. Bundan əlavə Bakı Elektrik şəbəkə və "xxxx" ASC ilə bağlanılmış müqavilə və elektrik enerjisinin haqqının ödənilməsini təsdiq edən 12 vərəqədən ibarət sənədləri əlavə etmişdir. Bundan əlavə adı çəkilən ünvanda anası X1 adına olan ***-**-** saylı telefon olmuşdur ki, həmin telefondan istifadə haqqını da o ödəmiş, ondan sonra isə onlar ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə baxış iclasında iştirak edən Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan xx.xx.2002-ci il tarixli, İİ-AZ № 020271 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 avqust 2002-ci il tarixdə, 193№ ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İ № 630653 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ölümün səbəbi ağ ciyər ödemi olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1591/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsilə ərizəçi İddiaçı1 maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumlu və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” barədə ərizəsi təmin edilmiş, 24 fevral 1975-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 5303326№-li Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, ev 32 ünvanında qeydiyyatda olan şəxslər aşağıdakılardır: X12, X13, X5, X14, X18, X15, X10, X19. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna ünvanladığı müraciət əsasında toplanmış HK-1/742 saylı materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunun tələblərindən göründüyü kimi daşınmaz əmlakla bağlı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Hazırda iddiaçılar ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin onlara məxsus olmasını iddia edərək, cavabdehin orada gəlib yerləşməsini qanunsuz hesab edir və Cavabdeh həmin mənzildən çıxarılmasını tələb edirlər. Lakin, iş materiallarından göründüyü kimi iddiaçılar həmin daşınmaz əmlaka dair nə özlərinin qanuni sahibliyini təsdiq edən sənəd, nə də ki cavabdehin qanuni sahibliyini təsdiq edən sənəd əlavə etməmişlər. Yəni, mübahisəli əmlakla bağın qanuni olaraq kimin mülkiyyətində olmasında dair heç bir sübut yoxdur. Bunu iş materiallarında olan AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubu da təsdiq edir ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Odur ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh mənzildən çıxarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, iddiaçılar belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar