Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3532/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1974-cü il tarixli texniki pasporta əsasən məyyən edilir ki, Cavabdeh tərəfindən hazırda istifadə edilən ünvan 1 ünvanda yerləşən «B» literli tikilinin iki yaşayış otağı və həmin otaqların üzərində inşa edilmiş iki otaqlı və bir balkondan ibarət tikili iddiaçının rəsmi qeydiyyatda olduğu və daimi yaşadığı fərdi yaşayış evinə aiddir. Mübahisəli otaqlar və onların yerləşdiyi torpaq sahəsi iddiaçının qeydiyyatda olduğu və daimi yaşadığı ünvan 2 ünvanına aid 1974-cü il tarixli texniki pasportda nəzərdə tutulmuşdur. Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvan mübahisəli yaşayış otaqların qonşuluğunda yerləşdir. Bu səbəbdən cavabdeh mübahisəli yaşayış otaqlarından müvəqqəti olaraq istifadə etmək adı ilə oraya özünə məxsus müəyyən əşyalarını yığmışdır. Hazırda iddiaçının qeydiyyatd olduğu və daimi yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsinin rəsmiləşdirilməsinə zərurət yaranmışdır. Məhz bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin yaşadığı evə heç bir aidiyyəti olmayan mübahisəli yaşayış otaqları və həmin otaqların yerləşdiyi torpaq sahəsi boşaldılmalı və həmin əmlaklar iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən İddiaçı rəsmi qeydiyyatda olduğu və daimi yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin «B» literli tikilisi, onun üzərində inşa edilmiş tikili və yerləşdiyi torpaq sahəsinin boşaldılması və həmin daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın etiraf edilməsi və iddianın təmin olunması barədə ərizə təqdim etmiş, lakin qeyd olunan mənzildən çıxmaq istəmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 5V-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 129-da yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan 1974-cü il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ev özbaşına tikilidir və X1 adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə aşağıdakı səbəblərə görə iddianın etirafını qanuza zidd hesab edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 5V saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, daimi yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, 5V saylı evdə qeydiyyatdadır. Cavabdeh ünvan 6 ünvan mübahisəli yaşayış evinin qonşuluqda yerləşir və cavabdeh mübahisəli yaşayış otaqlarından müvəqqəti istifadə etmək adı ilə oraya özünə məxsus müəyyən əşyalarını yığmışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir. AR Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur. İddiaçı mübahisəli evdə qeydiyyatdadır və onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehin həmin evdən çıxarılması onun həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, qeyd olunan mənzilin iddiaçıya məxsusluğuna dair hər hansı digər sənəd belə mövcud deyildir. Bunun əskinə olaraq isə iş materiallarında olan 1974-cü il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ev özbaşına tikilidir və X1 adına qeydiyyata alınmışdır. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ olmadığı üçün, onun tələbi təmin edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçının mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olması, cavabdehin isə həmin ev üzrə qeydiyyatının olmaması, iddiaçıya cavabdehə münasibətdə hər hansı üstünlük hüququnu vermir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olması da, onun hazırki tələblə çıxış etmək üçün subyektiv hüququnun olmasını təsdiq etmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edildiyindən, həmçinin cavabdehlərin mübahisəli evdə yaşamalarını və ondan istifadə etmələrini qadağan edən hər hansı hal müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3532/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3532/2021
01.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver