Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3596/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Ağasən oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 azyaşlı qızı xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəsi əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən Fərdi yaşayış evindən yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını, qətnamədə “bu qətnamə xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və onun azyaşlı qızı xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır” qeyd edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəsi əsasında onun mülkiyyətindədir. Cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 azyaşlı qızı xx.xx.2009cu il təvəllüdlü Cavabdeh2 ilə mülkiyyətində olan həmin fərdi yaaşayış evində qeydiyyatda qalmalarına baxmayaraq 2020-ci ilin yanvar ayından çıxıb Bakı şəhəri Binəqədi rayonu 28 may qəsəbəsində yaşayan atası evinə getmişdir. O, cavabdehlərə görə artıq kommunal xidmətlər ödəyir. Cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 onun gəlini olmuş Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən oğlundan boşanmış və azyaşlı xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 ilə birlikdə mənzilindən çıxıb getmişdir. İddia ərizəsində adları göstərilən cavabdehlər xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 azyaşlı qızı xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 ilə 6 aydır ki, mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmırlar. Dəfələrlə onlar ilə telefon əlaqəsi yaradaraq mənzilindən çıxmalarını xahiş və tələb etsə də qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin özlərinin yaşadıqları ev var. Buna baxmayaraq cavabdehlər ona məxsus mənzildə qeydiyyatda qalmaqda davam edirlər. Bu səbəbdən də ona məxsus evdən pasport qeydiyyatından çıxmaq istəmirlər. Cavabdehlərə ona məxsus evdən qeydiyyatdan çıxmaları barədə dəfələrlə kəskin şəkildə xəbərdarlıq etsə də cavabdehlər tələbini yerinə yetirmirlər. O, mülkiyyət hüququ əsasında yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilə tam mülkiyyət hüquq əldə etmişdir. Lakin cavabdehlər onun mülkiyyət hüququnu məhdudlaşdıraraq mülkiyyətində olan əmlakından istədiyi kimi istifadə və sərəncam vermək hüququnu məhdudlaşdırıblar. Göründüyü kimi cavabdehlər onunla qərəzli və ya düşmənçilik münasibəti saxlayırlar. Hesab edir ki, cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 azyaşlı qızı xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəsi əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin x xxxx 2020-ci il tarixli, 33 saylı arayışından görünür ki, iş üzrə cavabdehlər bu gün də ona məxsus evdə qeydiyyatda qalmaqdadırlar. Cavabdehlər onun ailə üzvü olmamış, onunla birgə təsərrüfat aparmamış və mənzilindən istifadəyə görə onunla müqavilə bağlamamışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 azyaşlı qızı xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəsi əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən Fərdi yaşayış evindən yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını, qətnamədə “bu qətnamə xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və onun azyaşlı qızı xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır” qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, 16b saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20128 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 16b saylı evdə İddiaçı və başqa 14 nəfər şəxs, o cümlədən Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2009-cu il tarixdən qeyd edilən mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3081/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X1 qarşı "mənzilə istifadə hüququnun tanınması və ya kompensasiya ilə həmin hüququnun əvəz edilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət İdarəsinin FM seriyalı, 011555 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, 106 kv/m-lik 6 otaqlı 16 saylı fərdi yaşayış evi İddiaçınun xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 47 saylı reyestr kitabında 7195-ci səhifədə 307195 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. İşin mübahisələndirilmiyən hallarından görünür ki, cavabdeh iddiaçının oğlu ilə xx.xx.2008-ci ildə nikaha daxil olaraq iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 saylı ünvanında yerləşən fərdi yaşayış evinə köçməklə yaşamağa başlamışdır. İddiaçının oğlu ilə cavabdeh arasında xx.xx.2008-ci ildə bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır İş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2008-ci ildə yarandığıdan və cavabdeh mübahisəli yaşayış sahəsinə köçdüyü zaman mənzil dövlət mülkiyyətinə aid edilmiş olduğundan hazırki mübahisə qüvvədə olan Mülki Məcəllənin müddəalarına əsasən həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən edilmişdir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Beləliklə, cavabdeh 2007-ci ildə iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşdüyündən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə onun istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı xx xxxxxx 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını rəhbər tutaraq hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə, iddiaçının digər ailə üzvü olmuş Cavabdeh1, Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 16b saylı fərdi yaşayış evində qeydiyyatda olsa da, həmin evdən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qazanmamışdır. Belə ki, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta cavabdehin mübahisəli mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan iddiaçının rəsmi razılığı olmuşdursa və o, həmin mənzildə bir müddət yaşamışdırsa belə, bu razılıq və faktiki yaşama özlüyündə cavabdehə sözügedən mənzilə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə qənaətə gəlməsinə baxmayaraq məhkəmə iddianın “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbindən ibarət olduğunu vurğulayaraq qeyd etməyi zəruri sayır ki, işin hallarının araşdırılması zamanı cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 16b saylı fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən edildiyindən, mövcud olmayan hüququn itirilməsi isə mümkün olmadığından iddia bu hissədə rədd edilməlidir. Lakin məhkəmənin bu qənaəti müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb ola bilər. Belə olan halda məhkəmə iddianın faktiki əsasını nəzərə almaqla hesab edir ki, Cavabdeh1 mənzildən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə ki, cavabdehin övladı olan (həm də bu iş üzrə cavabdeh qismində cəlb edilmiş) xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 iddiaçının nəvəsi olduğundan onun “ailə üzvləri dairəsinə” aid edilmiş olsa da nəzərə almaq lazımdır ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 himayəsinə verilmişdir. Məhkəmənin işin faktiki hallarına əsasən gəldiyi qənaətdən göründüyü kimi Cavabdeh1 mübahisəli evdən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri və eyni zamanda babanın öz nəvəsini saxlamaq vəzifəsini daşımalı olmasına dair Ailə Məcəlləsinin 15-ci Fəslində qeyd edilən hüquqi meyarların hazırki işdə olmadığını nəzərə alaraq hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh2 iddiaçıya məxsus mübahisəli evdə qalması mövcud vəziyyətdə qeyri-mümkündür. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsus olduğundan və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşamadan formal olaraq qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından, iddia təmin edilməli, Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, 16b saylı evdən istifadə hüququnun olmaması müəyyən edilməli, Cavabdeh2 isə istifadə hüququ itirilmiş hesab edilməlidir. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, 16b saylı ev üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 16b saylı fərdi yaşayış evindən Cavabdeh1 istifadə hüququnun olmaması müəyyən edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 16b saylı fərdi yaşayış evindən Cavabdeh2 istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm sənani küçəsi, 16b saylı fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3596/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3596/2020
21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver