Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3472/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsinə” dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin tam təmin edilməsi, ünvan 1 ünvanında yerləşən əmlaklara Maraqlı şəxs2 mülkiyyət hüququnun tanınması və 1-ci dərəcəli yaxın qohum kimi özünün mülkiyyət hüququnun qorunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, mülki prosessual qanunvericilik məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyəti olan faktlar haqqında işlərin dairəsini müəyyən etmişdir. Həmin işlərin növləri MPM-nin 307-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: - 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; - 307.2.2. şəxsin öhdədə olması faktının; - 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; - 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; - 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; - 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; - 307.2.7. bədbəxt hadisə faktının; - 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; - 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; - 307.2.10. atalığın etiraf olunması faktının; - 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; - 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki ərizədən və ona əlavə edilmiş sənədlərdən görünən odur ki, Ərizəçi məhkəməyə müraciət etməsində məqsədi ünvan 1 ünvanında yerləşən əmlaklara Maraqlı şəxs2 mülkiyyət hüququnun tanınması və 1-ci dərəcəli yaxın qohum kimi özünün mülkiyyət hüququnun qorunması ilə bağlıdır. Əvvəla iddiaçının ərizə ilə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl edib-etməməsi məsələsinə münasibət bildirmədən öncə tələbin mahiyyəti ilə bağlı bildirilməlidir ki, hazırda irəli sürülmüş tələb üzrə qərar qəbul etmək məhkəmənin səlahiyyətinə aid edilməmişdir. Belə ki, yuxarıda sadalanmış olan qanunun mənasına görə xüsusi icraat qaydasında məhkəmənin baxmaq səlahiyyətinə malik olduğu işlərin dairəsi aydın şəkildə göstərilmişdir. Həmin işlər sırasında mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi yer alsa da, daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması qanunla məhkəmənin xüsusi icraat qaydasında baxmaq səlahiyyətinə malik olduğu işlərin dairəsinə aid edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi tələbini əsalandırarkən sözügedən ünvanda yerləşən daşınmaz əmlakların xüsusi müsadirəyə yönəldilməsinin mümkün olmadığına istinad edir. Bu səbəblərdən məhkəmənin qənaətinə görə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə iddia icraatı qaydasında baxılmalı olması əsası ilə hazırki ərizənin icraata qəbulundan imtina edilməli, ərizəçiyə tələbini iddia ərizəsi formasında məhkəməyə təqdim etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1, 306.2-ci maddələrinin tələblərinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. . Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsinə” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsinə” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3472/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3472/2025
26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver