Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3512/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və kompensasiya» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 53 manat pulun, müvafiq kompensasiya məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci ildə «Art Gərdən» restoranına həmin restoranın direktoru Cavabdeh tərəfindən işə götürülmüşdür. Daha sonra, iddiaçının Cavabdeh ilə bağlanmış əvvəlki əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilmişdir. İddiaçı hazırda bununla razılaşmırvə işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. «Art Gərdən» restoranında fəaliyyət göstərdiyi müdddət ərzində əmək sərəncamına daxil olan bütün vəzifələri vaxtı-vaxtında və lazımınca yerinə yetirmişdir. Rəhbərlik tərəfindən İddiaçı hər hansı mənfi münasibət olmamışdır. xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixinə qədər faktiki olaraq «Art Gərdən» restoranında faktiki olaraq çalışmışdır. Əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. İş yoldaşları ilə münaqişədə olmamış, hər zaman əmək funksiyalarını yüksək səviyyədə icra etmişdir. İş yerində daim nizam-intizamlı işçi olaraq tanınmış, heç bir zərərli vərdişi olmayan bir şəxsdir. Lakin iddiaçı ilə əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, 25 yanvar 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi (müəssisə ləğv edildikdə) xitam verilmişdir. Qeyd edilir ki, iddiaçının mübahisənin «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq tənzimlənməsi üçün cəhdləri heç bir səmərə verməmişdir. Bakı şəhər 9 saylı Mediasiya təşkilatının mediatoru X1 xx.xx.2022-ci il tarixli № MŞB/9-00091 saylı İlkin mediasya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışda qeyd edilir ki, tərəflər ilkin mediasiya sesssiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Qeyd etmək istəyir ki, Cavabdeh yol verdiyi pozuntulara dair İddiaçı tərəfindən edilmiş müraciətə verilmiş cavabda onunla əmək müqaviləsi bağlanılmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyi göstərilmişdir. Lakin elə həmin cavabda davam edən inzibati xətanın törədildiyi son gün xx.xx.2022-ci il tarixə təsadüf etdiyindən fərdi sahibkar Cavabdeh əməllərində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığı göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2022-ci il tarixi göstərilsə də, bu barədə əmək müqaviləsinə xitamla bağlı ona heç bir sənəd imzalatdırılmamışdır. Ona əmək müqaviləsinə xitamla bağlı məlumat xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tələb olunan sənədlərdən; əmək müqaviləsi surəti, əmək müqaviləsi bildirişi, işdən çıxarma ərizəsi və xitam üzrə əmr, əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəlləri, əmək məzuniyyəti hüququndan istifadə ilə əmrlər, son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlər, iş vaxtının uçotu tabellləri, əmək kitabçasi) heç biri müvafiq orqana təqdim olunmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, əmək müqaviləsinə xitama dair əmək müqaviləsi bildirişində əmək müqavilisinə xitam əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi ilə xitam verilmişdir. Lakin qeyd etmək istəyir ki, adıçəkilən müəssisə hal-hazırda da fəaliyyət göstərir, ləğv olunmayıb. Hesab edirlər ki, xx.xx.2022-ci il tarixli işdən çıxarma əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməli və iddiaçının digər iddia tələbləri təmin edilməlidir. Cavabdeh şəxsin qanunsuz hərəkətləri nəticəsində iddiaçı maddi zərərə məruz qalmışdır. Məruz qaldığı maddi zərər aşağıdakı məbləğlərdən ibarətdir: məcburi iş buraxma müddəti üçün olan müddətin orta əmək haqqı (işə bərpa olunan tarixə qədərki müddət üçün hesablanmalıdır); 50 manat mediator xərci, 3 manat poçt və yazışma xərci, cəmi 53 manat. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, bu iş üzrə iddia tələbi cavabdeh tərəfindən qəbul edilən 25 yanvar 2022-ci il tarixli işdənçıxarma əmrinin ləğv edilməsi, işə bərpa edilmə, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsidir. Cavabdeh xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. İddiaçı bu barədə məlumatlandırılmış və iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə mediasiya prosesinin tətbiq olunması barədə təklif göndərmişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət edərək mediator təyin olunmasını xahiş etmişdir. Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə MŞB/9-00091 saylı arayış verilmişdir. İddiaçı bundan sonra 2022-ci ilin iyul ayında ərizə ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə və «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək qeyd edir ki, əmrin iddiaçıya özünün də qeyd etdiyi kimi 8 fevral 2022-ci il tarixdə çatdırıldığını nəzərə alaraq, bununla əlaqədar iddia müddəti həmin tarixdən başlayır və cavabdehə mediasiya prosesinin tətbiq olunması barədə təklifin göndərilmə tarixi olan xx.xx.2022-ci il tarixdə dayandırılır. xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın verilməsi ilə iddia müddətinin axımı bərpa olmuş və iddia ərizəsinin məhkəməyə verildiyi 2022-ci ilin iyul ayında kəsilmişdir. Göründüyü kimi, qeyd olunan iddia müddəti axımına daxil olan tarixləri topladıqda 3 aydan artıq müddət edir. Bu isə qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 aylıq müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmədən iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 25 yanvar 2022-ci il tarixli 17 saylı əmrinə əsasən iddiaçı ilə bağlanması qeyd olunan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MŞB/9- 00091 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 21 iyun 2022-ci il tarixdə saat 14:00-14:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etsələr də, bundan sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci özü ödəmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixdə bu barədə xəbərdar edilmiş, xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiq olunması barədə təklif göndərmiş, xx.xx.2022-ci il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət edərək mediator təyin olunmasını xahiş etmiş, Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə MŞB/9-00091 saylı «ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə» arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız 2022-ci ilin iyul ayında müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəf məhkəməyə mübahisələndirilən əmrin təsdiq olunmuş surətini təqdim etməmişdir. Bundan əlavə, cavabdeh tərəf müəssisənin ləğv edilməsi, yaxud ixtisar aparılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən o cümlədən, X2 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, işə götürən fərdi sahibkar Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd edilən müddətin xeyli ötürülməsini Əmək Müfəttişliyinə çoxsaylı müraciətlər etməsi ilə əlaqələndirir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Qərarına əsasən Plenum X2 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Göründüyü kimi, qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: · yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; · müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması; Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər. Müraciətdə göstərilmişdir ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə müraciət etməzdən əvvəl əksər hallarda X2 Xidmətinə müraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X2 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X2 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçının Əmək Müfəttişliyinə müraciət etməsi səbəbindən iddia müddətini ötürməsi üzrlü hal hesab olunmur. İddiaçı hər bir halda qanunla müəyyən edilmiş 1 ay iddia müddəti ərzində məhkəməyə iddia ərizəsi təqdim etməli idi. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və kompensasiya» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və kompensasiya» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-3512/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3512/2022
31.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver