Məhkəmə qərarları › İş №2(006)-3530/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3530/2023

01.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3530/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi ilə, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin «5 saylı X1 Müəssisəsi» MMC-yə qarşı «işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin «5 saylı X1 Müəssisəsi» MMC-yə qarşı «işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «5 saylı X1 Müəssisəsi» MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən Azad Əliyevin xx.xx.2023-cü il tarixli 40/iR333587 saylı əmrinin ləğv edilməsi, onun öz işinə bərpa olunması və məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, 2003-cü il tarixdən 2023-cü ildə işdən çıxarılana qədər "xxxx"xxxx"5 saylı X1 Müəssisəsi" MMC-də ağır tonnajlı kranda yol mantyoru işləyirdir. Əsas işləri ölkə daxilində dəmir yolunun çəkilişi, əsaslı və orta təmiridir. 2 il öncə MMC daxilində «Kontur» adlanan özəl şirkət yaratmışlar. O da daxil olmaqla işçilərin bir hissəsini «Kontur» şirkətində işə keçirmişlər. Maaşları öncəki ilə eyni idi. Təxminən 3-4 ay öncə orada iş qurtarmışdır. Onları əvvəlki iş yerləri olan "xxxx"-ə qaytarmışlar. Bu zaman anlaşılmaz olsa da onunla 3 aylıq işəgötürmə müqaviləsi bağlamışlar. Hansı ki, 20 ildir o, bu müəssisədə işləyir. Həmçinin 5-ci dərəcəli işçi olduğu halda, onu 4-cü dərəcə ilə işə götürmüşlər. Bütün bunlara etirazına əhəmiyyət verməmişlər. «İnsan resursları üzrə mütəxəssis»ə və kadrlar şöbəsinə şikayətlərinə cavab vermişlər ki, 3 aydan sonra müqaviləni uzadacaqlar. İnanırdım uzadacaqlar, çünki bizim kimi təcrübəli işçiləri əldən verməzdilər.Hazırda MMC-də direktor müavini işləyən, həm də müvəqqəti direktoru əvəz edən X4 təzə vəzifəyə gəlmişdir. Əsas işi sahə rəisi Quliyev Fəxrəddinlə mühəndis Xancanov Ramin aparırlar. Bu ilin aprel ayında Sanqaçalda dəmiryolunda elektrik kəsilmişdir. Odur ki, işlətdikləri yükvuran kran dayanmışdır. Gözləmişlər ki, elektrik olsun, iş yoldaşı Rzaqulu ilə birlikdə vaqona yük vursunlar. Sahə rəisi Quliyev Fəxrəddin gəlib demişdir ki, niyə reysləri vaqona yükləmirlər. Bildirmişlər ki, elektrik kəsilib, verilən kimi yükü yükləyəcəklər. Əslində bu köhnələrək sökülmüş reys yükünü özəl şirkət «Kontur» yükləməliydi. Ancaq sonuncuların işini onlara gördürmüşlər. Onu da qeyd edir ki, həmin yükü Rzaqulu ilə birlikdə bir dəfə vaqona yükləmişlər. Ancaq Azad müəllim bu yükü onlara vaqondan yerə boşaltdırmış və tapşırmışdır ki, onun icazəsi olmadan bu yükü vaqona yükləməsinlər. Ancaq sahə rəisi Quliyev Fəxrəddin üstlərini kəsmişdir ki, bu yükü yükləsinlər. Onlar sonuncuya bildirmişlər ki, qoy əraziyə elektrik buraxılsın yükləsinlər. Həmçinin Azad müəllimin tapşırığını da ona demişlər. Bundan sonra Fəxrəddin onlardan nə üçün yükü vaqona yükləməmələri ilə bağlı izahat aldırmışdır. Baxmayaraq ki, əraziyə elektrik buraxılmışdı. Azad müəllim də onlara həmin yükü vaqona yükləmək göstərişi vermiş və onlar da artıq yükü vaqona yükləmişlər. Bu hadisədən sonra sahə rəisi Fəxrəddin Quliyev və mühəndis Xancanov Ramin onlardan narazı qalmışlar və məhz bu səbəbə görə də Fəxrəddin ondan və Rzaquludan Azad müəllimə təqdimat yazıb onlara töhmət verdirmiş və sonra da işləri ilə bağlı müqaviləni uzatmayaraq onları işdən çıxartmışlar. Hesab edir ki, cavabdehin bu addımı 20 ildir bu işdə çalışan bir təcrübəli işçi kimi ona qarşı yol verilmiş qanunsuz, qərəzli haldır. Odur ki, işdən çıxarılmağı ilə bağlı verilmiş 40/İR-333587 saylı, xx.xx.2023-cü il tarixli Əmr məhkəmə tərəfindən ləğv edilməlidir. O, öz işinə bərpa olunmalıdır və məcburi işburaxmaya görə əmək haqqını almalıdır. Onun işdən çıxarılması üçün müəssisə ləğv edilmir, işçilər ixtisara salınmırdı. Əksinə ölkədə dəmiryolu tikintisinin indiki vacib durumunda onlar kimi təcrübəli işçilərin əsassız işdən çıxarılması yolverilməzdir. Onu da bildirir ki, əmrin surətini alandan sonra dərhal yuxarı qurumlara şikayət vermiş, ardınca da bu mübahisə ilə bağlı cavabdehə mediasiyada iştirakla bağlı təklif göndərmiş, ancaq cavabdeh tərəf mediasiya sessiyasına gəlməmişdir. Odur ki, Bakı 3 saylı Mediasiya Təşkilatının mediatoru Həsən Bayramov cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı ona məhkəməyə təqdim etmək üçün xx.xx.2023-cü il tarixli MSB/3/2023-00666 saylı arayışı vermişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" QSC-nin «5 saylı X1 Müəssisəsi» MMC-nin nümayəndəsi "işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd edir ki, 2003-cü ildən "xxxx" MMC-də işləyib. Lakin İddiaçı əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, İddiaçı müxtəlif iş yerlərində əmək fəaliyyəti göstərib. Sonuncu iş yeri "xxxx" MMC olsa da, ondan əvvəlki iş yeri "xxxx" QSC olub. Həmin iş yerində İddiaçı xx.xx.2021- ci ildən işləyib. Qeyd etmək lazımdır ki, "xxxx"xxxx"xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, "xxxx" QSC müstəqil hüquqi şəxsdir. İddiaçı "xxxx" QSC-dən işdən çıxarkən "xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2023-cü ildə "xxxx" MMC-yə yol mantyoru vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 3 aylıq əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsi bağlanarkən müddətli olması barədə iddiaçının məlumatı olmuş və öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlana bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı ilə "xxxx" MMC arasında müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilənin müddətli olduğunu bilərək və razılaşaraq imzalamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Müqavilə tərəflər arasında sərbəst bağlanır və hər bir tərəf bunu öz imzası ilə təsdiq edir. Əmək müqaviləsindən də görünür ki, iddiaçı bu müqaviləni könüllü olaraq imzalamışdır. Əmək müaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun bağlanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərəketirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin bundan öncə keçirilmiş iclaslarda ki izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.2003-cü il tarixdə istehsalat bazasına 3-cü dərəcəli yol mantyoru vəzifəsində başlamış, xx.xx.2004-cü ildə taarif dərəcəsi 3-cü dərəcədən 4-cü dərəcəyə qaldırılmışdır. xx.xx.2005-ci ildə taarif dərəcəsi 4-cü dərəcədən 5-ci dərəcəyə qaldırılmışdır. xx.xx.2015ci ildə "xxxx" QSC-nin sədrinin xx.xx.2015-ci il tarixli 161/S saylı əmrinə əsasən 4 saylı İDYM 5 saylı X1 Müəssəsinin tərkibinə keçirilir. xx.xx.2016-cı ildə tarixdə "xxxx" QSC-nin sədrinin xx.xx.2016-cı il tarixli 09/5 saylı əmrini əsas tutaraq, 5 saylı “X1 Müəssisəsi” MMC-də 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilir. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X1 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 23 fevral 2023-cü il tarixdə işəgötürən «5 saylı X1 Müəssisəsi» MMC ilə İddiaçı arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmaqla, İddiaçı yol mantyoru (məşğulluq təsnifatı üzrə yol fəhləsi (dəmir yolu)) işinə qəbul edilmişdir. Aylıq əmək haqqı 521 manat 92 qəpik təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli yazılı izahatdan görünür ki, İddiaçı ona verilən suallara cavab olaraq – xx.xx.2023-cü il tarixdə sahə rəsinin tapşırığının yerinə yetirilməməsinin səbəbi kimi nahar fasiləsi olmas və işıqların sönməsini göstərmiş, nahar fasiləsi olması və işığın sönməsi səbəbindən tapşırığın yerinə yetirilmədiyini sahə rəisinə dediklərini bildirmişdir. İddiaçı həmçinin daxili nizam-intizam qaydaları ilə tanış edildiyini qeyd edərək, bir daha belə hala yol verməyəcəyinə söz vermişdir. - 23 may 2023-cü il tarixli 40/ir333587 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. - "xxxx" QSC-nin 09 iyun 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məktubuna cavab olaraq onunla işəgötürən "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 3 aylıq əmək müqaviləsi bağlanması, bu 3 ay ərzində əmək fəaliyyətinin nəzərdən keçirildiyi və onun fəaliyyətinin qənaətbəxş hesab edilmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verildiyi bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin 26 may 2023-cü il tarixli 3-17-5/2-B-19186/2023 saylı məktubundan görünür ki, İddiaçı «5 saylı X1 Müəssisəsi» MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmış və pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahatların alınması üçün Dost xidmətinə yaxınlaşmaları təklif olunmuşdur. - 18 iyul 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, «5 saylı X1 Müəssisəsi» MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2003-cü ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri "xxxx" QSCnin «5 saylı X1 Müəssisəsi» MMC olmuş, ondan əvvəlki iş yeri "xxxx" QSC olmuşdur ki, əmək kitabçasından da görünür ki, həmin iş yerində İddiaçı xx.xx.2021-ci ildən işləmişdir. Məhkəmə araşdırması zamanı "xxxx"xxxx"xxxx" MMC-yə heç bir aidiyyəti olmamaqla müstəqil hüquqi şəxs olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı "xxxx" QSC-dən işdən çıxarkən 5 saylı 2İDYM» MMC-yə müraciət etmiş və xx.xx.2023-cü ildə həmin MMC-yə yol mantyoru vəzifəsinə işə qəbul edilmiş, onunla 3 aylıq əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı onun barəsində olan əmrin qanunsuzluğunu əmək müqaviləsinin müddətinin uzadılmaması ilə əsaslandırır və cavabdehin bu addımını 20 ildir bu işdə çalışan bir təcrübəli işçi kimi ona qarşı yol verilmiş qanunsuz, qərəzli hal kimi qiymətləndirərək işdən çıxarılmağı ilə bağlı verilmiş 40/İR-333587 saylı, xx.xx.2023-cü il tarixli əmrin məhkəmə tərəfindən ləğv edilməli olmasını iddia edir. Əmrin qanunsuzluğu kimi həmçinin onun işdən çıxarılması üçün müəssisə ləğv edilməməsinə, işçilərin ixtisara salınmamasına, əksinə ölkədə dəmiryolu tikintisinin indiki vacib durumunda onlar kimi təcrübəli işçilərin əsassız işdən çıxarılmasının yolverilməz olmasına istinad edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - Həmin normanın 2-ci hissəsinə əsasən isə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. - 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hisəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. İş materiallarından görünür ki, İddiaçılə 3 aylıq əmək müqaviləsi bağlanmış və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-nin «5 saylı X1 Müəssisəsi» MMC-yə qarşı «işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin «5 saylı X1 Müəssisəsi» MMC-yə qarşı «işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar