Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-352/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə 14/20 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iş yeri olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Satış üzrə Regional Menecer vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının hesablanıb Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 04 may 2023-cü il tarixli “müddətsiz” əmək müqaviləsi bağlanmışdır. Nümayəndəlik tərəfindən ona ünvanlanmış 23 aprel 2024-cü il tarixli məktubdan məlum olmuşdur ki, 04 may 2023-cü il tarixli əmək müqaviləsinə 01 mart 2024-cü il tarixli əmrlə, 24 yanvar 2024-cü il tarixindən “Əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. 04 may 2023-cü il tarixli Müqaviləyə 24 yanvar 2024-cü il tarixindən xitam verilmiş kimi rəsmiləşdirilsə də, hətta 01 mart 2024-cü il tarixindən sonra da əmək fəaliyyəti ilə məşğul olmuş və 04 may 2023-cü il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmin faktlar, onunla işəgötürən arasında və eləcə də onunla işəgötürənin müştəriləri arasında, tərəfindən vəzifə səlahiyyətlərinə aid işlərin görülməsini göstərən email və WhatsApp yazışmaları ilə təsdiqlənir. Əmək müqaviləsinə xitam verilməsi barədə sənədlər ona rəsmi olaraq təqdim edilmədiyindən cavabdehə 02 aprel 2024-cü il tarixli ərizə ilə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi sənədləri (əmri, əmək kitabçasını və son haqqhesab barədə məlumatları) ona rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. Cavabdeh 23 aprel 2024-cü il tarixli məktubla ərizəsinə cavab olaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair rəsmi tələb olunan sənədlərin siyahısı onlara qoşmada təqdim olunur. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdikdən sonra, mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə İŞB/6-00837 nömrəli, xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Etiraz ərizəsinin əsaslandırıldığı hallar: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı qismində məhkəməyə müraciət edən İddiaçı ilə (bundan sonra "İddiaçı") "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 04 may 2023-cü il tarixində əmək müqaviləsi bağlanılmış və o, satış üzrə Regional Menecer vəzifəsinə işə götürülmüşdür. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən yanlışlıqla yerli işçilərlə bağlanılan əmək müqaviləsi şablonundan istifadə edilmişdir. Yerli işçilərlə əmək müqavilələri müddətsiz bağlandığı halda, iddiaçının əcnəbi olması və iş icazəsi əsasında işə cəlb edildiyi faktı yanlışlıqla nəzərə alınmamışdır. İddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş iş icazəsinin qüvvədə olma müddəti 24 yanvar 2024-cü il tarixdə bitmişdir. Bir qayda olaraq, iş və müvəqqəti yaşamaq üçün icazə alınması məqsədilə Şirkət ilkin olaraq müştərisi olan BP şirkətindən təsdiq məktubu almalı və həmin təsdiq məktubu əsasında Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Təəssüf ki, iddiaçının iş icazəsinin müddətinin uzadılması müştəri tərəfindən dəstəklənməmiş və səbəb olaraq aşağıdakı hallara istinad olunmuşdur: Ümumilikdə İddiaçı regionumuz üçün bir dəyər qatmır. O Şəxs adətən ofisdə olmur və xüsusilə SDX-8 açıq çuxur işi üçün avadanlıq çatdırılması ilə bağlı problemlər yaşadığı bir zamanda regiondakı əməliyyatları dəstəklədiyi barədə hər hansı bir fəaliyyətini görməmişlər. Onun tamamlama və müdaxilə komandalarının regionda onların yeni texnologiyaları sınamağının qarşısını alan və Baker Hughes - BP əlaqələrinə mənfi təsir göstərən SİT testləri üçün ödəniş tələb etməsi kifayət qədər narahatlıq yaradır. Onunla yeganə söhbəti zamanı onun E-line müqaviləsindən xəbərdar olmadığı ortaya çıxmış və yenə də o, xüsusilə Dect-002 kəsicinin iş üçün çatdırılmasında əksinə hərəkət etməyə təşviq etmişdir. İddiaçının Şirkətdə Regional Menecer kimi fəaliyyəti BP ilə işgüzar münasibətlərə mənfi təsir göstərməklə yanaşı, BP tərəfindən verilmiş təsdiq məktubu olmadıqca əcnəbinin iş icazəsinin uzadılması üçün müraciət edilməsi də qeyri-mümkün idi. Eyni zamanda, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi iş icazəsi əsasında cəlb edilmiş əcnəbilərlə müddətsiz əmək müqaviləsinin bağlanmasına imkan vermir. Bu səbəbdəndir ki, iş icazəsinin müddətinin bitdiyi tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsində müəyyən edilmiş ən uyğun əsasla ("əmək müqaviləsinin müddətinin bitməsi") əmək müqaviləsinə xitam verilməli idi. İddiaçıya əmək kitabçasını və xitam haqqında əmri götürməyi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq, şəxs bu sənədləri vaxtında götürməkdən boyun qaçırmışdır. Bununla bağlı aşağıdakılar qeyd olunur: 1) İddiaçıya 29 fevral 2024-cü il tarixində iş icazəsi müddətinin bitdiyi üçün əmək münasibətlərinə davam edə bilməcəyi haqqında rəsmi məlumat verilmişdir; 2) İddiaçıya həmçinin, müştəri (BP) tərəfindən təsdiq alınmadığı üçün onun iş icazəsinin uzadılmasının mümkün olmadığı izah edilmişdir; 3) İddiaçıya əmək müqaviləsinə (i) müddətin bitməsi; və ya (ii) qarşılıqlı razılıq əsasında xitam verilməsi üçün seçim şansı yaradılmışdır. Yuxarıda qeyd olunanlar müvafiq yazışmalarda öz əksini tapmışdır və sübut olaraq, ərizəyə əlavə edilir. İddiaçı ona təqdim olunmuş seçim hüququndan istifadə etmədiyi üçün bir neçə dəfə ardıcıl məlumatlandırılmaqla İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 mart 2024-cü il tarixində "müddətin bitməsi" əsası ilə xitam verilmiş və İddiaçıya son haqq-hesabı da müvafiq qaydada ödənilmişdir. Bununla yanaşı, İddiaçı Şirkətin 14 mart 2024-cü il tarixli yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsinə görə ödəniş tələbi məktubumuza cavab olaraq xitam barədə guya məlumatlı olmadığını bildirmiş və Şirkətdən xitam sənədlərini tələb etmişdir. Əmək kitabçası iddiaçıya əvvəllər də göndərilməyə çalışılmış, iddiaçı ofisdə olmadığı və yaşadığı ünvan haqqında da düzgün məlumat vermədiyi üçün əmək kitabçasının vaxtında çatdırılması mümkün olmamışdır. Xitam bildirişi və son haqq-hesabı İddiaçıya xitam günündə verilmiş, lakin əmək kitabçasının İddiaçıya təqdim edilməsi onun səhlənkarlığı ucbatından yalnız 23 aprel 2024-cü il tarixində mümkün olmuşdur. Odur ki, məhkəmədən iddiaçi İddiaçı tərəfindən Şirkətə qarşı verilmiş iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar: Hazırkı tələblə bağlı iddia müddəti ötürülmüşdür. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlardan göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə 1 mart 2024-cü il tarixində xitam verildiyi barədə məlumatlı idi. Həmçinin, iddiaçının əmək haqqı hesabına Şirkət tərəfindən 1 mart 2024-cü il tarixdə son haqq-hesabı kimi 47,177.44 AZN (qırx yeddi min yüz yetmiş yeddi manat, qırx dörd qəpik) məbləğində pul vəsaiti oturmuşdur. Beləliklə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi haqqında bir neçə dəfə həm onlayn şəkildə (e-mail yazışmaları vasitəsilə), həm üzbəüz görüşlərdə, həm də Teams vasitəsilə zəngdə məlumatlandırılmış, bununla yanaşı onun bank hesabına daxil olmuş məbləğdən də artıq əmək müqaviləsinə xitam verildiyi barədə məlumatlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirlər ki, məhkəmə tərəfindən iddia müddətinin axımının başlanması kimi məhz 1 mart 2024-cü il tarixi əsas götürülməlidir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən 30 aprel 2024-cü il tarixində mediasiyaya müraciət edilmiş və 6 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixində arayış təqdim edilmişdir. Arayışdan bir ay sonra iddiaçı tərəfindən məhz 20 iyun 2024-cü il tarixli ərizə ilə məhkəməyə işə bərpa tələbi ilə müraciət edilmişdir. Məhkəməyə müraciətin əsl tarixi də məhkəmə tərəfindən nəzərdən keçirilməlidir. Odur ki, iddia müddəti ötürülmüş hesab edilməklə, İddiaçı tərəfindən Şirkətə qarşı verilmiş iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Şirkət tərəfindən İddiaçı ödənilmiş və təyinatı üzrə istifadə edilməmiş 16,380 AZN məbləğində yaşayış müavinətinin tam məbləğinin İddiaçı tutularaq Şirkətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qismində məhkəməyə müraciət edən İddiaçı ilə "X4 İnternatıonal LLC" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra "Şirkət”) arasında 04 may 2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə iş icazəsinin müddətinin bitməsi ilə əlaqədar 01 mart 2024-cü il tarixində xitam verilmişdir. Bununla, İddiaçı Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində qeyd etdikləri iddia tələblərini qəbul etməyərək, aşağıdakıları bildirməyi zəruri hesab edir. İddiaçı Şirkətdə işlədiyi müddətdə, yəni, 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək Şirkət tərəfindən ona Bakı şəhərində mənzil kirayəyə götürməsi üçün ümumilikdə 16,380 AZN (on altı min üç yüz- səksən manat) məbləğində yaşayış müavinəti ödənilmişdir. Sonradan isə məlum olmuşdur ki, İddiaçı müavinəti almasına baxmayaraq onu təyinatı üzrə istifadə etməmiş, heç bir mənzil kirayələməmiş, əksinə, icarə haqqı Şirkət tərəfindən ödənilən mənzildə məskunlaşmışdır. Beləliklə, İddiaçı özbaşına olaraq heç bir xəbərdarlıq etmədən Şirkətin öz işçilərinin qalması üçün icarəyə götürdüyü Bakı şəhəri, Nərimanov prospekti 4, AZ1006 ünvanında yerləşən "X6" binasında yerləşərək bütün müddət ərzində orada yaşamışdır. Bununla bağlı, İddiaçı 14 mart 2024-cü il tarixində: Yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsi, Plaza binasındakı otağın İddiaçı tərəfindən özbaşına tutulması tələblərini əhatə edən pretenziya məktubu göndərilmiş və ondan təyinatı üzrə istifadə edilməmiş müavinətin geri qaytarılması və Plaza binasında özbaşına tutduğu mənzili boşaldıb təhvil verməsi tələb edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3 iddianın məzmununa uyğun izahat verərək ilk iddianı müdafiə edərək məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, iddiaçı faktiki olaraq əmək müqaviləsinə xitam verildiyindən xəbəri olmadığı üçün 23 aprel 2024-cü il tarixə kimi əmək funksiyalarını yerinə yetirmişdir. Yanvar, fevral ayları üçün əmək haqqını almamışdır. 01 mart 2024-cü il tarixində əmək müqaviləsinə xitam verdikdə 24 yanvar 2024-cü il tarixi yazdıqları üçün həmin tarixə qədər olan əmək haqqı ödənilmişdir. Əmək haqqı iddiaçının kart hesabına köçürülmüşdür. Son haqq-hesab barədə onlarda məlumat yoxdur. X3 tərəfindən qərar qəbul olunub ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar birbaşa pozuntuya yol verilmişdir. İddiaçının cavabdeh şirkətdə xx.xx.2024-cü il tarixdə işləməsi barədə mail yazışmaları var. Əmək kitabçası iddiaçıya 24 aprel 2024-cü il tarixdə çatdırılmışdır. Buna görə də iddia müddəti ötürülməmişdir. Qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, əmək müqaviləsində işçiyə verilən əmək haqqı 15.490 manat nəzərdə tutulmuşdur. Əlavə ödənişlə bağlı bir hal yoxdur. Şirkətin plazasının adminstratoru iddiaçının orada qalması barədə lazımi məlumatları verməli idi. Belə bir məlumatı tərəf verməməlidir. İddiaçı mənzilə göndərilərkən ona rəsmi şəkildə e-mailinə məktub gəlib. Cavabdeh tərəfin dediyinə görə şəxsin müqaviləsinə 1 mart tarixində xitam verilib, lakin ona son haqq-hesab yanvar ayında ödənilib. Lakin fevral ayında işçilər yoxlanarkən, soruşulub ki, İddiaçı hardadır? Deyilib ki, işə görə xaricdədir. Tərəf inzibati xəta haqqında qərarı icra etməyibsə, o, İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyır. Tələb isə odur ki, şirkət dəymiş ziyanı ödəyin, ya da iddiaçını işə bərpa edin. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, cavabdeh tərəf İddiaçı plazadakı mənzildə qalmasından məlumatlı idilər, sadəcə iddiaçı iddia qaldırsa idi, onlar da 16.000 manatı tələb edəcəkdilər. Bu bir təsir vasitəsidir. İddiaçı orda qalmasa idi belə, onlara ziyan dəyməyəcəkdi, çünki ödəniş stabil olaraq qalır. Əmək Məcəlləsinə görə, işçiyə ödənilən son haqq-hesab qanuni qüvvəyə minənədək ödənilməlidir. Şirkət pozuntuya yol verib. İnzibati xəta haqqında qərara, əsasən, iddiaçı işə bərpa olunmalıdır. Qərarın mübahisləndirilmə müddəti də ötürülüb. İddiaçı Rusiyada «X1 LLC» Şirkətində işləyirdi. Bu şirkət bağlananda ona deyildi ki, “ya sənə kompensasiya ödəyək işdən çıx, ya da Azərbaycanda olan nümayəndəliyimizə müddətsiz əmək müqaviləsi ilə göndərək”. Şəxs də Azərbaycana gəlməyi seçir, lakin müddətsiz əmək müqaviləsi məsələsi «X1 LLC» Şirkəti və Azərbaycanda olan nümayəndəlik arasında olan qeyri-rəsmi razılaşmaya əsasən doğru deyilmiş. İddiaçıya deyilib ki, işdən azad ediləcək, çünki əmək müqaviləsinin uzadılması ilə bağlı razılaşma yoxdur. Kimin razılaşması yoxdur? Bu hal daxili qaydada olsa idi belə, qanuna ziddir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, Əmək müqaviləsinə 24 yanvar 2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixində xitam verilməsinə səbəb BP Şirkəti ilə olan yazışmaların uzun çəkməsi olmuşdur. Şirkət iddiaçının əmək müqaviləsinin müddətinin uzadılacağını nəzərdə tutmuşdur. Fevral və mart aylarında iddiaçı işə cəlb olunmamışdır. Ona görə də həmin aylar üçün əmək haqqı ödənilməmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən yanlışlıqla yerli işçilərlə bağlanılan müddətsiz əmək müqaviləsi şablonundan istifadə edilmişdir. Fevralın 28-29-u iddiaçıya görüş təklif olunur, lakin iddiaçı deyir ki, xaricdədir. Yanvarın 24-dən sonra iddiaçı işləməmişdir. Qəbul edir ki, işəgötürənin də səhvi olmuşdur, əmr sistemə düzgün yerləşdirilməmişdir. Texniki xəta ucbatından müddətsiz olaraq qeyd olunmuşdur. Müqavilə etibarsızdır, müddətsiz ola bilməzdi. İddiaçı son olaraq 47.000 manat haqq-hesab olaraq ödənilmişdir ki, xx.xx.2024-cü il tarixində əmək müqavilənə xitam veriləcək. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı tərəfindən Şirkətə 30 aprel 2024-cü il tarixli mediasiyaya dəvət məktubu göndərilmişdir. İddiaçı 29 fevral 2024-cü il tarixində onun əmək müqaviləsinə növbəti gün xitam veriləcəyini bildiyi və məlumatlı olduğu halda, mediasiyaya və müvafiq qaydada məhkəməyə müraciət etmək üçün tanınmış iddia müddətini ötürmüşdür. 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayına kimi hər ay iddiaçıya 1820 manat kirayə haqqı ödənilmişdir. İddiaçı tərəfindən həm əlavə kirayə haqqı alınıb, həm də şirkətə məxsus olan ünvanda yaşayıb. Ümumi kirayə haqqı 16.380 manat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdə məlumatları oldu ki, iddiaçı şirkətə məxsus olan mənzildə yaşamışdır. Tərəf ona verilmiş öhdəlik əsasında evdə qalması barədə işəgötürənə məlumat verməlidir. “X6” binasında olan mənzillərə görə şirkət aybaay ödəniş edir. İddiaçı aylıq ödənişlər olur ki, getsin kirayə mənzildə qalsın. İşçiyə əlavə məbləğ ödənilir, işə götürən də istəyir ki, işçi ona ödənilən əlavə məbləği təyinatına uyğun istifadə etsin. İşçi də təyinatı üzrə istifadə etmədiyinidən bütün müddət üçün olan əlavə ödənişləri geri tələb edirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə ilk iddianı qəbul etməyərək qarşılıqlı iddianı müdafiə edərək qarşlıqlı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı satış üzrə Reqional Menecer (Karotaj şöbəsi) vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış və əmək müqaviləsi müddətsiz bağlanmışdır. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2024-cü il tarixili 14/20 saylı əmrindən görünür ki, İddiaçı iş icazəsinin müddəti 24 yanvar 2024-cü il tarixində bitdiyinə görə, onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 24 yanvar 2024-cü il tarixində xitam verilmişdir. Kadrlar və Mühasibtlıq şöbələrinə qanunvericilikdə nəzərdə tutulan son haqq-hesabın və 2023-2024-cü iş illəri üçün istifadə olunmamış məzuniyyət günləri üçün 27.50 (iyirmi yeddi, 50 gün) kompensassiyann hesablanması və həyata keçirilməsi tapşırılması əmr edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı satış üzrə Reqional Menecer (Karotaj şöbəsi) vəzifəsinə işə götürülmüş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (iş icazənin qüvvədə olma müddətinin bitməsi əsasında əmək müqaviləsinin bşa çatması) xitam verilmişdir. İddiaçı Nümayəndəliyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ona ünvanlanmış xx.xx.02024-cü il ytarixdə əmək müqaviləsinə xitam verilməsi baərədə məlumatın əks etdirilməsi bildirilmiş və əmək müqaviləsinə xitam verilməsi barədə sənədlərin ona rəsmi olaraq təqdim olunması xahiş olunmuşdur. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 24/24 nömrəli məktubuna əsasən, Nümayəndəliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, keçmiş əməkdaş İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair rəsmi tələb olunan sənədlərin siyahısı (əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əmək kitabçası və son haqq hesab barədə məlumat) qoşmada təqdim edilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş mühasibatlıq sənədinə əsasən, İddiaçı 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək aylıq 1820 man kirayə haqqı ödənilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən HR002608/74 saylı xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 20 fevral 2024-cü il tarixindən 01 mart 2024-cü il tarixinədək (e-mail) İddiaçı-yə məxsus rəsmi e-mail ünvanı üzərindən elektron poçt yazışmaları. Teams platforması üzərindən 29 fevral 2024-cü il tarixində 25 dəqiqə 27 saniyə uzunluğunda davam edən zəng. Tərəflər arasında zəngdən dərhal sonrakı 29 fevral 2024-cü il tarixli yazışma mətni məhkəməyə təqdim edilmişdir. Qeyd olunan bütün danışıqlar və yazışmalarda İddiaçı lvanoviçə onunla bağlanmış əmək müqaviləsinə 01 mart 2024-cü il tarixində xitam veriləcəyi barədə rəsmi xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 3-17/1-17495/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, “Baker Hughes Services İnt. LLC" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəzifəli şəxsi X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı qüvvədə saxlanılmışdır. Bakı 06 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/06-00837 nömrəli arayışına əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2024-cü il tarixdə saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1 və 32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2023-cü il tarixdən satış üzrə Regional Menecer (Karotaj şöbəsi) vəzifəsinə işə götürülmüş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş iş icazəsinin qüvvədə olma müddəti 24 yanvar 2024-cü il tarixdə bitmişdir. Nümayəndəliyin xx.xx.2024-cü il tarixili 14/20 saylı əmri ilə İddiaçı iş icazəsinin müddəti 24 yanvar 2024-cü il tarixində bitdiyinə görə, onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 24 yanvar 2024-cü il tarixində xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını və işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir və iddiasını, cavabdehin qanunsuz olaraq xx.xx.2024-cü il tarixli əmrlə, onunla bağlanmış əmək müqaviləsinə 24 yanvar 2024-cü il tarixində xitam verilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmasına baxmayaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi ilə əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçı ilə əmək müqaviləsi bağlanarkən yanlışlıqla yerli işçilərlə bağlanılan əmək müqaviləsi şablonundan istifadə edildiyini, yerli işçilərlə əmək müqavilələri müddətsiz bağlandığı halda, iddiaçının əcnəbi olması və iş icazəsi əsasında işə cəlb edildiyi faktının yanlışlıqla nəzərə alınmadığını, iddiaçının iş icazəsi olmadan əmək münasibətlərinin davam etdirilməsinin mümkünsüz olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının işə bərpa olunması ilə bağlı tələbi nəzərə alınaraq ilk növbədə onun işdən çıxarılması ilə bağlı əmrin qanuniliyinə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, müddətsiz əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin yolverilməz olmasına baxmayaraq cavabdeh iddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin bitməsi səbəbindən xitam verilmişdir. Bundan başqa əmrin xx.xx.2024-cü il tarixdə verilməsinə baxmayaraq, müqaviləyə 1 ay 5 gün əvvəlki tarixdə - xx.xx.2024-cü il tarixdə, iş icazəsinin qüvvədə olma müddətinin həmin tarixdə bitməsi əsası ilə xitam verilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olsa da, cavabdeh iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyinidən, həmin ərizə təmin edilməklə, iddia tələbi həmçinin bu əsasla da rədd olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və həmin tarixdə də iddiaçıya son haqq-hesab olaraq 47,177.44 manat ödənilmişdir. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə edilmiş ödənişin iddiaçının fevral və mart aylarında əmək funksiyalarını yerinə yetirməsi müqabilində əmək haqqı kimi ödənildiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan müəyyən olunur ki, tərəflərə bildiriş xx.xx.2024-cü il tarixində çatdırılmışdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əmrlə əmək müqaviləsinə xitam verildikdən və son haqq-hesab ödənildikdən sonra xx.xx.2024cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra mübahisə barədə mediasiya təşkilatına müraciət etmiş, qarşı tərəfə həmin tarixdə təklif göndərilmişdir. Mediasiya sessiyası barışıq sazişi ilə nəticələnməmiş və bu o deməkdir ki, iddia müddətinin axımı mediasiya arayışının verildiyi xx.xx.2024-cü il tarixdən davam etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir. Bununla da, o, iddia ərizəsinin verilməsi müddətini ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Əmək kitabçasının iddiaçı tərəfindən gec əldə olunması, bu səbəbdən iddia müddətinin həmin vaxtdan hesablanmalı olması ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, işəgötürənin İddiaçı 14 mart 2024-cü il tarixində yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsi, Plaza binasındakı otağın İddiaçı tərəfindən özbaşına tutulması tələblərini əhatə edən pretenziyanı iddiaçı xx.xx.2024-cü il tarixdə almış (cild 1, v.58) və pretenziyanı aldıqdan sonra işəgötürənə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq Nümayəndəliyin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almasını bildirmiş və xitam verilmə barədə rəsmi sənədləri işəgötürəndən tələb etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə xitam verilməsindən məlumatlı olmuşdur. Qeyd olunanlar iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunmasını, yəni hüquqlarının pozulmasını bilməsini təsdiq edir. Göründüyü kimi iddiaçı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi İddiaçı ödənilmiş 16,380 AZN məbləğində yaşayış müavinətinin tam məbləğinin şirkətə qaytarılmasını xahiş edir və qarşılıqlı iddiasını onunla əsaslandırır ki, İddiaçı Şirkətdə işlədiyi müddətdə, yəni, 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək Şirkət tərəfindən ona Bakı şəhərində mənzil kirayəyə götürməsi üçün ümumilikdə 16,380 AZN (on altı min üç yüz səksən manat) məbləğində yaşayış müavinəti ödənilsə də, İddiaçı onu təyinatı üzrə istifadə etməmiş, heç bir mənzil kirayələməmiş, əksinə, icarə haqqı Şirkət tərəfindən ödənilən "X6" binasında yerləşən mənzildə məskunlaşmışdır. Məhkəmə qeyd edir ki, şirkət tərəfindən İddiaçı 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək aylıq 1820 manat olmaqla, ümumilikdə 16380 manat kirayə haqqı ödənilməsi, kirayə əsaslarla şirkətin istifadəsində "X6" binasında yerləşən mənzillərin mövcudluğu və həmin mənzillərin məhz əməkdaşların qalması əsası ilə istifadə edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Göründüyü kimi təqdim olunmuş cədvəllərdə, Baker Hughes şirkətinin icarəyə götürdüyü "X6" binasında yerləşən mənzillərdə yaşayacaq şirkətin işçilərinin siyahısına İddiaçı də adı daxil edilmişdir. Bu da onu deməyə əsas verir ki, şirkət könüllü olaraq işçisinə yaşayış sahəsi üçün kirayə haqqı ödəmiş, eyni zamanda kirayəyə götürdüyü mənzildə iddiaçının yaşaması barədə məlumatlı olmuş və son anadək buna etirazını bildirməmişdir. Halbuki aylıq hər bir mənzil üçün kirayə haqqı ödəyərək orada yaşayacaq şəxslərin siyahısını təqdim etməklə İddiaçı də orada yaşaması barədə işəgötürənin məlumatının olmaması ağlabatan deyildir, əksi isə şirkət olaraq cavabdehin müvafiq məsələyə diqqətsiz yanaşmasının nəticəsidir. Bu baxımdan hazırda müvafiq ödənişlərin geri qaytarılmasını məhkəmə bir növ ilkin iddia üzrə iddiaçıya təsir vasitəsi kimi qiymətləndirir. Eyni zamanda ödənilmiş kirayə haqlarının təyinatı üzrə istifadə edilməməsi halında işəgötürən tərəfindən onların geri tələb edilməsinin mümkünlüyü nə əmək müqaviləsində, nə də tərəflər arasında hər hansı əlavə razılaşmada şərtləndirilməmişdir. Beləliklə, məhkəmə qarşılıqlı iddiaya hüquqi qiymət verərək bildirir ki, «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-352/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-352/2025
07.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver