Məhkəmə qərarları › İş №2(006)-360/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-360/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-360/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, X1 nümayəndəsi Dostəliyev pərviz Sərdar oğlunun iştirakı ilə X1 Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2, mənzil 37 ünvanda yerləşən ümumi sahəsi 39,1 kv.metr olan 2 otaqlı mənzili daşınmaz əmlakın AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinə əsasən vətəndaş X5 almış və həmin mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı mənzildə hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edilən mənzilə dair xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ********** saylı çıxarışı alınmış və həmin mənzil iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxmamışdır. Eyni zamanda qeyd olunan alqı-satqı müqaviləsində müəyyən olunmuşdur ki, satıcı tərəf bir ay müddətinədək satdığı əmlakdan qeydiyyatdan çıxmalıdırlar. Lakin buna baxmayaraq istifadə hüququna xitam verilməsini tələb etdiyi şəxs Cavabdeh iddiaçının mənzilindən çıxıb getməsinə və başqa ünvanda yaşamasına baxmayaraq xüsusi mülkiyətində olan mənzilindən qeydiyyatdan çıxmamışdır. Cavabdehin qeyd edilən mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyətçi kimi mülkiyyətinə olan hüquqlarımı pozur və məhdudlaşdırır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 315G652 saylı arayışdan da görünür ki, hazırda Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Göstərilənlərə əsasən, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51 saylı evin 37 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi Dostəliyev pərviz Sərdar qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçınıın nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın saylı alqısatqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 2, mənzil 37 ünvanda yerləşən ümumi sahəsi 39,1 kv.metr olan 2 otaqlı mənzili X5 almışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzil iddiaçının adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 37 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda cavabdehin qeydiyyatda olduğu mənzil xx xxxx 2019-cu il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda məhkəmə tərəfindən müəyyən edilməli fakt həmin tarixdə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir. Hazırki məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq edərək bu qənaətə gəlmək olar ki, cavabdeh ilə mülkiyyətçi arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmadığından, yaşayış sahəsinə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Onun istifadə hüququnun yaranması üçün əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsində, hazırkı Mənzil Məcəlləsinin 30-cu maddəsində, hazırkı Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Digər bir yandan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvlərinə münasibətdə tətbiq edilə bilər. Hazırki mülki işin halları və iddiaçının izahatı tərəflər arasında ailə-qohumluq münasibətlərinin mövcud olmadığını göstərir. Odur ki, hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Hazırda isə cavabdehin yaşayış sahəsinə olan qeydiyyatı formal xarakter daşıdığından onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır və yaranmayan hüquqa xitam verilə bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin mənzilə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Bununla bağlı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarında göstərilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Eyni zamanda qərarda göstərilir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən olunduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar