Məhkəmə qərarları › İş №2(006)-3604/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3604/2024

18.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3604/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "işə bərpa" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativinə elektrik vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativi ilə müddətsiz əmək müqaviləsini bağlamışdır. Kooperativ tərəfindən inşa olunan çoxmənzilli yaşayış binasının elektrik işçisi vəzifəsində fəaliyyətə başlamışdır. 2023 cü ildə Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativi ilə A.R.Əmək Məcəlləsinin 70 b maddəsinə əsasən işçilərin sayı və ya ştat ixtisar edilmə məqsədiylə xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdi. 2023 cü ilin iyun ayında MTK tərəfindən inşa olunan yaşayış binasında işlərin görülməsinə PAŞA PROPERTY MANAGEMENT Məhdud Məsuliyyətli Cəmiyyət başlamışdır. Onunla MTK əmək müqaviləsini bağlamış olsa da o və digər işçilər orada 2023 cü ildə işləyən PAŞA PROPERTY MANAGEMENT Məhdud Məsuliyyətli Cəmiyyətinin işlərini yerinə yetirmişlər. Hətta belə PAŞA PROPERTY MANAGEMENT MMC-nin uniformasını geyinirdi və 70001344 nömrəli iş kartından (beydjik) istifadə edirdi. Bir ildən artıq MMC-də işçi olaraq işləmişdir. Lakin PAŞA PROPERTY MANAGEMENT MMC-nin rəhbərliyi ona bildirmişdir ki, ştatda işçilər ixtisar olunur. Halbuki, reallıqda işdən təkcə o çıxarılmışdır. Sonra anladı ki, onu işdən çıxarmaq üçün səbəb tapa bilmədiklərinə görə işdən ixtisar adıyla çıxarılmışdır. İşdən çıxarılmağı faktiki PAŞA PROPERTY MANAGEMENT MMC-dən olsa da, rəsmi Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativindən çıxarılmışdır. İşdən çıxarılmağı barədə əmrin sürəti DOST Mərkəzindən verilmiş olsa da, MTK-dan ona nə əmr, nədə ki əmək kitabçası rəsmən verilməyib. Onun himayəsində azyaşlı xəstə uşağı, 2 ci qrup əlil atasının və həyat yoldaşının olduğunu bildirsədə buna əhəmiyyət verilməyib və həm rəsmi əmək müqaviləmə xitam verilmişdir həm də faktiki işlədiyi PAŞA PROPERTY MANAGEMENT Məhdud Məsuliyyətli Cəmiyyətdən işdən çıxarılmağı bildirilmişdir. Məsələni məhkəməyə qədər Mediator vasitəsiylə həll etmək üçün Mediasiya təşkilatına müraciət etmişdim . Bakı şəhəri 9 saylı mediasiya təşkilatının mediatoru ona və Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativinə mediasiya sessiyasının keçirilməsi haqda məktub göndərsə də onlar mediasiya sessiyasına gəlməmişlər. Sonra ona İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Cavabdeh "xxxx" MTK iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 70001344 saylı əmək müqaviləsinə əsasən iddiaçı istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MTK ilə əmlak idarəetmə şirkəti olan "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli PPM-KBR-01 saylı xidmət müqaviləsinə əsasən sonuncu, MTK-ya "xxxx" yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün müxtəlif işlərin görülməsini və xidmətlərin göstərilməsini, habelə MTK-nı lazmımi işçi qüvvəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Bu Xidmət müqaviləsinə əsasən "xxxx" yaşayış kompleksində çalışan bütün işçilər (MTK- nın işçisi olubolmamasından asılı olmayaraq) vahid forma və giriş-çıxış kartları ilə təchiz edilmişdir ki, bu işçilərdən biri də məhz iddiaçı olmuşdur. Bundan əlavə, qeyd edilən Xidmət müqaviləsinə əsasən "xxxx" MMC cavabdehə xidmətlərin və işlərin icrası üçün lazımi qədər işçi qüvvəsi təmin etdiyi üçün MTK-nın əlavə işçi saxlamasının MTK-ya əlavə maddi xərclərə səbəb olmasını, əməyin təşkilində dəyişikliklər edilməsi və optimallaşdırılması zərurətini nəzərə alaraq, Cavabdeh MTK 2023-cü ilin may ayında MTK-nın bir sıra işçiləri ilə əmək müqavilələrinə qanunvericiliyə uyğun əsaslarla xitam verilmiş, həmin işçilər "xxxx" MMCyə işə qəbul olunmuşdur. Eyni vaxtda MTK iddiaçıya da müraciət edərək əmək müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsini təklif etsə də, iddiaçı bundan imtina etmişdi. Bir ildən artıq müddətdə iddiaçının MTK-nın işçisi kimi qaldığı dövrdə iddiaçının əmək haqqı xərclərinin MTK-ya əlavə maddi yükə səbəb olduğunu, MTK-da əlavə işçi qüvvəsinə ehtiyac olmadığını, bütün işçi qüvvəsinin kənar şirkətdən təmin olunduğunu nəzərə alaraq, MTK-nın xx.xx.2024-cti il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilməsi qərara alınmışdır. Bu barədə işçi ilə görüşdə ixtisar barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu işçiyə təqdim edilmiş, lakin işçi əmrlə tanış olmaqdan və onu imzalayıb təhvil almaqdan imtina etmişdir. Bu səbəbdən ixtisar barədə xəbərdarlıq haqqında məktub iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2024-cü il tarixində qeydiyyatda olduğu ünvan 1 ünvanına, habelə Xırdalan, H.Əliyev pr. 112, Şeron MTK-63, Blok A, mənzil 20 ünvanına göndərilmiş, sonuncu ünvanda məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, xəbərdarlıq məktubu işçiyə çatdırıldıqdan sonra xx.xx.2024-cü il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmrlə iddiaçının əmək müqaviləsinə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilmişdir. İddiaçıya telefonla əmək kitabçasını sonuncu iş günü sayılan xx.xx.2024-cü il tarixində gəlib təhvil alması bildirilsə də, işçi bundan imtina etmişdir. Buna görə də, əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə işçinin razılığını almaq üçün ona xx.xx.2024-cü il tarixli məktub elə həmən tarixdə göndərilmiş, işçinin yaşayış ünvanında məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Etiraz ərizəsinə əlavə etdikləri ştatların sayına dair ƏMAS sistemindən çıxarışa nəzər yetirsəniz görə bilinər ki, MTK-nın hazırki işçi siyahısında cəmi 4 işçisi vardır ki, onlardan biri onun sədri, digərləri isə MTK-nı müxtəlif qurumlarda təmsil etmək üçün fəaliyyət göstərirlər. Göründüyü kimi cavabdeh öz faəliyyətini təmin etmək üçün bütün digər texniki işçi heyətini mülki müqavilə əsasında kənar şirkətdən təmin etdiyi üçün iddiaçının xidmətlərinə ehtiyac qalmamışdır. İddiaçının qeyd etdiyi kimi, işçilər "xxxx" MMC-nin işlərini yerinə yetirmir, əksinə MTK-nın fəaliyyətinin təmini üçün zəruri olan işləri icra edirlər. İşçilərə "xxxx" MMC-nin loqosu olan formanın və kartların verilməsi onların "xxxx" MMC-nin işçiləri olması demək deyildir. İddiaçının qeyd etdiyi kimi işdən təkcə onun çıxarılması iddiası da doğru deyildir. Belə ki, yuxarıda da yazıldığı kimi MTK-nın işçi qüvvəsini və xidmətləri kənar şirkətdən təmin etməsi səbəbindən özündə işçi saxlaması MTK-ya əlavə xərclərə səbəb olmuşdur. Buna görə də bir sıra işçilər 2023-cü ilin may ayında ərizələrinə əsasən MTK-dan ayrılmış və "xxxx" MMC-ya işə qəbul olunmuşlar. İddiaçı bundan imtina etdiyi üçün 2024-cü ilin may ayınadək MTK-nın işçisi olaraq qalmışdır. İddiaçının qeyd etdiyi kimi əmrin və əmək kitabçasının ona rəsmi verilməməsi əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi müvafiq sənədlər ona poçt vasitəsilə çatdırılmışdır. Bunu iddiaçının iddia ərizəsinə əlavə etdiyi qoşma sənədlərin siyahısında göstərdiyi “MTK-nın əmək kitabçasının göndərilməsi haqda bildiriş” və “Ştat sayının ixtisar ilə bağlı xəbərdarlıq” sənədlərindən də görmək olar. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, himayəsində azyaşlı xəstə uşağının, 2-ci qrup əlil atasının və həyat yoldaşının olması qanunvericiliyə əsasən işçinin ixtisar olmasına mane olan hallar deyil. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi qadağan olunan işçi kateqoriyalarından heç biri iddiaçıya aid deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, bütün texniki işçilər uzaqlaşdırılıb, MTK-ya texniki işçilərin saxlanılması əlavə yük idi. İddiaçı “b” bəndi ilə işdən çıxarılıb, işdən çıxarılarkən bütün tələblər əməl olunub və qanunsuz heç bir şey olmayıb. Bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli 70001344 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı Məmmədov X1 xidmətləri üzrə texnik vəzifəsinə işə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minir. İş materiallarında olan “Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativi” tərəfindən İddiaçı ünvanladığı 17 aprel 2024-cü il tarixli “Ştat sayının ixtisarı ilə bağlı xəbərdarlıq” məktubundan görünür ki, hazırda Cavabdeh MTK-da (bundan sonra “MTK”) əməyin təşkilində dəyişikliklər edilməsi zərurətindən irəli gələrək “İstismar xidmətləri üzrə texnik” ştatı qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilir. MTK-da əmək stajının bir ildən beş ilədək olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonda AR ƏM) 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğunuz) vaxtdan etibarən azı dörd təqvim həftəsi qabaqcadan çalışdığı “İstismar xidmətləri üzrə texnik” ştatının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir. Azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) gün iş axtarmağa Sizə imkan yaradılacaqdır. Xəbərdarlıq müddəti bitdikdən sonra onunla 01,07.2022-ci il tarixində bağlanmış 70001344 saylı əmək müqaviləsinə AR ƏM 70-ci maddəsinin b) bəndinə (İşçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcək və orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında Ona işdənçıxarma müavinəti ödəniləcəkdir. Məlumat üçün bildirilmişdir ki, AR ƏM 77-ci maddəsinin 4-cü hissəsinə əsasən Onun razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0.9 misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. İş materiallarında olan Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativinin 23 may 2024cü il tarixli “işçi sayının ixtisar edilməsi barədə” 003/24-k saylı əmri ilə Cavabdeh MTK-da “İstismar xidmətləri üzrə texnik” vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinin xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilməsi, İddiaçı işdən azad edilməsi ilə bağlı son haqqhesab verilərkən istifadə etmədiyi 39.84 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsinin təmin edilməsi, işçi sayının ixtisan ilə əlaqədar ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77- ci maddəsinin 3-cü hissəsinə əsasən orta əmək haqqının 1.4 misli miqdarında işdənçıxma müavinətinin bir dəfəyə ödənilməsi mühasibatlığa tapşırılması, işçinin əmək müqaviləsinə xitam verilməsi əmri barədə məlumat elektron informasiya sisteminə daxil edilməsi əmr edilmişdir. İş materiallarında olan Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativinin İddiaçı ünvanladığı 24 may 2024-cü il tarixli “əmək kitabçasının poçt vasitəsi ilə göndərilməsi barədə” məktubundan görünür ki, iddiaçıdan onun əmək kitabçasının poçt vasitəsi ilə göndərilməsinə razı olub olmaması barədə məlumat verilməsini xahiş etmişdirlər. İş materiallarında olan çıxarışa əsasən, hazırda Knightsbridge Ağ Şəhər Mənzil Tikinti Koperativində 4 işçi fəaliyyət göstərir. İş materiallarında olan Bakı şəhəri 09 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/9/2024-00670 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 12:00-da keçirilən ilkin mediasiya sessiyasında "xxxx" MTK-nın nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı (işçi) ilə cavabdeh (işəgötürən) “Knightsbride Ağ şəhər" MTK arasında xx.xx.2022-ci il tarixli, 70001344 nömrəli Əmək Müqaviləsi əsasında əmək münasibətləri yaranmışdır. İddiaçı Məmmədov İddiaçı “Knightsbride Ağ şəhər" MTK-nın İstismar xidmətləri üzrə texnik vəzifəsinə müddətsiz olaraq qəbul edilmişdir. Daha sonra həmin MTK-nın 23 may 2024-cü il tarixli, 003/24-k saylı “işçi sayının ixtisar edilməsi barədə” əmri əsasında iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı onun işdən çıxarılmasını qanunsuz olduğunu iddia edərək, əvvəlki vəzifəsinə bərpa olunmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Eyni Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; - bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; - beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; - on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; - bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; - beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; - on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Eyni Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 23 may 2024-cü il tarixli “işçi sayının ixtisar edilməsi barədə” 003/24-k saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi İddiaçı ştatının ixtisara düşməsi olmuşdur ki, nəticədə onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. İddiaçı hazırda onun əmək müqaviləsinə cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq işdən çıxarıldığını iddia etsə də, iddiasını əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçı M.Pərviz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Lakin iddiaçıdan fərqli olaraq cavabdeh tərəfindən iddianın əsassız olmasına dair yetəri qədər sübut məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi MTK-nın hazırki işçi siyahısında cəmi 4 işçisi vardır ki, onlardan biri onun sədri, digərləri isə MTK-nı müxtəlif qurumlarda təmsil etmək üçün fəaliyyət göstərirlər. Bu da bir daha onu göstərir ki, MTK tərəfindən digər bütün ştatlar həmin işçilərə ehtiyac olmadığı üçün ixtisar eilmişdir. Məhkəmə qeyd edir ki, MTK-nın xx.xx.2024-cti il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilməsi qərara alınmışdır. Bu barədə xəbərdarlıq haqqında məktub iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2024-cü il tarixində qeydiyyatda olduğu ünvan 1 ünvanına, habelə Xırdalan, H.Əliyev pr. 112, Şeron MTK-63, Blok A, mənzil 20 ünvanına göndərilmiş, sonuncu ünvanda məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Bunu iş materiallarında olan xəbərnamə (qəbz) də təsdiq edir. Daha sonra Qanunvericiliyin tələblərinə uyğun olaraq, xəbərdarlıq məktubu işçiyə çatdırıldıqdan sonra xx.xx.2024-cü il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmrlə İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilmişdir. İddiaçıya telefonla əmək kitabçasını sonuncu iş günü sayılan xx.xx.2024-cü il tarixində gəlib təhvil alması bildirilsə də, işçi bundan imtina etmişdir. Buna görə də, əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə işçinin razılığını almaq üçün ona xx.xx.2024-cü il tarixli məktub elə həmən tarixdə göndərilmiş, işçinin yaşayış ünvanında məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Bunu iş materiallarında olan xəbərnamə (qəbz) də təsdiq edir. Məhkəmə həmçinin iddiaçının himayəsində azyaşlı xəstə uşağı, 2 ci qrup əlil atasının və həyat yoldaşının olduğuna baxmayaraq, cavabdehin buna əhəmiyyət verilməyərək onun əmək müqaviləsinə xitam verdiyinin düzgün olmaması ilə bağlı qeyd edir ki, bunlar Qanunvericiliyə əsasən işçinin ixtisar olmasına mane olan hallar deyil. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi qadağan olunan işçi kateqoriyalarından heç biri iddiaçıya aid deyildir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur (əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir). Buna görə də hazırki iş üzrə iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə iddiaçının tələbi tam əsassız olmuşdur. Beləliklə, “Knightsbride Ağ şəhər" MTK, yəni işə götürən Əmək Qanunvericiliyinin bütün tələblərinə riayət etməklə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı " işə bərpa" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "işə bərpa" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar