Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3626/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin onun işdən azad olunmağı barədə verilmiş əmrin əsassız olduğundan ləğv edilməsi və əmək haqqı ödənilməklə işdən çıxarıldığı gündən işə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1980-ci ildə Şabran rayonunda anadan olmuşdur. Cavabdehnin Şabran rayonunda yerləşən filialında xx.xx.2020-ci il tarixdən operator işləyir. Sahə rəisi Turqut və Əhməd bəydir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək bel ağrıları ilə əlaqədar bülletendə olmuşdur. Həmin travmanı elə bu müəsisədə işləyərkən almışdır. xx.xx.2021-ci il tarixdən yenidən işə başlamışdır. Bu vaxt mühəndis Bora bəyin göstərişi ilə Qüdrət müəllim (mühasib, ya da kadrlar şöbəsinin işçisidir) ona “sənin çıxışın dünəndən verilib” deyə bildirmişdir. O, onlara əvvəlcədən bülletendə olduğunu bildirmişdi, sonra da bülletenin kopiyasını təqdim etmişdir. Ona çıxışına qol çəkmək lazım olduğunu bildirdilər, o isə buna etiraz etmişdi. İşlədiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. İşdən çıxarılmağının səbəbini soruşduqda işdə sıxıntılar olduğunu, işçiləri ixtisar edəcəklərini bildirdilər. Sonradan o bu məsələ ilə əlaqədar X3 müraciət edəcəyini bildirdikdə, Qüdrət müəllim, ona bildirdi ki, işinə qayıt, sənin çıxışın verilməyib. xx.xx.2021-ci ildə mühəndis Bora müəllim o işə gələndə, onu geri qaytardı ki, “sən şənbə günü səhər növbəsinə, bazar ertəsi isə gecə növbəsinə çıxacaqsan”. Şənbə günü işə çıxdı, bazar ertəsi isə səhər xəstəxanaya gedəndə yolda Suad müəllim ona zəng etdi ki, “sən işdə olmalısan, hardasan?” O isə dedi ki, Bora müəllim ona deyib ki, gecə növbəsinə çıxacaqsan. O dedi ki, sabahdan çıxışın veriləcək. Axşam işə gəldi. Gecə 12-də evə qayıtdı. Sonradan Qüdrət müəllim müqavilə müddəti bitdiyi üçün işdən çıxarıldığını bildirdi. İşə qəbul olunan vaxt təkid etsə də, əmək müqaviləsinin bir nüsxəsini ona verməyiblər. Əmək kitabçası da iş yerindədir. Əlavə olaraq bildirmişdir ki, əmək haqqı kartının müddəti Kapital Bankda 2021-ci ilin dekabr ayına kimidir. Ailədə 6 nəfərdirlər. Himayəsində 81 yaşlı xəstə anası var, qardaşı 1-ci qrup əlildir. Həyat yoldaşı işləmir, 2 övladı azyaşlıdır. Ailədə təkcə qazanc gətirən odur. Heç bir səbəb olmadan onsuz da çətin dönəmdə onu işdən azad etmək ən azından ədalətsizlikdir. İşçilərin ixtisarı olduqda 2 ay əvvəlcədən qanunvericiliyə uyğun olaraq onlara xəbərdarlıq edilməli idi. Bu barədə Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri cənab Naci Kaloğluna rəsmi məktubla müraciət etsə də, heç bir cavab məktubu almamışdır. Təkrarən teleqramla da müraciət etmişdir. Lakin, cavab gəlməmişdir. Mediasiya Şurasına “işə bərpa və təzminat” tələbinə dair mübahisə ilə müraciət etmişdir. Mediasiya Şurasının təkidi ilə 780/20 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bir surəti ona təqdim olundu. Bakı 11 saylı mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/11-00037 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı ona təqdim olunub. Bunun üçün xx.xx.2022-ci il tarixdə eManat ödəniş aparatından mediasiya təşkilatına 56 manat məbləğində rüsum ödəmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı X6 Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia predmetini Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 22 iyun 2021-ci il tarixli, 1998/21 saylı əmrinin ləğv edilməsi və işəbərpa tələbləri təşkil edir. İddiaçı ilə bağlanmış 20 noyabr 2022-ci il tarixli, 780/20 saylı əmək müqaviləsinə 22 iyun 2021-ci il tarixdən 1998/21 saylı əmrlə xitam verilib. İşçiyə son haqq-hesab ödənilmiş, əmrin surəti işçiyə təqdim edilmiş, lakin işçi əmrin surətini almasına dair imza etməkdən imtina etmiş, həmçinin əmək kitabçasını təhvil almaq üçün sənədlərə imza çəkməkdən imtina etmiş və iş yerini tərk etmişdir. Əmək kitabçasının poçt vasitəsilə ona göndərilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2021-ci il tarixdən bəlli idi ki, onunla bağlanmış əmək müqaviləsinə 22 iyun 2021-ci il tarixdən xitam verilib. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Əmək Məcəlləsinin 8-ci maddəsinə görə müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İddiaçı hüquqlarının pozulduğunu akşar etdiyi gün 22 iyun 2021-ci il tarixi olduğundan şəxsin iddia müddəti xx.xx.2021-ci il tarixdən artıq bitmiş sayılır. İddiaçı iddia ərizəsi isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Beləliklə, iddia müddəti 10 ay 2 gün müddətində üzrsüz səbəbdən ötürülmüşdür. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim edərək, izahatında bildirdi ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılıb. Sonradan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddət uzadılıb. İddiaçı hüquqlarını bildiyi andan məhkəməyə müraciət etməli idi. O bu müddəti ötürüb. O, əmək müqaviləsinin xitamı barədə sənədlərə imza atmayıb. Bu, hüquqlardan sui-istifadədir. Əmək müqaviləsinin müddəti bitdikdən 2 gün sonra əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. 780/20 №-li Əmək müqaviləsinin (Kontraktı) təsdiqlənmiş surətindən görünür ki, Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfdən işəgötürən-direktor müavini X8 ilə işçi İddiaçı arasında 20 noyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, işçi Yalama-Sumqayıt Dəmir Yolu Xəttinin Bərpasının dizayn, təchizat və quraşdırma işləri layihəsinə əsas iş yeri olaraq Operator vəzifəsinə (peşəsinə) təyin edilmişdir. Bu əmək müqaviləsi qarşılıqlı razılığa əsasən 20 noyabr 2020-ci il tarixindən 20 dekabr 2020-ci il tarixinədək 1 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Neyrocərrahiyyə X5 Şəxsi tərəfindən verilən İddiaçı məxsus müayinə protokolundan görünür ki, pasiyentdə fəqərəarası disklərin degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. L5-S1-fəqərəarası diskin arxa median sola meyilli yırtığı, dural kisənin və sol lateral sinir kökcüyünün minimal sıxılması əldə olunmuşdur. xx.xx.2022-ci il tarixli, MŞB/11-00037 №-li Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı və Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi xx.xx.2022-ci il, saat 12:45-13:40-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin İddiaçı X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa və təzminat” tələbinə dair mübahisə üzrə tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər, yəni tam mediasiya sessiyasına keçid baş vermədi və barışıq sazişi əldə edilmədi. “X11 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilən 22 iyun 2021-ci il tarixli, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq 1998/21 №-li Əmrdən görünür ki, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Yalama-Sumqayıt Dəmir Yolu Xəttinin Bərpasının dizayn, təchizat və quraşdırma işləri” layihəsində Operator vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 22 iyun 2021-ci il tarixdən xitam verilmiş, işçi ilə son haqq-hesab aparılmış, işçiyə 12.37 təqvim günü müddətinə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. “Yalama-Sumqayıt Dəmir Yolu Xəttinin Bərpasının dizayn, təchizat və quraşdırma işləri” layihəsinin 22 iyun 2021-ci il tarixli işdən azad olmalarla bağlı ödəniş cədvəlindən görünür ki, hesab nömrəsi ******************** olan İddiaçı 456,00 manat məbləğində pul ödənilmişdir. İddiaçı məxsus 060077 nömrəli Əmək kitabçasından görünür ki, İddiaçı 20 noyabr 2020-ci il tarixdə “X11 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 1751/20 №-li Əmrlə Operator vəzifəsinə təyin edilmiş, 21 iyun 2021-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə (əmək müqaviləsi müddətinin bitməsi ilə) əsasən əmək müqaviləsinə 1998/21 №-li Əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır; 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 47-ci maddəsinə əsasən, əmək müqaviləsi işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı “X11 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağlamış olduğu 780/20 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, tərəflər müqavilə müddətini 1 ay müyyən etmişlər. Sonradan AR Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müqavilə müddəti hər dəfə bitdikdə tərəflərin münasibətləri davam etdiyindən, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə xitam edilməmiş və bu əsasla xx.xx.2021-ci il tarixədək davam etmişdir. Lakin, sonuncu dəfə əmək müqaviləsinin müddəti bitdikdə əmək münasibətləri davam etməmiş və xx.xx.2021-ci il tarixdə işçinin əmək müqaviləsinə 1998/21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmiş və bu barədə məlumat elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı 22 iyun 2021-ci il tarixdən məlum idi ki, onun əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Lakin, iddiaçı AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərini pozaraq, öz hüquqlarının pozulduğunu aşkar etdiyi gündən müraciət etmək hüququ ilə bağlı müəyyən edilmiş 1 təqvim ayı müddətini ötürərək xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia müddəti artıq xx.xx.2021-ci il tarixdə bitmiş, lakin iddiaçı isə 10 ay 2 gün müddətində iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinəuyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3626/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3626/2022
07.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver