Məhkəmə qərarları › İş №2(006)-3516/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3516/2025

15.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3516/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla və «Avropa Nəşriyyatı MMC» arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi (xitam verilmiş hesab edilməsi) və ona aid əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində etibarsız hesab olunmasına və onun adının «Avropa Nəşriyyatı MMC»-nin işçisi kimi sistemdən silinməsinə dair xahiş etmişdir. Sonradan iddianın dəqiqləşdiriləmsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də baş redaktorun müavini vəzifəsinə işə düzəlmiş və cavabdehlə əmək müqaviləsi bağlamışdır. O, həmin MMC-də 4 ay işləmiş, sonra "xxxx" MMC-nin direktoru Şöhrət Səlimbəyil vəfat etmişdir. O, vəfat etdiyindən MMC bağlanmış və işə çıxmamışdır. MMC-nin direktorunun adına olan VÖEN-i onun arvadı Vergilər Nazirliyinə gedib bağlatdırmış, lakin bu günə qədər onu işdən azad edən olmamış, onu işdən azad edən və onun əmək müqaviləsinə xitam verən şəxs də yoxdur. Hal-hazırda o, işə düzəlmək istəyir, lakin onun əmək müqaviləsinə bildirişlərin mərkəzləşdirilmiş elektron informasiya sistemində xitam verilməmişdir, bu səbəbdən də o, başqa işə düzələ bilmir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə göndərilmiş bildirişlər poçt xidməti tərəfindən ona çatdırılmadan geri qaytarılmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış iddiaçının gəlir məlumatlarına əsasən, İddiaçı "xxxx" MMC-də redaktor vəzifəsində işləyir və əmək haqqı 250 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-2-1/2-50218/2025 saylı məktubuna əsasən İdarədə olan reyestrdə xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/10-2025-00210 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən, "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-13- 1208/25 saylı X1 ölümü barədə hər hansı məlumat aşkar olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, şirkət fəaliyyətini dayandırması səbəbindən İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin xitamına müvəffəq ola bilmir. Məhkəmə hesab edir ki, işçilərin işə qəbul olunmaqla bağlı müqavilə bağlamaq sərbəstliyi, yəni əmək müqaviləsinin tərəflərin iradə sərbəstliyi əsasında bağlanması işçilərin əmək qanunvericiliyi ilə qorunan əsas hüquqlarından olduğu kimi, onların bağladıqları əmək müqaviləsinə xitam verilməsini tələb etmələri də həmin qanunvericiliklə tənzimlənən əsas hüquqlarından biridir. Məhz bu səbəbdəndir ki, əmək qanunvericiliyi əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsini, məcburi əməyə cəlb edən təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini nəzərdə tutmaqla məcburi əməyi qadağan etmişdir. İddianın qaldırılmasına səbəb şirkətin fəaliyyətinin dayandırılmasına baxmayaraq onunla olan əmək müqaviləsinə xitam verilməməsi, bununla da iddiaçının başqa yerdə işə qəbul oluna bilməməsidir. Göründüyü kimi, iddiaçının qüvvədə olan əmək müqaviləsinin olması və həmin müqaviləyə xitam verilməməsi onun sosial hüquqlarının həyata keçirilməsinə, eyni zamanda tam iş vaxtı işləməsi, digər şəxslərlə əmək müqaviləsi bağlaması ilə bağlı hüquqlarını həyata keçirməsinə maneələr yaradır Məhkəmə hesab edir ki, hazırda işəgötürən öz fəaliyyətini dayandırdığından, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar