Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-364/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - X1, Cavabdeh nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəzifəli şəxsləri tərəfindən iddiaçını aldadaraq istismar edib ödətdikləri 16.080 manat məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdeh tərəfindən avtomobillərin icarəyə verildiyi və icarə müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğ tam ödənildikdən sonra həmin avtomobilin icarəçinin mülkiyyətinə verilməsi barədə məlumat əldə etmişdir. Bundan sonra iddiaçı cavabdehin ofisində olmuş və orada həmin məlumatın həqiqət olduğu təsdiqlənmişdir. Cavabdehin təklif etdiyi şərtlər iddiaçını təmin etdiyi, icarəsinə, sonra isə mülkiyyətinə verilməsi nəzərdə tutulan avtomobil normal vəziyyətdə olduğu üçün həmin şərtlərlərlə müqavilə bağlamağa razılaşmışdır. Bundan sonra icarəyə verən cavabdeh ilə icarəçi kimi iddiaçı arasında 11.02.2019-cu il tarixli, 222/İ saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən icarəyə verən cavabdeh avtomobili iddiaçının icarəsinə vermək, müqavilə ilə müəyyənlədirilmiş ödənişləri qəbul etmək və müəyyənləşdirilmiş məbləğ tam ödənildikdən sonra avtomobili iddiaçının mülkiyyətinə vermək hüquq və vəzifələrinə, icarəçi kimi iddiaçı isə müqavilə ilə müəyyənlədirilmiş ödənişləri etmək və müəyyənləşdirilmiş məbləği tam ödədikdən sonra avtomobili mülkiyyətinə qəbul etmək hüquq və vəzifələrinə malik olmuşlar. Müqaviləyə əsasən icarə müddəti 30 ay, hər gün üçün ödəniləcək məbləğ 26 manat, ödəniləcək ümumi məbləğ isə 23.400 manat müəyyən edilmişdir. Müqavilə bağlanan gün ** PL *** dövlət qeydiyyat nişanlı, Donfeng A30 markalı avtomobil iddiaçının icarəsinə verilmişdir və iddiaçı tərəfimdən cavabdehə 05.09.2020-ci il tarixinə kimi ilkin ödənişlə birlikdə 16.080 manat pul ödənmişdir. 05.09.2020-ci ildə atası X4 vəfat etmişdir, bu səbəbdən 14.09.2020-ci il tarixinə kimi Samux rayonunda olaraq işləməmişdir, 14.09.2020-ci ildə cavabdehin ofsinə gedərək işləməyərək borclu olduğu günlərin pulunu ödəmiş, bundan sonra atasının hüzürü və daş salınması ilə bağlı 2020-ci ilin sentyabr ayında bir neçə dəfə Samux rayonuna getmiş və 01.10.2020-ci il tarixinə kimi 5 gün ödəniş borcu və 180 manat cərimə borcu olmuşdur və 01.10.2020-ci il tarixdə etibarnamə aldığı zaman cavabdehin işçiləri tərəfindən avtomobil əlindən alınmışdır. Bundan sonra iddiaçı bir neçə dəfə cavabdehin ofisində olaraq 2020-ci ilin sentyabr ayındakı gecikmələrin atasının vəfatı ilə bağlı olduğunu nəzərə alaraq avtomobilin və ya ödədiyi pulun qaytarılmasını xahiş etsə də, cavabdeh tərəfindən bundan imtina edilmiş və ona qarşı edilən bu hərəkət uzun müddət xəstələnməsinə səbəb olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıdan əlavə digər çoxsaylı insanların işlədilərək uzun müddət pul ödətdirdikdən sonra kiçik bir bəhanə ilə avtomobilin əlindən alındığı, bununla da cavabdehin vəzifəli şəxslərinin iddiaçı kimi çoxsaylı insanları peşəkarcasına aldadaraq istismar etməklə məşğul olduqları məlum olmuşdur. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər qarşılıqlı razılaşma əsasında sülh yolu ilə həll edilməsi üçün pretenziya qaydasında cavabdehə müraciət edilmişdir və həmin pretenziya təcili poçt tərəfindən 17.08.2021-ci il tarixdə saat 15:40-da cavabdehə təqdim edilmişdir, lakin iddiaçının mübahisənin məhkəməyə qədər nizama salınmasına dair təklifinə bu müddətə kimi cavabdeh tərəfindən hər hansı münasibət və ya razılıq bildirilməmişdir. Bununla da yaranan mövcud vəziyyət mübahisənin məhkəmə qaydasında həll edilməsini zəruri etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh, tərəflər arasındaki icarə müqaviləsini pozaraq iddiaçıya 16000 manat maddi zərər vurmuşdur. İddia tələbi tam əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsinə dair 222/İ saylı 11 fevral 2019-cu il tarixli icarə müqaviləsi və həmin müqaviləyə əlavə bağlanılmışdır. Müqavilənin şərtlərinə görə **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya 35 ay müddətinə günlük 26 manat icarə haqqı ödənişi olmaqla icarəyə verilmişdir. İddiaçı, sentiyabr 2020-ci il tarixi boyunca icarə müqaviləsinin 3.1-ci maddəsinin şərtini pozaraq üzərinə düşən icarə haqqı öhdəliyini yerinə yetirməmişdir. Əlavə olaraq, icarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən tərəf zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirlməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. İddiaçı müqavilə üzrə üzərinə düşən ödəniş öhdəliklərini pozmuş və ümumilikdə 400 manat icarə haqqı borcu yaranmışdır. Bunu 12/21 nömrəli 11.01.2022-ci il tarixli maliyyə arayışı da təsdiq edir. İddiaçıya cavabdeh tərəfindən yaranmış borcun ödənilməsi üçün müddət verilsə də, iddiaçı qeyd olunan borcu ödəməkdən imtina etmişdir. Əlavə olaraq, aralarında bağlanmış 222/İR sayılı 11 fevral 2022-ci il tarixli razılaşmanın şərtləri də iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, razılaşmanın 2.2.15-ci maddəsinə əsasən avtomobilə yazılan inzibati tənbeh etmə haqqında protokol və qərarlar iddiaçı tərəfindən 7 gün ərzində ödənməli olduğu halda, cərimələr ödənməmişdir. Nəticədə, E4838493 sayılı, İXP ******* sayılı və EQ4302013 sayılı protokollara görə yazılan cərimələr ödənilməmiş və **-PL-*** nömrəli avtomobilə həbs qoyulması təhlükəsi yaranmışdır. Qeyd olunan cərimələr cavabdeh tərəfindən ödənilmişdir. Bundan başqa, razılaşmanın 2.2.17-ci maddəsində qeyd olunduğu kimi iddiaçının cavabdehə borcu olduğu təqdirdə avtomobil icarəçidən götürülərək birtərəfli qaydada müqaviləyə xitam verilə bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 11.02.2019-cu il tarixli, 222/İ saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, cavabdeh ** PL *** dövlət qeydiyyat nişanlı, Donfeng A30 markalı nəqliyyat vasitəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və bir təqvim günü müddətinə icarəsi üçün cavabdehə 26 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. 11.01.2022-ci il tarixli 22/19 saylı Maliyyə arayışından görünür ki, iddiaçının 11.02.2019-cu il tarixli, 222/İ saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən cavabdehə ümumilikdə 528 manat (400 manat icarə haqqı + 128 manat cərimə) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, iddiaçı ilə cavabdeh arasında 11.02.2019-cu il tarixli, 222/İ saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh ** PL *** dövlət qeydiyyat nişanlı, Donfeng A30 markalı nəqliyyat vasitəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və bir təqvim günü müddətinə icarəsi üçün cavabdehə 26 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddia ərizəsinin məzmunundan, eyni zamanda tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının cavabdehdən tələb etdiyi 16.080 manat məbləğində pul vəsaiti iddiaçının cavabdehə ödədiyi icarə haqqı məbləğidir ki, həmin məbləğ də cavabdeh tərəfindən 11.02.2019-cu il tarixli, 222/İ saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən iddiaçıdan alınmışdır. Yəni tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh nəqliyyat vasitəsini iddiaçıya icarəyə vermiş, bununla da cavabdehin müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (icarə haqqını) tələb etmək hüququ yaranmışdır ki, bu halda həmin əsasla cavabdehin əldə etdiyi pul məbləği ondan geri tələb edilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-364/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-364/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver