Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3522/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nikahın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nikahın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh2 Xasmaqametovna arasında 04 mart 2001-ci il tarixdə Bakı Nikah Evində qeydə alınmış və 311 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X3 vəsiyyətnamə üzrə vərəsəsidir. Akif Nəsibov 25 sentyabr 2021-ci il tarixdə rəhmətə getmişdir və onun adına Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsi, ev 4, 74 saylı 1 otaqlı mənzil qalmışdır. O, vərəsəlik işin açılması ilə əlaqədar Notariat ofisinə müraciət etdi, onun mirasın qəbul edilməsi barədə ərizəsini qəbul etdilər və elə orada məlum oldu ki, mərhumun iki rəsmi nikahı mövcud idi. Belə ki, mərhum 15 dekabr 1990-cı ildə X6 ilə rəsmi nikaha daxil olur və həmin nikah Nəsimi Rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır və həmin nikah pozulmayaraq 04 mart 2001-ci ildə Cavabdeh2 Xasmaqametovna ilə rəsmi nikaha daxil olur və bu nikah rəsmi olaraq Bakı Nikah Evi tərəfindən qeydiyyata alınır. Mərhum ölməmişdən öncə Ekaterina Kuş ilə nikahlarını Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozur. Lakin, ikinci nikah hazırda pozulmamış olduğundan vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bununla bağlı o, Nəsimi Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdi və həmin nikah etibarsız olduğundan nikah haqqında akt qeydinin ləğv edilməsini xahiş etdi. Nəsimi rayon Qeydiyyat şöbəsi 05/9-741/75 saylı məktubla ona məhkəməyə müraciət etməyi məsləhət gömüşdür. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavadehlər Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 50 saylı Mənzil Kommunal İstismar sahəsindən verilən 11 iyun 2022-ci il tarixli, 172№-li Arayışdan görünür ki, Cavabdeh2 R.Rüstəm küçəsi, 24 №-li evin 53 saylı mənzilində pasport qeydiyyatı olmadan hal-hazırda bu ünvanda yaşayır. İş materiallarında olan AR ƏD Cavabdeh1 tərəfindən verilən 06 may 2022-ci il tarixli məktubundan görünür ki, X4 ilə Cavabdeh2 Xasmaqametovnanın nikahı xx.xx.2001ci il tarixdə 311 nömrəli akt qeydi ilə Bakı Nikah Evində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən, X2nın ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasənda, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri tərəfindən icra olunur. Qeyd edilənlərə əsasən, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 4, mənzil 74-də qeydiyyatda olan X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, M.Qasımov küçəsi, ev 4, mənzil 74-də qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2021-ci il tarixli, AZ-İİ 193321 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 sentyabr 2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 995№ ilə qeyd edilmişdir. Ölümün səbəbi ürəyin aterosklerotik xəstəliyi olmuşdur. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X2” AQİS tərəfindən verilən Çıxarışdan görünür ki, mərhum X4 ilə Cavabdeh2 Xasmaqametovna arasında nikah xx.xx.2001-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən qeydə alınmış və bununla bağlı 04 mart 2001-ci il tarixli, Vİİ-ЖГ № 426761 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Lakin, sonradan nikahın pozulması barədə akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AR ƏN Cavabdeh1 tərəfindən verilən 16 avqust 2022-ci il tarixli məktubdan görünür ki, yoxlama aparılarkən xx.xx.1948-ci il təvəllüdlü X3 Kazımova (Nəsibova) Kamila Kazım qızı ilə nikahının xx.xx.1977-ci il tarixdə 1750 nömrəli akt qeydi ilə Bakı nikah evi tərəfindən, həmin nikahın pozulmasının xx.xx.1989-cu il tarixdə 578 nömrəli akt qeydi ilə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən, X5 ilə nikahının xx.xx.1990cı il tarixdə 1353 nömrəli akt qeydi ilə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən, həmin nikahın pozulmasının xx.xx.2021-ci il tarixdə 337 nömrəli akt qeydi ilə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən, Cavabdeh2 Xasmaqametovna ilə nikahının xx.xx.2001-ci il tarixdə 311 nömrəli akt qeydi ilə Bakı Nikah evi tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Mülki Məcəllənin 340.1-ci maddəsi). Məhkəmə iclasında sübutlar əsasında müəyyən edildi ki, iddiaçının mərhum yoldaşı X4 ilə Cavabdeh2 arasında 2001-ci il tarixdə nikah bağlanmış, lakin sonradan nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir. Hal-hazırda iddiaçı keçmiş həyat yoldaşı mərhum X3 vərəsəsi kimi çıxış edir. Hazırda keçmiş həyat yoldaşı mərhum X4 ilə rəsmi nikahda qalan Cavabdeh2 nikahının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mərhum yoldaşı ilə X4 ilə Cavabdeh2 arasında xx.xx.2001-ci il tarixdə Bakı Nikah Evində bağlanılmış nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X4 ilə Cavabdeh2 arasında 04 mart 2001-ci il tarixdə Bakı Nikah Evində qeydə alınmış və 311 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X4 ilə Cavabdeh2 arasında 04 mart 2001-ci il tarixdə Bakı Nikah Evində qeydə alınmış və 311 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3522/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3522/2022
16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver