Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3548/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Şirvan şəhəri, ünvan 1 K ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə görə ona cavabdeh tərəfindən 10.000 (on min) manat kompensasiya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əli Bayramlı (indiki Şirvan) şəhər X1 xx xxxx 1990-cı il tarixli iclas protokoluna əsasən Çernobıl əlili olduğu və 5 nəfər ailə üzvü olduğuna görə ona Şirvan şəhəri, ünvan 1 K ünvanında 6 sot torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi ona verilən andan o, torpaq sahəsini istifadəyə yararlı hala salmaq üçün çoxlu işlər görmüşdür. 2017-ci ilin əvvəllərində Şirvan şəhərində fəaliyyət göstərən “Shirvan OİL” neft şirkətinin əməkdaşları yeni quyu qazmaq üçün ona məxsus torpaq sahəsində qazıntı işləri aparmağa başladılar. O, dərhal şirkətə müraciət edərək qeyd edilən torpaq sahəsinin ona məxsus olduğunu və ondan icazə almadan hansı əsasla ona məxsus torpaq sahəsində avadanlıqlar qurulduğunu soruşduqda şirkətdən ona bildirmişlər ki, ona torpağı zəbt edildiyi üçün müvafiq kompensasiya veriləcəkdir. Bu məqsədlə şirkət tərəfindən qeydiyyata götürülmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq və şirkətə bir neçə dəfə müraciət etməsinə baxmayaraq nə onun torpağını geri qaytarmamış, nə də ki, torpağa görə ona heç bir kompensasiya ödəməmişlər. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq, ona məxsus olan Şirvan şəhəri, ünvan 1 K ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə görə ona cavabdeh tərəfindən 10.000 (on min) manat kompensasiya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdeh tərəfin işin mahiyyəti üzrə baxılmasını tələb etdiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Əli Bayramlı şəhər X3 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli iclas protokolundan görünür ki, İddiaçı xx.xx.1990-cı ildən torpaq növbəsində dayanmış və ona Əli Bayramlı şəhəri, ünvan 1 K ünvanında 6 sot torpaq sahəsi ayrılmışdır. Ona həmin sahədə yaşayış sahəsi 90 kv/m, yardımçı sahəsi 35 kv/m, eyvan hissəsi 18 kv/m olan fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. Əli Bayramlı şəhər X3 İcraiyyə Komitəsi Memarlıq və Şəhərsalma şöbəsi tərəfindən verilmiş fərdi yaşayış evlərinin tikintisinin aparılmasına dair xx xxxx 1990-cı il tarixli icazədən görünür ki, İddiaçı Əli Bayramlı şəhəri, ünvan 1 K ünvanında iki il ərzində tikinti işləri aparmaq üçün icazə verilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-370/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ona məxsus olan Şirvan şəhəri, ünvan 1 K ünvanında yerləşən torpaq sahəsinin boşaldırlması və torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi” barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2496/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-370/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, Əli Bayramlı şəhər X3 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli iclas protokoluna əsasən İddiaçı xx.xx.1990-cı ildən torpaq növbəsində dayandığından ona Əli Bayramlı (indiki Şirvan) şəhəri, ünvan 1 K ünvanında 6 sot torpaq sahəsi ayrılmış və həmin tarixdə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması üçün ona Əli Bayramlı şəhər X3 İcraiyyə Komitəsi Memarlıq və Şəhərsalma şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixədək icazə verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Şirvan şəhəri, ünvan 1 K ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə görə ona cavabdeh tərəfindən 10.000 (on min) manat kompensasiya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və 169.2-ci maddələri təşkil edir. Həmin maddələrin məzmununa görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Beləliklə qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci və 169.2-ci maddələrinə əsasən, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna yalnız həmin əmlakın mülkiyyətçisi malikdir və yalnız mülkiyyətçi, torpaq sahəsi başqa şəxslərin istifadəsinə verildikdə, mənafeyinin ədalətli nəzərə alınmasını tələb edə bilər. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. Lakin iş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər-hansı hüquqa malik olması öz təsdiqini tapmamşıdır. Mülki-Prosessual Məcəllənin 82.3-cü bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığı digər məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, bu fakt mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunun yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından iş üzrə təqdim edilmiş sübutlar araşdırılmadan, rədd olunmalıdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “kompensasiya” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3548/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3548/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver