Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3557/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı və vəkili-nümayəndəsi X1, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının və dəymiş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair sonuncunun K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı “xxxx” ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsinə bərpa edilməsi, 13 aprel 2021-ci il tarixdən qərar icra edilən müddətdək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və “xxxx” ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, uzun müddət işlədiyi “xxxx” ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsində heç bir nöqsana yol verməmiş, öz əmək funksiyalarını vicdanla və məsuliyyətlə yerinə yetirmişdir. 2021-ci il mart ayında «xxxx» ASC-nin baş idarəsinə çağırılan iddiaçıya işində kobud pozuntulara yol verdiyi bildirilmiş, o, həmin pozuntuların nədən ibarət olmasını soruşduqda isə bildirilmişdir ki, Zirə ETSİ-də Enerji təchizatı idarəsində nəzarətçisi işləyən qohumu X7 ciddi pozuntulara yol vermişdir. Halbuki, iddiaçının işlədiyi idarənin A.Əmirovun işlədiyi idarə ilə heç bir əlaqəsi yoxdur. Bununla belə “xxxx” ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Enerji Alışı və Balans İdarəsinin rəisi M.Orucovun 29.03.2021-ci il tarixli, d/01-7/2156 saylı təqdimatı və Səhmdar Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin razılıq məktubu göstərilmişdir. Lakin “xxxx” ASC-nin Həmkarlar İttifaqı Komitəsi yaranmış vəziyyətlə maraqlanmamışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi X2 iddianı müdafiə edib, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddiaçı ilə barışığın əldə olunması üçün ona mühəndis vəzifəsinin təklif olunduğunu, lakin sonuncunun bu təklifi qəbul etmədiyini bildirmişdir. Eyni zamanda nəzarətçilərin İddiaçı tabeliyində olduqlarını, “xxxx” ASC-də işlədiyi müddətdə onun tərəfindən nəzarətin düzgün təşkil edilmədiyini, buna görə dəfələrlə irad tutulduğunu bildirərək əmək müqaviləsinin ləğv edilməsinə dair “xxxx” ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmrin əsaslı olmasını nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materillarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: “xxxx” ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri İddiaçı ASC-nin Satış Departamentinin sədrinə (Vüqar Əhmədov) yazdığı 13.03.2021-ci il, 18.03.2021-ci il tarixli izahatlarından görünür ki, Zirə ETSİ-nin nəzarət-mühəndisi X5 xidməti ərazisində 12.03.2021-ci il tarixində nəzarət idarəsinin əməkdaşları (kod: **********80002) Ramin Əlizadəyə məxsus ünvanda elektrik sayğacının üzərində 135936 kvts, 11 nəfər əhalinin abonentinin elektrik sayğacının üzərində 190154 kvts sərfiyyatın olması aşkar edilərək akt tərtib olunmuş, A.Əmirov barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. “xxxx” ASC-nin Zirə ETSİ-nin rəisinin (A.A.Abdullayev) 17.03.2021-ci il tarixli təqdimatından görünür ki, həmin idarənin balans bölməsinin rəhbəri İddiaçı vəzifə öhdəlikləri üzrə verilmiş tapşırıqların icra olunmasında öz işini təşkil edə bilməməsi, xidməti vəzifələrinin icrasına laqeyd göstərməsi səbəbindən barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. “xxxx” ASC-nin Enerji Alışı və Balans İdarəsinin (rəis Murad Orucov) 23.03.2021-ci il tarixli EA-098 №-li təqdimatından görünür ki, “xxxx” ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri İddiaçı “qeyri balansların araşdırılması itkiləri çox olan 10/6/0.4 kv-luq xətlər və transformatorlar üzrə itkilərin bərpası işini, yalnış abonent bağlantılarının təyin olunaraq icrasını təşkil edə bilməməsi, eyni zamanda 1741 transformatorunun balans sayğacına dekabr 2020-ci il hesaat ayında artıq səhv göstərici daxil edildiyi yanvar və fevral 2021-ci il ayları ərzində düzəliş üçün heç bir əməli tədbir görülmədiyi məlum olmuş, həmçinin sərfiyyat verilməyən 2 (iki) məişət abonentinə EEİQ-nin tələblərini pozaraq sayğacdan kənar elektrik xəttindən isifadəyə görə müvafiq aktlar tərtib olunması ilə əlaqədar” funksional vəzifə borclarının icrası zamanı buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi və ya başqa işə keçirilməsi qeyd edilmişdir. “xxxx” ASC-nin Satışa Nəzarət İdarəsinin (rəis Ruslan Məmmədov) 05.04.2021-ci il tarixli təqdimatından görünür ki, aşkar edilmiş qüsurlar arasında hesablaşma sayğaclarının üzərində saxlanılmış sərfiyyat, sayğac sxemindən kənar xətdən istifadə, sayğacın dövlət və alt qapaq möhürlərinə müdaxilə, üzərində sərfiyyat saxlanılmış sayğacların yandırılması və s. hallar aşkar edilmiş, bu da elektrik enerjisinin itkisinə və qeyri-balansa gətirib çıxartmış, bunların baş verməsi Zirə balans bölməsinin rəhbəri İddiaçı işinə qarşı qeyri-ciddi yanaşması, vəzifə borcunun düzgün və vaxtında yerinə yetirməməsi deməkdir. Bu cür halların təkrar olunmaması üçün İddiaçı barəsində ciddi inzibati tədbir görülməsini xahiş etmişdir. Mülki iş materillarında olan «xxxx» ASC Həmkarlar İttifaqı Komitəsinin 08.04.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində “xxxx” ASC-nin İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə X4 etiraz etməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “xxxx” ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli Əmrdən görünür ki, həmin ASCnin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri İddiaçı “qeyri balansların araşdırılması itkiləri çox olan 10/6/0.4 kv-luq xətlər və transformatorlar üzrə itkilərin bərpası işini, yalnış abonent bağlantılarının təyin olunaraq icrasını təşkil edə bilməmiş, eyni zamada 1741 transformatorunun balans sayğacına dekabr 2020ci il hesabat ayında artıq səhv göstərici daxil edildiyi yanvar və fevral 2021-ci il ayları ərzində düzəliş üçün heç bir əməli tədbir görməmiş, həmçinin sərfiyyat verilməyən 2 (iki) məişət abonentinə EEİQ-nin tələblərini pozaraq sayğacdan kənar elektrik xəttindən istifadəyə yol verdiyinə verərək “vəzifələrini kobud şəkildə pozduğuna görə” onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.04.2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 10-cu maddədə göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 43.2-ci maddəsinin e) bəndinə əsasən əmək müqaviləsində işçinin əmək funksiyası mütləq göstərilməlidir. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Əmək Məcəlləsinin 72-ci maddəsi də əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. 72-ci maddəsinin «e» bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək mübahisəsi ilə bağlı ilk növbədə məhkəmə qeyd edir ki, işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunverciliyin tələblərinə riayət olunubolunmaması, inzibati xətaya yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılıb-aydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilib-verilməməsi və s. nəzərdən keçirilməlidir. Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, «xxxx» ASC Həmkarlar İttifaqı Komitəsi hər hansı bir əsaslandırma sənədləri olmadan və araşdırma aparmadan iddiaçı barəsində “xxxx” ASC-nin İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq vermişdir. Məhkəmə hesab edir ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi mülki işdə olan hər hansı sübutla təsdiq olunsa idi, onda əmək müqaviləsinə xitam verilməsi qanuni sayıla bilərdi. Halbuki hazırki iş üzrə cavabdeh (işəgötürən) məhkəməyə işçi tərəfindən hüquq pozuntusuna yol verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən təqdim edilməsi zəruri hesab edilən aidiyyəti sənədlər, o cümlədən əmək müqaviləsinin təsdiq edilmiş surəti, iddiaçının vəzifə təlimatı, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış edilməsi və həmin əmrin surətinin ona təqdim olunması, işəgötürən tərəfindən İddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticələri ilə tanış edilməsi barədə məlumatlar tələb olunsa da, həmin materiallar “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən müvafiq əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas olan və işçi tərəfindən yol verilmiş pozuntu kimi sadalanılan halların (qeyribalansların araşdırılması, transformatorlar üzrə itkilərin bərpası, abonent bağlantılarının normal icrasının təşkili və.s) İddiaçı əmək funksiyasına aid olması sübuta yetirilməmişdir. Belə ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi başa düşülür. Başqa sözlə, cavabdeh “xxxx” ASC iddiaçı İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyini bildirsə də, iddiaçının həmin öhdəliklərin icrası üzrə məsuliyyət daşımasına dair hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” ASC-nin K/21-01620 nömrəli 13.04.2021-ci il tarixli əmri əsassız olduğundan ləğv edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Çünki bu əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi faktı barədə işçinin sübut etməsi onun imkanı xaricindədir. Əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü tərəf işəgötürəndir və müvafiq faktlarla bağlı sənədlər işəgötürən tərəfindən rəsmiləşdirildiyi üçün bütün sübutlar işəgötürəndə olur. Lakin məhkəmə araşdırması zamanı cavabdehdən iddiaçının sübutların təmin edilməsi ərizəsi ilə müfaviq qərardad verilsə də, bununla bağlı zəruri sənədlər məhkəməyə təqdim olunmamış, göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətləri müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Sözügedən Məcllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə qeyd edir ki, işçi işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış, işçiyə heç bir xəbərdarlıq və ya töhmət verilmədən, hətta onun izahatı alınmadan onun barəsində birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsini, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsini tətbiq etməsi ədalətli hesab oluna bilməz. Çünki, Əmək Məcəlləsinin 203-cü maddəsinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Göstərilən maddədə qeyd edildiyi kimi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunverciliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsiri dərəcəsini müəyyənləşdirmək üçün işçi yoxlamanın nəticələri ilə tanış edilməli və işçidən yazılı izahat alınmalıdır. Lakin araşdırılan məsələyə dair işçi İddiaçı izahatı alınmamışdır. Halbuki işçinin yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir: 1) xəta faktını təsbit edir; 2) işəgötürənə xətanın səbəbini nəzərə almaq imkanı verir; 3) xətanın aşkar olunduğu tarixi təsbit edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozması halı öz təsdiqini tapmadığından, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə müvafiq əmr qanuni hesab edilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Əmək Məcəlləsinin 300-ci maddəsinin 1-ci bəndinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilən əmək qanunverciliyinin normasına əsasən, məhkəmə həmçinin iddiaçının məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələbin əsaslı olduğunu qeyd edir. Həmin maddənin tələblərinə riayət etməklə məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi zamanı qanun pozuntusuna yol verdiyi üçün o, işə bərpa olunmasına dair tələb irəli sürmədiyi təqdirdə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa olunması məsələsi də öz həllini tapmalıdır. İddiaçı həmçinin cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının, tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericliyin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul edir. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında 6 Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında izah olunmuşdur ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı “xxxx” ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsinə bərpa edilməli, İddiaçı 13 aprel 2021-ci il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, cavabdeh “xxxx” ASC-dən mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını əks etdirir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı “xxxx” ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsinə bərpa edilsin. İddiaçı 13 aprel 2021-ci il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh “xxxx” ASC-dən mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3557/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3557/2021
23.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver