Məhkəmə qərarları › İş №2(006)-3635/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3635/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3635/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Cavabdeh4 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, X6, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı «fərdi avtomobil qarajlarının təyinatı üzrə istifadə edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı «fərdi avtomobil qarajlarının təyinatı üzrə istifadə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tərəfindən onlara məxsus qarajlardan təyinatı üzrə istifadə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının vəsatətinə əsasən əsl olmayan Cavabdeh5 əsl cavabdeh X9 ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan və həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, H.B.Əliyev küçəsi 22 saylı binanın arxasında və Cavadxan küçəsi 36 saylı binanın həyətində yerləşən qarajların təyinatına uyğun olmayaraq avtoyuma məntəqəsi kimi istifadə olunduğunu və bunun onun sahibkarlıq fəaliyyətinə və mənfəətlərinə mənfi təsir göstərdiyini qeyd edərək və onların qanunsuz fəaliyyətlərinin dayandırılmasını xahiş etmişdir. O.Bayramovun müraciətinin hərtərəfli araşdırılması üçün aidiyyəti qurumlara sorğular verilməsi ilə əlaqədar müraciətə baxılmanın müddəti uzandığından şikayətçi İddiaçı hərəkətsizlikdə ittiham edərək, digər dövlət orqanlarına (Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)) şikayət etmişdir. O.Bayramovun ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 məxsus qarajlar mövcuddur və hazırda həmin qarajlardan avtoyuma kimi istifadə edilir. Bununla əlaqədar Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən dəfələrlə sözügedən qarajların təyinatı üzrə istifadə edilməsi barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öz fəaliyyətlərinə davam edirlər. O.Bayramovun ərizəsi ilə əlaqədar cavabdehlər rəsmi qaydada (2 dəfə) RİH-ə dəvət olunmalarına baxmayaraq, gəlməmişlər. Beləliklə, adları qeyd olunan şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulur. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 02 iyun 2021-ci il tarixdə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, İ qrup əlil kimi 2007-ci il tarixdə yaşadığı və daimi qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon H.B.Əliyev küçəsi 22 saylı binanın arxa hissəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırmaqla İddiaçı başçısının 01.10.2007-ci il tarixli 325 saylı sərəncamı əsasında qaraj sahəsi ayrılmışdır. Həmin qaraj sahəsindən 2007-ci ildən bu günə kimi ticarət məqsədi ilə istifadə etmişdir və istifadə etdiyi müddətdə yaxın qonşular və ya digər şəxslərin qanunla qorunan maraqlarına xələl gətirməmişdir. Bu müddət ərzində aidiyyatı qurumlara onun fəaliyyəti ilə bağlı heç bir əsaslı şikayət daxil olmamışdır. Nəsimi RİH tərəfindən Nəsimi rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsi ilə tanış olduqda görünür ki, iddia məhz 3-cü şəxs X3 şikayəti əsasında müraciət olunmuşdur. Lakin iddia ərizəsinə əlavə olunmuş sənədlərlə tanış olduqda görünür ki, üçüncü şəxsin ona məxsus qaraj sahəsi ilə bağlı hər hansı bir tələbi mövcud deyildir. Lakin iddiaçı 3-cü şəxsin yaxın qohumu olaraq onu cavabdeh qismində işə cəlb etməklə üçüncü şəxsə təsir etmək niyyətindədir. Belə olan halda bildirmək istəyir ki, iddiaçı inzibati orqan sakini olaraq onun İ qrup əlil olduğunu bilərək ona qarşı bu mövqe sərgiləməsi Dövlətin əlillərə qarşı siyasətinə zidd addımlar atmaq kimi başa düşülməlidir. İnzibati orqan Dövlətin bu sahədə yürütdüyü siyasətinə və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə zidd hərəkət edərək hər hansı bir şəxsə təsir etmək məqsədi ilə onun yaxın qohumuna təzyiq göstərməsi dərəbəylik kimi başa düşülməlidir. Bildirmək istəyir ki, Bakı şəhəri Nəsimi rayonu və ya xüsusən 3-cü mikrorayon ərazisində onlarla qaraj təyinatından kənar istifadə edilir. Əgər inzibati orqan onu cavabdeh kimi iddiaya cəlb etməsi iddiaçının müstəqil surətdə təşəbbüsüdürsə belə olan halda Nəsimi rayonu ərazisində onlarla qaraj təyinatından kənar istifadə edilir. Hansı səbəbdən iddiaçı həmin şəxslər barəsində məhkəmə hakimiyyəti qarşısında iddia qaldırmamışdır? Bu cür hərəkət Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi – qanun qarşısında bərabərlik prinsipinin pozulmasına səbəb olur. O, sahibkarlıq fəaliyyəti göstərməklə ailəsinin dolanışığını təmin edir. Dövlətin vergisini, su və kanalizasiya xətlərinə qoşulmasına dair texniki şərti, elektrik enerjisi ilə təmin olunmasına dair texniki şərti mövcuddur. Bundan əlavə, məhkəmənin icraatında olan iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RİH başçısının İ müavini R.Quliyevin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Bakı şəhəri kiçik sahibkarlıqla iş Baş idarəsinin rəisinə ünvanladığı 05.03.2021ci il tarixli sorğusu ilə tanış olduqda görünür ki, sorğuda adları qeyd olunan şəxslərin sırasında Cavabdeh4 adı qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RİH başçısının müavini, apellyasiya şurasının sədri Z.Xəlilovun Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə ünvanladığı 01.04.2021-ci il tarixli sorğusu ilə tanış olduqda görünür ki, sorğuda adları qeyd olunan şəxslərin sırasında Cavabdeh4 adı qeyd olunmamışdır. Onun barəsində hər hansı qonşu tərəfindən şikayət olmadığından, həmin iş üzrə cavabdeh kimi cəlb olunmasına etiraz edərək, onun adının cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Cavabdeh4 nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, onun Cavabdeh4 qarşı hər hansı şikayəti, müraciəti olmamışdır. Bu səbəbdən, iddia Cavabdeh4 münasibətdə onun müraciəti əsasında qaldırılmamışdır. Məhkəmədən digər cavabdehlərə münasibətdə iddianın təmin, nümayəndəsi olduğu cavabdehə qarşı hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, X6, Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh3, X4, Cavabdeh1, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və 3-cü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, hüquq müəyyən edici sənədlərə əsasən Cavabdeh3, X4, Cavabdeh1, Cavabdeh2 istifadələrində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 28 saylı binanın yanında və Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon H.B.Əliyev küçəsi 22 saylı binanın arxasında yerləşən 4 ədəd qaraj mövcuddur. Həmin qarajlardan təyinatına uyğun istifadə edilmir və avtoyuma məntəqələri kimi istifadə olunur. Qanuni şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, hazırkı mülki iş üzrə 3-cü şəxs X1 rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin faktı diqqətə çatdırmış və qarajların təyinatı üzrə istifadə edilməsi üçün zəruri addımların atılmasını xahiş etmişdir. İddiaçı qeyd edilən müraciəti icraata götürməklə, vətəndaşın müraciətindəki halların araşdırılması üçün aidiyyatı orqanlara müxtəlif səpkili sorğular göndərmişdir. Sorğuya alınmış cavablardan müəyyən edilmişdir ki, həqiqətən qeyd edilən 4 ədəd qaraj təyinatı üzrə istifadə olunmur, qarajlar avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir, əldə edilmiş gəlirdən vergilər ödənilmir, əraziyə giriş-çıxış məhdudlaşır, ərazidə antisanitariya vəziyyətidir, istifadə olunmuş su kirləndikdən sonra yola axıdılır və s. Bununla bağlı 4 qaraj sahibinə müvafiq xəbərdarlıqlar ünvanlanmış, qarajlardan təyinatı üzrə istifadə edilməsi tələb edilmişdir. Lakin cavabdehlər Cavabdeh3, X9, Cavabdeh1 və Cavabdeh2 qarajlardan təyinatı üzrə istifadəni təmin etməmiş, qarajların avtoyuma məntəqəsi kimi ərazidə qanunsuz fəaliyyət göstərmələri davam etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 saylı qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə»yə əsasən qaraj – nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir. Əsasnamənin 4.5-ci bəndinə əsasən duracaq və qaraj daxilində saxlanca qoyulmuş nəqliyyat vasitələrinin salonlarında istirahət edilməməli və ya yuma, təmizləmə işləri aparılmamalıdır. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh3, X9, Cavabdeh1 və Cavabdeh2 İcra Hakimiyyətinin haqlı tələbini yerinə yetirmədiklərindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia Cavabdeh4 münasibətdə əsassızdır. O, qarajdan avtoyuma mənqətəsi kimi istifadə etmir, şikayət vermiş üçüncü şəxsin Cavabdeh4 qarajı ilə bağlı hər hansı şikayəti yoxdur. Cavabdeh4 öz qarajından istifadə etməsi ərazidə yaşayan və fəaliyyət göstərən şəxslərin heç birinin narazılığına səbəb olmur, uzun illər ərzində sonuncu ilə bağlı heç bir orqana şikayət və müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, X9, Cavabdeh1 və Cavabdeh2 onlara məxsus qarajlardan təyinatı üzrə istifadə etməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, X9, Cavabdeh1 və Cavabdeh2 tərəfindən onlara məxsus qarajlardan təyinatı üzrə istifadə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar