Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3544/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli Sənəd № 13-1-23/3-10- 12576/2023 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - Yük daşımaları departamentində hüquqşünas vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və ödənilməyən 30.805,88 manat pul vəsaitinin və 50.000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 2006cı ildən Azərbaycan Dövlət Dəmir X5 deposunda müqavilə əsasında, 2007-ci ildən isə Azərbaycan Dövlət Dəmir Yolunun hüquq şöbəsində 2-ci dərəcəli hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 2010-ci ilin fevral ayından 16 iyun 2023-cü il tarixə kimi Biləcəri lokomotiv deposunda hüquqşünas vəzifəsində işləmişdir. "xxxx" QSC-nin sədrinin xx.xx.2021-ci il tarixli 41459 saylı ştat cədvəlinə əsasən Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposu ləğv edilərək, üç hissəyə, Yük daşımaları departamentinin tərkibində Biləcəri lokomotiv deposu, Biləcəri lokomotivlərin manevr istismar deposu, İnfrastruktur departamentinin tərkibində Biləcəri magistiral lokomotivlərin idarə edilməsi sahəsi yaradılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin 07 aprel 2022-cil tarixli 160145 nömrəli ştat cədvəlinə əsasən "xxxx" QSC-nin tabeliyində Lokomotivlərin təmiri departamenti yaradılmış və Biləcəri lokomotiv deposunun adı dəyişdirilərək Biləcəri lokomotivlərin təmir deposu adı ilə həmin departamentin tabeçiliyində fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixli 41459 saylı ştat cədvəlinə əsasən ləğv edilmiş hüquqşünas ştat vahidi xx.xx.2022-ci il tarixli ştat cədvəlinə əlavə edilərək Lokomotivlərin təmir departamentinə əmək haqqı 545.21 manat olmaqla verilmişdir (Biləcəri lokomotiv deposunda əmək haqqı 345 manat təşkil edirdi). Hal-hazırda həmin hüquqşünas yeri xx.xx.2022-ci il tarixdən boş vakant kimi saxlanmışdır. "xxxx" QSC-nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli Sənəd № 13-1-23/3-10-12576/2023 olan əmrində deyilir. Yük daşımalar departamentinin Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin istismar deposunun xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə əsasən dəyişiklik edilərək, bir sıra ştat vahidləri, o cümlədən hüquqşünas ştat vahid ixtisar edilmişdir. Bununla əlaqədar Yük daşımalar departamentinin l-ci qrup Biləcəri lokomotiv deposunun hüquqşünası İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilsin. xx.xx.2023-cü il il tarixli Sənəd № 13-1-23/3- 10-12576/2023 olan əmrdə deyilir. xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək, bir sıra ştat vahidləri, o cümlədən hüquqşünas ştat vahidi ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdən hüquqşünas ştat vahidi ləğv edilmişdirsə o, ləğv edilmiş hüquqşünas vəzifəsində 28 ay 05 gün necə işləmişdir və hansı əsasla hər ay 345,00 manat əmək haqqı almışdır (belə bir əmr mövcuddurmu). l qrup Biləcəri lokomotiv deposu xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, onun bazasında Biləcəri lokomotiv deposu yaranmışdır. Həmin deponun xx.xx.2021-ci il tarixli 171/k saylı əmrə əsasən o, hüquqşünas vəzifəsində işləyə-işləyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etmişdir. Ləğv edilmiş hüquqşünas ştat vahidi mövcud olmadığı halda necə ola bilər ki, o, hüquqşünas vəzifəsində işləyə-işləyə Yük daşımalar departamentinin Biləcəri lokomotiv deposunun xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etmişdir. O, Yükdaşımalar departamentinin Biləcəri lokomotiv deposunda hüquqşünas vəzifəsində işləyə-işləyə Lokomotivlərin təmir departamenti, Biləcəri lokomotivlərin təmir deposu Həmkarlar İttifaqı Komitəsinin təsis yığıncağının 24 may 2022ci il tarixli protokolundan görünür ki, Muradov X8 lokomotivlərin təmir deposu Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş və HİK-in sədri kimi fəaliyyət göstərmişdir (xx.xx.2022-ci il tarixli protokol iddia ərizəsinə əlavə edilmişdir). Bununla əlaqədar Yük daşımalar departamentinin l qrup Biləcəri lokomotiv deposunun hüquqşünası İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəyi xx.xx.2023-cü il tarixli 13-1-23/2-390/2023 nömrəli müvafiq xəbərdarlıq bildirişi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən hüquqşünas ştat vahidi ləğv edilmişdir. Həmin ləğv edilmiş ştat vahidinə görə Yük daşımalar departamentinin rəisi Emin Əhmədov 25 aydan sonra ona göndərdiyi xx.xx.2023-cü il tarixli sənəd № 13-1-23/2-390/2023 saylı xəbərdarlıq bildirişini xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Biləcəri lokomotivlərin təmir deposunun İnsan Resursları şöbəsində, Yük daşımalar departamentinin İnsan Resursları bölməsinin aparıcı mütəxəssisi Şəhla İsmayılova tərəfindən ona təqdim olunmuşdur. Həmin xəbərdarlıq bildirişini əsassız və qanunsuz hesab edərək, Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olduğu və Əmək Məcəlləsində nəzərdə tutulmuş norma və prinsiplərə uyğun hazırlanmadığı üçün həmin xəbərdarlıq bildirişini imzalamaqdan imtina etmişdir və həmin bildirişi geri, cənab E.Əhmədova qaytarmışdır (həmin qaytarılmış xəbərdarlıq bildirişi iddia ərizəsinə əlavə olunmuşdur). xx.xx.2023-cü il tarixli Sənəd № 13-1-23/3-10-12576/2023 olan əmrdə deyilir. İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Yük daşımalar departamentinin X3 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Yük daşımalar departamentinin X3 Komitəsinə ünvanladığı 06 05.2023-cü il tarixli ərizədə deyilir. «Yük daşımalar departamentinin X3 Komitəsinin sədri İlqar Əliyev 05 iyun 2023-cü il tarixdə mənim iştirakım olmadan iclas keçirilmiş, protokol tərtib edərək, mənim ixtisar olunmağım barədə razılıq verilmişdir. Hansı ki, BHİK 10 gün müddətində mənim iştirakımı təmin etməklə işə baxıb müvafiq rəy verməli olduğu halda xx.xx.2023-cü il tarixdə daxil olmuş sənədə həmin gün baxıb 75 saylı protokol tərtib edib rəy verməsi ciddi qanun pozuntusu hesab edilir». "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnsan Resursları İdarəsinin rəis əvəzi Rauf Məmmədova 19 may 2023-cü il tarixdə rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, «qeyd edilənləri, mənim imtiyazlarımı və Dəmiryol nəqliyyatında əmək haqqlarının artırılmasını nəzərə alaraq, mənim təyinatımı boş vakant olan yerə (Lokomotivlərin təmir departamenti) və ya ixtisaslarım üzrə başqa vəzifəyə təyin olunmağımı, artım olan dövrdən mənim əmək haqqımın artırılmasını və ödənməyən fərqin hesablanaraq birdəfəlik ödənilməsini təmin etmənizi sizdən xahiş edirəm». "xxxx" QSC-də, o cümlədən Yük daşımaları departamentində həmin dövr üzrə hüquqşünasın ştat vahidinin aylıq tarif əmək haqqı 545.00 manat təşkil etdiyi halda ona əmək haqqı olaraq 345.21 manat ödənilmişdir. Həmın dövr üzrə hər ay 200.21 manat fərq yaranmışdır. Həmin yaranmış 200.21 manat fərq x 28 ay = 5.605.88 manat əmək haqqı üzrə fərq ona ödənilməmişdir. xx.xx.2021-ci il tarixdən başlayaraq Yük daşımalar departamentinin qanunsuz hərəkətləri nəticəsində ona xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli 41459 saylı ştat cədvəlinə əsasən hüquqşünas ştat vahidinin ləğv edilməsindən sonrakı müddətdə Dəmiryol nəqliyyatında əmək haqqlarının artırılması zamanı həmin artım ona şamil olunmamışdır, ölkə üzrə orta aylıq əmək haqqının 1,200 (min iki yüz) manatdan yuxarı olmasını dəmir yol nəqliyyatında isə 900 manatdan yuxarı olmasını nəzərə alaraq ona dəmiryol nəqliyyatı üzrə orta aylıq əmək haqqı miqdarında hesablanıb ödənməlidir. Yəni 900.00 manat x 28 ay = 25.200 manat pul vəsaitidə cavabdehdən tutulub ona ödənməlidir. Onun hüquqları "xxxx" QSC Yük daşımaları departamenti tərəfindən kobud şəkildə pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələbi qaydasında «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. Mediasiya Şurası Bakı 13 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/13/2013-00964 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 13 saylı Mediasiya təşkilatı tərəfindən "xxxx" QSC-yə təklif müraciəti xx.xx.2023-cü il tarixdə göndərilsə də, həmin təşkilat Mediasiya təşkilatının əməkdaşının çağrışına gəlməmişdir. Mediasiya xərcləri üçün 50 manat və 10 manat dövlət rusumu onun tərəfindən ödənilmişdir. Məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır, rədd olunmalıdır. Belə ki, ADY-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY sədrinin xx.xx.2021-ci il tarixli 41459 nömrəli əmrinə əsasən Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposunun ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, həmçinin, iddiaçının tutduğu hüquqşünas vəzifəsi üzrə ştat vahidi ixtisar olunmuşdur. İddiaçı tutduğu vəzifə xx.xx.2021-ci il tarixdə ixtisar olunsa da, o işdən çıxarılmamış, işinə davam etmişdir. Sonradan yuxarıda qeyd edilən ştat ixtisarı əmrinin icrası ilə əlaqədar iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixli 13-1-23/2-390/2023 nömrəli xəbərdarlıq məktubu təqdim edilmiş, lakin iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Həmçinin, İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Yük daşımaları departamentinin X3 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilmişdir. İddiaçı iddia edir ki, Yük daşımaları departamentinin X3 Komitəsi tərəfindən onun iştirakı olmadan rəy verilməsi qanun pozuntusudur. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ştat ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə, qanunvericilikdə həmkarlar ittifaqının iclasında işçinin iştirakının təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Həmçinin, ADY-nin Yük daşımaları departamentinin xx.xx.2021-ci il tarixli 171/k saylı və xx.xx.2022-ci il tarixli 28 saylı əmrlərinə əsasən İddiaçı xx.xx.2021 - xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə İ qrup Biləcəri Lokomotiv deposu üzrə struktur dəyişikliyi ilə əlaqədar olaraq vakant yer olan baş mühəndisin müavini vəzifəsi üzrə əmək funsiyalarının icrası müvəqqəti həvalə edilmiş və ona həmin vəzifə üzrə vəzifə maaşının yarısı məbləğində əlavə əmək haqqı ödənilmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Nəzərə çatdırır ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən həmin Məcəllənin 68, 69, 70, 71, 73, 74, 75, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Hazırki mübahisədə həmin müddəalara işəgötürən tərəfindən tam formada əməl edilmişdir. Bundan əlavə, iddiaçı Yük daşımalar departamentinin hərəkətləri nəticəsində ona xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ayrıca ixtisar həyata keçirilməmişdir. Ştat cədvəli təsdiq olunmuşdur. Həmin ştat cədvəli elə xüsusi əmr hesab olunur. Əmək Məcəlləsində belə məsələlərlə bağlı əmrin qəbul edilməsi ilə bağlı imperativ tələb mövcud deyildir. Məcəlləyə əsasən ştat cədvəlinin təsdiq edilməsi kifayətdir. İşdə olan ştat cədvəli ilə də müəyyən olunur ki, Yük daşımalar departamentinin l-ci qrup Biləcəri lokomotiv deposunda hüquqşünas vəzifəsi ixtisar edilmişdir. Qeyd edilən ştat ixtisar edildikdən sonra onlar güman etmişlər ki, yeni ştat yaradıldığı təqdirdə iddiaçının yaşı, təcrübəsi nəzərə alınaraq sonuncunu vəzifə ilə təmin edərlər. Lakin belə bir ştat verilməmişdir. Onlar da artıq əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalmışlar. Bu iki il ərzində isə iddiaçıya aylıq əmək haqqı verilmiş, həmçinin o, məzuniyyət hüququ ilə də təmin edilmişdir. Onlar tərəfindən hansı pozuntuya yol verilməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - cavabdeh tərəfindən 15 mart 2023-cü il tarixdə iddiaçıya göndərilmiş müvafiq xəbərdarlıqdan görünür ki, iddiaçı xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir. İddiaçıya xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Xəbərdarlıq müddəti ərzində ixtisasına (peşəsinə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə iddiaçıya əlavə məlumat veriləcəyi qeyd olunmuşdur. - "xxxx" QSC Yük Daşımaları Departamentinin X3 komitəsinin Rəyasət heyəti iclasının 05 iyun 2023-cü il tarixli 75 saylı protokoldan çıxarışından görünür ki, ştatın ixtisar edilməsinə dair məsələyə HİK Rəyasət heyətində baxılaraq, "xxxx" QSC Yük Daşımaları Departamentinin İ qrup Biləcəri lokomotiv deposunun hüquqşünası İddiaçı tutduğu ştat vahidinin ləğvi ilə əlaqədar işdən azad olmasına etiraz edilməmişdir. - "xxxx" QSC-nin Yük daşımaları departamentinin xx.xx.2023-cü il tarixli Sənəd № 13-1-23/3-10-12576/2023 saylı əmrindən göründüyü kimi, Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposunun hüquqşünası İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. Əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün bütün göstərişlər edilmişdir. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/13/2013-00964 saylı arayışdan görünür ki, "xxxx" QSC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, İddiaçı cavabdeh 2010-2023-cü il tarixlərində Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposunda hüquqşünas vəzifəsində çalışmış, həmin departamentin xx.xx.2023-cü il tarixli 13-1-23/3- 10-12576/2023 saylı əmrinə əsasən Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin istismarı deposunun xx.xx.2021-ci il tarixli 41459 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən, hüquqşünas ştat vahidi ixtisar edilmişdir. Ləğv edilmiş ştat vahidinə görə Yük daşımalar departamentinin rəisi Emin Əhmədov tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli sənəd № 13-1- 23/2-390/2023 saylı xəbərdarlıq bildirişini əsassız və qanunsuz hesab edərək, imzalamaqdan imtina etmiş, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. İddiaçı hesab edir ki, ADY-nin Yük daşımaları departamenti tərəfindən əsassız və qanunsuz olaraq ştat vahidinin ixtisar edilməsi adı ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iddianı qəbul etmir və bu mövqeyini işəgötürən tərəfindən Əmək qanunvericiliyinə riayət edilməklə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə həmçinin mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Ştatın ixtisara düşməsi qaydaları və onun hüquqi nəticələri olaraq həyata keçirilməsi əmək qanunvericiliyinin 70-80-ci maddələrinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin İİ hissəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə bu əsasla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 76-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi - 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. ƏM-nin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. - 80-cı maddəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. - 83-cü maddəsinin İ hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. - 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin, qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. İş materiallarından görünür ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq ADY sədrinin xx.xx.2021-ci il tarixli 41459 nömrəli əmrinə əsasən Yük daşımaları departamentinin İ qrup Biləcəri lokomotiv deposunun ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri ixtisar olunması qərara alınmışdır. İxtisar edilən ştat vahidlərinin siyahısında iddiaçının işlədiyi, xx.xx.2020-ci il tarixli ştat cədvəlinə əsasən İ qrup Biləcəri lokomotiv deposunda iddiaçının tutduğu hüquqşünas vəzifəsi ştatı da qeyd olunmuş bu istiqamətdə iddiaçıya qanunla müəyyən edilmiş müddət nəzərə alınmaqla xəbərdarlıq bildirişi təqdim olunmuş (iddiaçı xəbərdarlıqla tanış olaraq, orada öz qeydlərini göstərmişdir), müddət bitdikdən sonra isə əmək müqaviləsi müvafiq əsasla xitam verilmişdir. Bununla yanaşı iş üzrə həmçinin müəyyən edilmişdir ki, ADY-nin Yük daşımaları departamentinin xx.xx.2021-ci il tarixli 171/k saylı və xx.xx.2022-ci il tarixli 28 saylı əmrlərinə əsasən İddiaçı xx.xx.2021 - xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə İ qrup Biləcəri Lokomotiv deposu üzrə struktur dəyişikliyi ilə əlaqədar olaraq vakant yer olan baş mühəndisin müavini vəzifəsi üzrə əmək funsiyalarının icrası müvəqqəti həvalə edilmiş və ona həmin vəzifə üzrə vəzifə maaşının yarısı məbləğində əlavə əmək haqqı da ödənilmişdir. Bununla əlaqədar, məhkəmə qeyd etməyi zəruri sayır ki, tutduğu ştatın ixtisar edilməsinə və bu vəzifə ilə bağlı əmək müqaviləsinə də xx.xx.2021-ci il tarixli 41459 nömrəli əmrinə uyğun olaraq xitam verilməyərək xx.xx.2021 - xx.xx.2022-ci il və xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə ona vakant yerlərdə işləmək imkanı yaradılaraq vəzifə maaşının yarısı məbləğində əlavə əmək haqqı ödənilməsi faktının mövcudluğu xx.xx.2023-cü il tarixli Sənəd № 13-1-23/3-10-12576/2023 saylı əmrinin ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tutduğu vəzifə xx.xx.2021-ci il tarixdə ixtisar olunsa da, işəgötürən tərəfindən o işdən çıxarılmamış, işinə davam etməklə və göstərilən əlavə vəzifələrdə çalışmış, yalnız sonradan yuxarıda qeyd edilən ştat ixtisarı əmrinin icrası ilə əlaqədar iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixli 13-1-23/2-390/2023 nömrəli xəbərdarlıq məktubu təqdim edilmiş, lakin iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir. Həmçinin, iddiaçının tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Yük daşımaları departamentinin X3 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq razılıq da verilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbləri cavabdeh (işəgötürən) tərəfindən gözlənilmişdir. Başqa sözlə, iddiaçı ixtisar olunması ilə bağlı cavabdehin qərarından məlumatlı olmuşdur. Cavabdeh tərəf ştat vahidlərinin ixtisar olunması ilə bağlı işəgötürən (cavabdeh) tərəfindən məhkəməyə kifayət qədər sübut (əmrlər, ixtisar olunan ştat vahidlərinin siyahısı, xəbərdarlıq və s.) təqdim etmişdir. Məhkəmə iddianın xx.xx.2021-ci il tarixdən hüquqşünas ştat vahidi ləğv edildiyi halda onun ləğv edilmiş hüquqşünas vəzifəsində 28 ay 05 gün necə işləməsi və hər ay 345,00 manat əmək haqqı alması, hüquqşünas vəzifəsində işləyə-işləyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etməsi, Yük daşımalar departamentinin Biləcəri lokomotiv deposunun xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Baş mühəndisin müavini vəzifəsini icra etməsi ilə bağlı dəlillərə qiymət verərək hesab edir ki, bu hallarda hər hansı qanunsuzluq olmamışdır. Əksinə, cavabdeh iddiaçının ştatı ixtisara düşdüyü halda ona digər vakant vəzifələrdə işləməsinə şərait yaratmış və ştatın ixtisarı ilə bağlı rəsmiləşdirmə aparılması zamanı gəldikdə isə qanunvericiliyin tələblərinə uyğun Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixli 13-1-23/2-390/2023 nömrəli xəbərdarlıq məktubu təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı izahatlarında tutduğu vəzifənin ixtisar olunacağı barədə 2021-ci ilin fevral ayından məlumatlı olmasını bildirsə də bu barədə ona rəsmi xəbərdarlığın 25 aydan sonra verilməsinin və ona digər iş təklif edilməməsini qanunsuz olmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, ixtisar barədə xəbərdar olunduqdan sonra iddiaçının bununla bağlı, yəni tutduğu vəzifənin ixtisara salınması, bununla əlaqədar ona qəbul etməkdən imtina etdiyi xəbərdarlıq verilməsi kimi cavabdehin hərəkətlərini qanunauyğun qaydada mübahisələndirməmiş, cavabdehlə iş münasibətlərini davam etdirmiş, yalnız həmin ixtisarla bağlı əmr verildikdən sonra göstərilən halları hazırki iddiasında göstərməklə mübahisələndirmişdir. İşdə olan sübutlara əsasən iddiaçının tutduğu vəzifə üzrə yalnız bir ştat vahidi mövcud olmuşdur ki, həmin ştat vahidi də ixtisar olunmuşdur. Belə olan halda isə, ƏM-nin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənin işçilərin peşəkarlıq səviyyəsini qiymətləndirmək zərurəti olmamışdır (məsələn, stat vahidi üzrə eyni vəzifəni tutan bir neçə işçi olduqda və onlardan birinin ixtisar məsələsi həll olunduğu təqdirdə işəgötürən qeyd edilən normaya əsasən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə saxlamaq hüququna malikdir. Çünki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir). Həmçinin, qeyd edilməlidir ki, əmək qanunvericiliyi işəgötürənin üzərinə ixtisar olunan işçiyə başqa işin təklif olunması kimi vəzifə qoymamışdır. İddiaçının X3 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilərkən qanunda nəzərdə tutulmuş 10 gün müddətində onun iştirakını təmin etməklə işə baxıb müvafiq rəy verməli olduğu halda xx.xx.2023-cü il tarixdə daxil olmuş sənədə həmin gün baxıb 75 saylı protokol tərtib edib rəy verməsi ciddi qanun pozuntusu olmasına dair iddia dəlilinə məhkəmə qiymət verərək hesab edir ki, qanunvericilikdə həmkarlar ittifaqının iclasında işçinin iştirakının təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Beləliklə də, məhkəmə işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (ştatların ixtisarı) əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Başqa sözə, iddiaçının işdən azad olunması ilə bağlı əmrin qanunsuzluğuna əsas olan hər hansı hal müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, törəmə tələblər olan əvvəlki vəzifəsinə işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması, maddi və mənəvi ziyan tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3544/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3544/2023
06.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver