Məhkəmə qərarları › İş №2(006)-3553/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3553/2025

14.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3553/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü ildə Cavabdehndə anbardar köməkçisi vəzifəsində işləmiş, lakin bir müddət sonra onlarla iş əlaqələrini ayırmışdır. Sonra işə girmək üçün müraciət etmiş və onun adı alt sistemdə hələ də həmin şirkətdə işçi kimi qeydiyyatda qalmışdır. Belə ki, cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə onun hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bundan sonra mübahisənin məhkəmədən kənar həlli üçün mediatora müraciət etmiş və mediator qarşı tərəfi mediasiyaya dəvət etmək üçün məktub göndərmiş, lakin qarşı tərəfdən heç bir cavab gəlməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyi üçün mediator ona MŞB/8/2024- 02012 saylı, xx.xx.2024-cü il tarixli mediasiya arayışı vermişdir. Hətta iddiaçı şirkətin ünvanına onu işçi kimi sistemdən silməkləri üçün müraciət etmiş, lakin onlardan heç bir cavab gəlməmişdir. Göstərilənlərə əsasən iddiaçının Cavabdeh ilə mövcud olan əmək müqaviləsinə xitam verilməsi və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə ediılməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə 2014-cü ildə işə qəbul olunduğunu, cavabdeh MMC-də təqribən 3 ay çalışdığını, daha sonra müdiriyyətin Hindistana köçdüyünü, maaş verilməyəcəyi üçün işdən çıxdığını, lakin işlədiyi ayların əmək haqqını aldığını, əmək müqaviləsinə xitam verilməməsini 2019cu ildə bildiyini, həmin vaxtı X2 Xidmətinə yaxınlaşdığını, daha sonra pandemiya olduğuna görə müraciət etmək imkanının olmadığını, ən sonda isə ona işinin məhkəmədə həll olunmalı olmasının bildirildiyini qeyd etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir məlumat verməmişlər. 5.Məhkəmə hazırki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan iddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan ərizəyə əsasən onun Cavabdeh MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilməsi və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin silinməsinin 3 gün müddətində təmin edilməsini xahiş etmişdir. 9.Mülki işin materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, xx.xx.2014-cü il tarixdə 2/2 nömrəli Əmrlə Cavabdeh MMC-də icraçı mühasib vəzifəsinə qəbul olunmuşdur. 10.Mülki işin materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilən MŞB/8/2024-02012 nömrəli, xx.xx.2024-cü il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak edərək mediasiyaya dair xərci ödəmiş, lakin "xxxx" MMC iştirak etməmişdir. 11.Mülki işin materiallarında olan İş yerinə dair arayışdan (əmək haqqı göstərilməklə) görünür ki, İddiaçı işəgötürən "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixli əmək müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə icraçı mühasib vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 200 manat müəyyən edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində əmək müqaviləsi bağlanılmış və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «icraçı mühasib» vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə üzrə əmək haqqı 200 manat məbləğində təşkil etmişdir. İddiaçı həmin əmək müqaviləsi üzrə 3 ay işləmiş, daha sonra isə işdən ayrılmışdır. Hazırda iddiaçı, cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini və həmin bildirişin daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 14.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 15.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 16.Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissədinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 17.Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. 18.Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 19.Məcəllənin 46-cı maddəsinin 1-ci hissəsinə əmək müqaviləsi bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 20.Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 21.Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. 23.Həmin qaydaların 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 24.Həmin Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 25.Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Lakin işin faktiki hallarından müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında həqiqi əmək münasibətləri artıq mövcud deyildir, lakin işçinin sanki cavabdeh müəssisədə əmək münasibətlərinin mövcud olması ilə bağlı elektron bildiriş isə qüvvədədir. Göründüyü kimi iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməməsi onun başqa bir işdə çalışmasına maneə törədir. Nəticədə, bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. 26.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdən xitam verilməli və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi X2 Xidmətinə həvalə edilməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 29.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 30.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdən xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar