Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3474/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinə qarşı əmrin ləğvi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-76/2024 saylı əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi işburaxma müddətinin hesablanaraq ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, xx.xx.2019-cu il tarixində AR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X4 iş şöbəsinin Xalq yaradıcılığı və mədəni irs sektoruna metodist vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2022-ci il tarixində vəzifəsi dəyişdirilərək Planlaşdırma və inkişaf şöbəsinin layihələrin idarə edilməsi sektoruna mütəxəsis vəzifəsinə təyin olunmuşdur. Qeyd etmək istəmişdir ki, iddiaçı AR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində tutduğu ilk vəzifədə və ikinci vəzifəsində qüsursuz olaraq işləmişdir. Cavabdeh tərəfindən işçilərin attestasiya haqqında 17 saylı xəbərdarlıq bildirişi işçilərə təqdim edilərək bildirmişdir ki, işçilərin peşəkalıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olubolmamasını aşkara çıxarmaq məqsədilə attestasiya komissiyası yaradılmışdır. Lakin, təqdim olunan bildirişdə attestasiyanın keçirilmə tarixi göstərilməmişdir, attestasiyaya əlavə olunan sənəddə isə 30 sualldan ibarət olan mövzü qeyd edilmişdir. İşçilərə qabaqca heç bir məlumat verilmədən xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən attestasiya keçirilmişdir və işçilərə bildirilmişdir ki, əvvəl təqdim olunan suallara 35 sual əlavə olunmaqla, ümumi 65 sualla bağlı attestasiya keçirilir. Bildirmək istəmişdir ki, iddiaçı keçirdiyi xəstəliklə əlaqədar xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək işdən azad edilmişdir və işə xx.xx.2024-cü il tarixində qayıtmışdır. İddiaçı işə qayıdan kimi, işəgötürən tərəfindən iddiaçının attestasiyadan keçməsini tələb etmişdir. İddiaçı bununla bağlı bildirmişdir ki, xəstəlikdən sonra ilk gündü və tam olaraq orqanizm bərpa olunmadığına görə attestasiyadan keçməsi və suallara cavab verilməsində çətinlik çəkə bilər, bununla bağlı iddiaçı xahiş etmişdir ki, həmin günü attestasiyadan keçməsin. Cavabdeh iddiaçının xahişini və xəstəlikdən sonra psixoloji vəziyyətini nəzərə almadan iddiaçının attestasiyadan keçməsinin imtinası kimi qəbul edərək bununla bağlı akt qəbul etmiş və xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. İlkin olaraq qeyd etmək istəmişdir ki, attestasiya keçirilməsi ilə bağlı işçilərə bildiriş xəbardarlıq verilməsinə baxmayaraq qeyd olunan xəbərdarlıqda hansı tarixdə attestasiyanın keçirilməsi qeyd edilməmişdir, beləliklə hansı tarixədək işçilər təqdim olunan 30 sualla bağlı hazırlaşmaları barədə işçilərin məlumatı olmamışdır, bundan əlavə olaraq attesyasiya günü işçilərə təqdim edilmiş 30 sualla əlavə 35 suall verilmişdir və həmin 35 sualla hazırlaşmağa vaxt verilməmişdir. İşəgötürən tərəfindən bu cür hərəkətlər attestasiyanın obyektiv olmasına, qərəzli olmamasına əsaslı şübhələr yaradır. Qeyd etmək istəmişdir ki, attestasiyadan keçməyə Əmək Məcəlləsinin 66-cı maddəsində qeyd olunan işçilərdən başqa hər bir işçi cəlb edilmişdir, faktiki olaraq attestasiyada 32 işçi iştirak etmişdir və 32 işçidən yalnız 5 nəfər attestasiyadan uğurlu keçmişdir, qeyd etmək istəmişdir ki, qalan işçilərin yarısının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir, qalan işçilər isə attestasiyanın nəticəsi barədə onlara məlumat verəndən sonra təklif etmişdir ki, öz arzusu ilə işdən çıxmağı barədə ərizə yazsın əks halda AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən müqaviləsinə xitam veriləcəkdir və həmin maddə ilə başqa işə götürülməsində işçi çətinlik çəkməsini işəgötürən tərəfindən bildirmişdir. Qeyd etmək istəmişdir ki, qanunsuz keçirilən attestasiyanın nəticələri əsasında faktiki olaraq işçilərə təzyiq göstərilərək öz arzusu ilə işdən azad edilməsi barədə ərizələri alınmışdır. Cavabdeh attestasiyanın keçirilməsi səlahiyyəti ilə bağlı AR Əmək Məcəlləsinə və “Mədəniyyət üzrə Elmi-Metodiki və X3”nə əsaslanır. İşəgötürən tərəfindən işçilərə təqdim etdiyi bildirişdə qeyd olunur ki, son 5 il müddətində işçilərin peşə hazırlq səviyyəsi yoxlanılır. Burda bir sual yaranır “Mədəniyyət üzrə Elmi-Metodiki və X3”nə əsasən keçirdiyi attestasiyadan əvvəl işçilərin peşə səviyyəsin artırılması və vəzifəyə uyğun olması ilə bağlı hər hansı tədbirləri ümiyyətlə təşkil etmişdir? “Mədəniyyət üzrə Elmi-Metodiki və X3”nin 3.3.-cü, 3.4-cü, 3.11-ci, 3.20-ci, 3.21-ci, 3.24-cü, 3.26-cı, 3.29-cu maddələrinə əsasən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birbaşa vəzifəsidir ki, işçilərin peşəkar fəaliyyətinin yaxşılaşdırılması üçün, onların peşə səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər (seminarlar, təlimlər, vebinarlar, və digər) gürülməlidir. Lakin, attestasiya keçirilməsindən öncə son 5 il müddətində bu cür tədbirlər keçirilməmişdir və qeyd olunan tədbirlər keçirilmədən xx.xx.2024-cü il tarixində attestasiya yaradılır və üstündən bir ay yarım keçəndən sonra attestasiya keçirilir. Bu fakt qeyd olunan attestasiyanın obyektiv və qərəzli olmaması ilə bağlı real şübhələr yaradır. İddiaçıya və attestasiyada iştirak edən digər işçilərə attestasiya komissiyasının qərarını əks etdirən attestasiya vərəqəsi təqdim olunmamışdır, bundan əlavə olaraq, attestasiyanın keçirilməsi ilə bağlı verilən cavablar hansı qiymətləndirilmə metodikaya əsasən qiymətləndirilməsi barədə işçilərə heç bir məlumat verilməmişdir. Hesab etmişdir ki, keçirilən attestasiya adı ilə, sadəcə işçilərin ixtisarı icra olunmuşdur. Qeyd etmək istəmişdir ki, cavabdeh tərəfindən keçirilən attestasiyada təqdim edilən suallar birbaşa iddiaçının tutduğu vəzifəyə uyğun deyil, faktiki olaraq işəgötürən vəzifə təlimatlarına uyğun olmayan suallar attestasiyaya çıxarmışdır. Attestasiyada təqdim olunan suallar ümümi bilik suallarına aiddir işçinin tutuduğu və hər gün icra etdiyi vəzifələrinə aidiyyatı yoxdur. Faktiki olaraq qeyd olunan komissiyanın üzvləri barədə məlumat verilməmişdir işçilərə, yanı kim tərəfindən və hansı metodikaya uyğun olaraq qiymətləndrilməsi barədə heç bir məlumat verilməmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-24-2/3-01-k- 76/2024 saylı əmrin ləğv edilməsi və onun tutduğu vəzifəsinə işə bərpa edilməsi, onun işə bərpa olunana qədər məcburi işburaxma müddətin tutduğu vəzifəyə uyğun olaraq əmək haqqının (697 manatın) hesablanaraq cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi, o, işə bərpa olunana qədər əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının (697 manatın) 3 faizi yəni 20.91 manat ödənişin cavabdeh tərəfindən ona ödənilməsi, ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddiaçının iahatın oxşar izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi X7 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiaçıya attestasiyanın keçirilməsi ilə bağlı xəbərdarlıq təqdim edilmiş və o, imza çəkərək qəbul etmişdir. Həmin xəbərdarlıqda attestasiyanın 1 ay sonra keçirilməsi bəlli olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24- 2/3-01-k-76/2024 əmrinə əsasən mədəniyyət üzrə Elmi-Metodiki və X1 və inkişaf şöbəsinin layihələrinin idarə edilməsi sektorunun mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f- 20/2024 saylı əmrində qeyd edilmmişdir ki, 1.İşçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə 7 nəfərdən ibarət Attestasiya Komissiyası yaradılsın. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Mərkəzin işçilərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 97 saylı qərarı ilə təsdiq edilmiş Azerbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olaraq attestasiyadan keçirilsinlər. 3. İşçilərin attestasiyasını həyata keçirilməsi üçün aşağıda göstərilən təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət “Komissiya” yaradılsın: 4. Komissiyaya tapşırılsın ki; 4.1 Attestasiya işini aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azerbaycan Respublikasının əmək qanurvericiliyinin, işçilərin attestasiya qaydalarının tələblərinə əməl edilməklə aparsın və rəsmiləşdirsin; 4.2 Attestasiyadan keçən işçilərin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçilərin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etsin; 4.3 Attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə emək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməsini təmin etsin. 4.4 Xüsusi bilik tələb edən vəzifələr üzrə işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün daha yüksək ixtisasa malik mütəxəssislərin cəlb edilməsi və "Komissiya"nın tərkibinə daxil edilməsi, uKomissiya”nın və Attestasiyanın keçirilməsinə 1 ay qalmış attestasiyadan keçən işçilər, attestasiyanın keçirilməsi və attestasiyanın keçirilməsi qaydaları barədə məlumatlandırılması attestasiyanın katibinə (Z.Zeynalova) həvalə edilsin. 4.5 Bu əmrin tələblərinin pozulmasına görə təqsirli bilinən işçilərin intizam məsluiyyətinə cəlb olunması əsas sayılsın. İş materiallarında olan iddiaçıya ünvanlanmış xəbərdarlıq bildirişi № 17-dən görünür ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktorunun xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyası yaradılmışdır. Nəzərinə çatdırılmışdır ki, o, attestasiya olunacaq işçilər kateqoriyasına aiddir. xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrlə təsdiq edilmiş Mədəniyyət üzrə Elmi-Metodiki və X2 Komissiyasının yaradılması haqqında sənədlə Mərkəzin İnsan resurslarının idarə edilməsi sektorunda tanış ola bilər. Attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunmaqla, tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədlərini (sertifikat, diplom və s.) attestasiya komissiyasına təqdim etməsi xahiş olunmuşdur. Xəbərdarlıqda attestasiya zamanı sualların verilməsi nəzərdə tutulmuş məsələlərin siyahısı əlavə edilmiş, eyni zaman bu xəbərdarlığın xx.xx.2024-cü il tarixdə qüvvəyə minəcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, xx.xx.2024-cü tarixində Planlaşdırma və inkişaf şöbəsinin layihələrinin idarə edilməsi sektorunun mütəxəssisi İddiaçı mədəniyyət üzrə Elmi-Metodiki və X5 Atesstasiya Komissiyası tərəfindən təşkil olunan attestasiyada səhhəti ilə əlaqədar iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, xx.xx.2024-cü tarixində Planlaşdırma və inkişaf şöbəsinin layihələrinin idarə edilməsi sektorunun mütəxəssisi İddiaçı mədəniyyət üzrə Elmi-Metodiki və X5 Atesstasiya Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixində təşkil olunan attestasiyada iştirak etməmiş və yenidən xx.xx.2024-cü il tarixində 2-ci dəfə təşkil olunan attestasiyada israrlı şəkildə iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilməklə işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) göstərilməklə qəbul edilmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Həmin Məcəllənin 67-ci maddəsinin 6-cı bəndinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetin Qərarının 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Məhkəmə qeyd edir ki, iş materiallarında attestasiyanın başlamasına 1 ay qalmış iddiaçıya məlumat verilməsi iş materialları ilə müəyyən edilmir. Ayrıca iş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək səhhəti ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan atesstasiya komissiyasının əsasnaməsinin 6.1.5-ci bəndində qeyd edilmişdir ki, işçi üzrlü səbəb olmadan attestasiya komisiyasının iclasına gəlmədikdə o, attestasiyadan keçirilməmiş hesab edilir və həmin işçi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. İş materiallarında olan atesstasiya komissiyasının əsasnaməsinin 6.1.6-cı bəndində qeyd edilmişdir ki, işçi üzrlü səbəbdən attestasiya komisiyasının iclasına gəlmədikdə o, attestasiyadan keçməmiş hesab edilir. Həmin işçi attestasiya komissiyasının növbəti iclasında bu qaydaya uyğun olaraq attestasiyadan keçməlidir. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetin Qərarının 2.3-cü bəndinə əsasən attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər. Cavabdeh tərəfindən peşə öhdəliklərinin və müvafiq attestasiyadan yayınmaya dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda, İddiaçı xx.xx.2024-cü il tarixdə təşkil olunan attestasiyada iştirak etməməsi yenidən həmin tarixdə 2-ci dəfə təşkil olunan attestasiyada israrlı şəkildə iştirak etməkdən imtina etməsi göstərilmişdir. Halbuki, iş materialları ilə ikinci attestasiyanın keçirilməsi vaxtı barədə iddiaçının müvafiq qaydada məlumatlandırılmasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş attestasiya vərəqində isə İddiaçı dəfələrlə dəvət olunmasına baxmayaraq attestasiyada iştirak etməkdən imtina etməsi, müxtəlif bəhanələrlə boyun qaçırmaqla gəlmədiyi qeyd edilmiş, sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə attestasiya vərəqi tərtib edilən zaman iddiaçının xx.xx.2024-cü ilə qədər üzrlü səbəbdən işdən azad olmasına dair sübut məhkəməyə təqdim edilmişdir. Bununla onun xx.xx.2024-cü il tarixdə keçirilən attestasiya iclasında üzrlü səbəbdən iştirak etmədiyi sübut olunur. Növbəti xx.xx.2024-cü il tarixli iclasda iştirak etməməsi onun imtinası ilə bağlıdır və bu imtina ilk dəfə ifadə edilməklə, işçinin hazır olmaması dəlili ilə bağlıdır ki, bu dəlilin üzrlü sayılması mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yuxarıda göstərilən hallar əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir (maddənin “b” bəndi). Əmək intizamı işəgötürənin daxili qaydaları ilə müəyyən edilmiş bütün işçilər üçün məcburi davranış qaydalarıdır. Buna görə də, təkcə əmək müqaviləsinin şərtlərinə əməl edilməməsi deyil, həm də işəgötürənin daxili qaydalarının tələblərinə məhəl qoyulmaması intizam pozuntusu hesab olunur. Əmək müqaviləsi işçinin qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini əks etdirir, işəgötürənin daxili normativ hüquqi aktlarında isə bu hüquq və vəzifələr konkretləşdirilir və aydınlaşdırılır. Mülki işdə mübahisənin yaranması səbəbi attestasiyadan keçməkdən imtina edilməsi nəticəsində işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi əsası ilə onun əmək müqaviləsinə xitam verilməsidir. Qeyd olunan hal isə, yəni attestasiyada iştirak etməkdən imtina üzrlü və üzürsüz olması araşdırılmaqla, işçinin peşəkarlıq səviyyəsinin olçülməsi ilə onun tutduğu vəzifəyə uyğun olmamasını deyil, intizam qaydalarının pozmasını bildirən haldır. İntizam qaydalarının pozması isə işçinin əmək müqaviləsi və ya daxili intizam qaydaları ilə müəyyən edilən vəzifələrin icra edilməməsi başa düşülür. Belə olduğu təqdirdə, intizamsızlığın davamlı və ya kobud pozuntu hesab edilməsi halları araşdırılmalı və nəticələrindən asılı olaraq əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülməsi təmin edilməlidir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən hissədə iddia tələbi əsaslı olmaqla İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzində “Planlaşdırma və inkişaf” şöbəsinin layihələrin idarə edilməsi sektorunun mütəxəssisi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya işə çıxdığı günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa olunana qədər əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının (697 manatın) 3 faizi yəni 20.91 manat ödənişin cavabdeh tərəfindən ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə iddianın qeyd edilən hissəsinin qismən təmin olunmalı qənaətinə gəlməklə, İddiaçı işə bərpa olunanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 manat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzindən alınaraq, İddiaçı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-76/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzində “Planlaşdırma və inkişaf” şöbəsinin layihələrin idarə edilməsi sektorunun mütəxəssisi vəzifəsinə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməli, İddiaçı işə bərpa olunanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməli, İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzindən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə məhkəmə hesab edir ki, 100 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-76/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzində “Planlaşdırma və inkişaf” şöbəsinin layihələrin idarə edilməsi sektorunun mütəxəssisi vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilsin. İddiaçı işə bərpa olunanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzindən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzindən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3474/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3474/2024
26.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver