Məhkəmə qərarları › İş №2(006)-3520/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3520/2025

22.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3520/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydi bərpa edilməsini, ad, soyad, ata adı qrafasında Ərizəçi, doğum tarixi qrafasında xx xxxxxx 1977, ata adı qrafasında Qələndər Musa oğlu, ana adı qrafasında Məhərrəmova dünya Möhün qızı, doğulduğu yer Ermənistan Respublikası qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Ermənistan SSRnin Amasiya rayonunda doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonunda anadan olmuşdur. Ailədə 6 uşaqdılar. Ailəlidir. Ermənistan Respublikasından çıxan zaman doğum haqqında şəhadətnaməsi itmişdir. Bu günə kimi doğum haqqında şəhadətnaməni bərpa etdirə bilməmişdir. Qeyd edir ki, doğum haqqında şəhadətnaməni bərpa etdirə bilmədiyinə görə müəyyən sənədləşmə işlərini həll etməkdə çətinlik çəkir. Buna görə “doğum haqqında şəhadətnaməsinin bərpası üçün 7 saylı Bakı “ASAN Xidmət" Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin oradan ona 3-16-5/8-62-0- 211/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirmişlər ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi vəzifəsini icra edən Nigar Bağırova məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmamasını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X6 ifadəsində bildirdi ki, Ərizəçi anasıdır, 6 uşağı var. Hamısı Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində doğulublar. Özü əzəldən Ermənistanda yaşamışdır. Orada evlənmişlər.1988-ci ildə isə Azərbaycana gəlmişlər. Vəfa xx xxxxxx 1977-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olub. X12 ifadəsində bildirdi ki, Ərizəçi əmisi qızıdır. Vəfa xx xxxxxx 1977-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində doğulub. Özü də əvvəldən Ermənistanda doğulub-böyümüşdür, 1984-cü ildə Azərbaycana gəlmişdir. Vəfanın doğiulmağını xatırlayır, doğulanda onun 12-13 yaşı olardı. Onlar 1988-dən Ermənistandan çıxıblar. X7 ifadəsində bildirdi ki, Ərizəçi dayısıdır. Onun bacısı Məhərrəmova Dünya 1968-ci ildə ailə qurub və bu nikahından onun 6 uşağı anadan olmuşdur. Vəfa daxil olmaqla uşaqlarının hamısı Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində doğulub. 1988-ci ilin dekabrında hamısı Ermənistandan çıxmışlar. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: XXVİ-JQ ******* nömrəli Sovet Sosialist Respublikaları X1 surətinə əsasən X10 xx xxxxxx 1977-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən (ərizəçinin atası) X13 xx.xx.1983-cü il tarixdə Ermənistan SSR-nin Ağbaba rayonunda anadan olmuşdur. X3 və anası X14 qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı xx.xx.2024-cü il tarixli arayışına əsasən X13 xx.xx.2022-ci il tarixdə kəskin ürək damar çatışmamazlığından vəfat etmişdir. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X13 ilə X8 arasında olan nikaha X5 xx.xx.2002-ci il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ZJ seriyalı 107342 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 (ərizəçinin bacısı) xx.xx.1971-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. X2 və anası X8 qeyd edilmişdir. Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ZJ seriyalı 106374 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 (ərizəçinin qardaşı) xx.xx.1970-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. X2 və anası X8 qeyd edilmişdir. Azərbaycan Respblikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il taixli məktubuna əsasən xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi xx.xx.2025-ci ildən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 07 saylı Bakı «Asan xidmət» X4 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçinun doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizəyə baxılmış, bildirilmişdir ki, AR Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacaqsınız. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edildiyi, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Belə ki, ərizəçinin bildirdiyinə görə ikili vətəndaşlığa malikdir. Həm də Rusiya Federasiyası vətəndaşıdır. Orada daxili pasportunun etibarlılıq müddəti bitdiyindən, yenisinin əldə edilməsi üçün doğum haqqında şəhadtnamə tələb olunur. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçinun xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Beləliklə, ərizə təmin edilməli, Ərizəçinun xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində ata qrafasında “X13”, atanın milliyyəti “azərbaycanlı”, ana qrafasında “X8”, ananın milliyəti “azərbaycanlı” qeyd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçinun xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Ələkbərova”, adı “Vəfa”, ata adı “Qələndər”, doğum tarixi “xx.xx.1977-ci il”, doğum yeri “Ermənistan SSR-nin Amasiya rayonu”, ata qrafasında “X2, milliyyəti “azərbaycanlı”, ana qrafasında “anası X8, milliyyəti “azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar