Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3640/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin idarə heyətinin sədri Abbas İbrahimovun 01 mart 2021-ci il tarixli 593k saylı əmri etibarsız hesab edilərək, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Lənkəran filialının xəzinə bölməsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1993-cü ildən "xxxx" ASC-nin Lənkəran filialında işləmişdir. Bu 28 il ərzində işlədiyi kollektiv arasında nümunəvi davranış nümayiş etdirərək, 11 il qüsursuz kassa xidməti göstərmiş və heç vaxt əmək qanunvericiliyinin qaydalarını pozmamışdır. Bu vaxt ərzində "xxxx" ASC tərəfindən keçirilən biliyin qiymətləndirilməsi ilə bağlı 3 attestasiyadan uğurla keçərək 5 qiymət almışdır. Lakin bunlara baxmayaraq "xxxx" ASC-nin rəhbərliyinin 01.03.2021-ci il tarixli 593k saylı əmri ilə guya əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 04.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Həmin əmr ona 04.03.2021-ci il tarixdə elan olunmuşdur. Hesab edir ki, həmin əmr əmək qanunvericiliyinin müddəalarına zidd qəbul olunduğu üçün aşağıda göstərilən əsaslara görə ləğv edilməlidir. Belə ki, əmrdə göstərilmişdir ki, o, kassa əməliyyatları aparan zaman müştərilər tərəfindən təqdim edilən əlavə vəsaitləri dəfələrlə qəbul etmiş və günün axırında buna dair akt tərtib etmədən onları kassadan kənara çıxarmışdır. Bundan əlavə filialda xidmət göstərən kənar şəxsin adına plastik kart alaraq qızına vermiş və ölkə daxilində nağd və nağdsız əməliyyatlar aparmışdır. Birinci məsələ barədə onu deyə bilər ki, bankın müştəriləri tərəfindən hərdən bir kiçik pul məbləğləri (0,20 m tutmuş – 2 manata kimi) ona da digər kassirlərə olduğu kimi təqdim edilirdi. Həmin məbləğləri o, çox vaxt götürmək istəməsə də, müştəri hörmət əlaməti olaraq təkidlə onu xəzinədə qoyub gedirdi. Hər dəfə də o, xəzinəni qoyub müştərinin dalınca gedib onu qaytarmaq imkanı olmayıb. Baxmayaraq ki, xəzinədə işlədiyi bu 11 il ərzində əvvəllər buna bir neçə dəfə cəhd etmişdir. Lakin sonradan bunun onun üçün çətinlik törətdiyini və məbləğlərin az olduğunu nəzərə alaraq, buna əhəmiyyət verməmişdir. Yığılan həmin xırda məbləğlərlə bağlı da nə bank daxili hər hansı bir təlimat və nə də ki bank rəhbərliyinin göstərişi 2020-ci ilin sentyabr ayına kimi olmamışdır. Yalnız 2020-ci ilin noyabr ayında bankın Daxili Nəzarət Departamentinin əməkdaşı tərəfindən aparılan yoxlama zamanı «Zoom» proqramı vasitəsi ilə onunla əlaqə saxlanarkən ona məlum olmuşdur ki, 2020-ci ilin sentyabr ayında Baş ofisdən bankın bütün filiallarının əməkdaşları ilə «Zoom» proqramı vasitəsi ilə əlaqə saxlanılmış və həmin vaxt yuxarıda qeyd edilən xırda məbləğlərə dair, onların günün axırında akt tərtib edilərək kassaya mədaxil edilməsi barədə rəhbərliyin konkret göstərişinin olması barədə məlumat verilmişdir. Lakin onun evdə olan internetində qüsur yarandığına görə «Zoom» proqramına qoşula bilmədiyi üçün, o vaxt hansı məsələlərin müzakirə edilməsi və hansı, o cümlədən xəzinəyə müştəri tərəfindən verilən həmin xırda pul məbləğlərinə dair göstərişlərin verilməsindən xəbəri olmamışdır. Filialın rəhbərliyi də 2020-ci ilin sentyabr ayından noyabr ayına kimi baş idarədən bu barədə hər hansı bir göstərişin olmasını ona bildirməmişdir. Bu göstəriş barədə yuxarıda qeyd etdiyi səbəbdən məlumatının olmadığı haqqında o, noyabr ayında bankın Daxili Nəzarət Departamentinin araşdırma aparan əməkdaşına bildirmişdir və o, bu məsələni də araşdıracağına dair söz vermişdir. O ki qaldı plastik kart məsələsinə, o, özünə məxsus plastik kartı itirdiyi üçün bankın əməkdaşı Maqsud Şükürovdan xahiş etmişdir ki, öz plastik kartını ona versin ki, övladlarına ölkə daxilində pul köçürmələri edə bilsin. O da, könüllü şəkildə bununla razılaşaraq bir iş yoldaşı kimi kömək məqsədi ilə öz adına olan plastik kartı müvəqqəti olaraq ona vermişdir. Zərurət aradan qalxdıqdan sonra isə o, həmin kartı sahibinə qaytarmışdır. Yuxarıda qeyd olunan hər iki halda onun tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Hələ ki, əmrdə qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozuntusundan heç söhbət gedə bilməz. Belə ki, o, Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərini pozmamışdır. Göründüyü kimi, Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd olunan kobud qanun pozuntularının heç birinə onun tərəfindən yol verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahatında verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı bankın Lənkəran filialının xəzinə bölməsinin aparıcı mütəxəssisi işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanmaqla yanaşı, vəzifə təlimatı ilə tanış edilmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, öhdəlik forması ilə tanış olaraq, həmin öhdəlikləri qəbul etməsini imzası ilə təsdiq etmişdir. "xxxx" ASC-nin Lənkəran filialının xəzinə bölməsinin aparıcı mütəxəssis xəzinədarı İddiaçı əmək fəaliyyətinin yoxlanılmasına dair arayışdan görünür ki, yoxlama 16.11.2020-ci il tarixdə başlamış, 19.11.2020-ci il tarixdə başa çatmışdır. Müəyyən edilmişdir ki, İddiaçı tərəfindən müştərilərin ona təqdim etdiyi əlavə vəsaitlərin qəbul edilməsi və həmin vəsaitlərin aralıq hesablarda qeyd olunmaması; aparılmış əməliyyatlar nəticəsində günün sonunda kassada formalaşmış xırda məbləğdə artıq vəsaitin aktlaşdırılmaması və kassadan kənara çıxarılması; müştəri fiziki olaraq filialda olmadan HÖP sistemi vasitəsilə əməliyyat icra olunması; filialda xidmət aparan polis əməkdaşının adına plastik kart alaraq yaxın qohumlarına verilməsi hallarına yol verilmişdir. Hər bir halla bağlı İddiaçı izahatı alınmışdır. Belə ki: 1) Əməkdaş ilə «Zoom» proqramı vasitəsi ilə keçirilən online görüş zamanı əməkdaş bəzi hallarda tanıdığı şəxslər tərəfindən ona «çaevoy» verildiyini və həmin vəsaitlərin onun tərəfindən qəbul edildiyini bildirmişdir. Əməkdaş şifahi olaraq əlavə vəsaitlərin qəbul edilməsini, Baş ofis tərəfindən keçirilmiş təlim zamanı il ərzində 50 manata qədər vəsaitin qəbuluna icazə verildiyini əsas gətirərək bu hallara yol verdiyini bildirmişdir. Eyni qaydada qeyd olunan hal ilə bağlı olaraq filial müdirinin rəyi alınmış və filial rəhbəri əməkdaşlara korrupsiya hallarına və ya müştərilərdən hər-hansı formada əlavə vəsaitin qəbul edilməsinin yolverilməz olduğu barədə məlumatın verildiyini bildirmişdir. 2) Əməkdaş online görüş zamanı qeyd olunan halın (aparılmış əməliyyatlar nəticəsində günün sonunda kassada formalaşmış xırda məbləğdə artıq vəsaitin aktlaşdırılmaması və kassadan kənara çıxarılması) şifahi olaraq mövcud olduğunu bildirmişdir. 3) İddiaçı 13.11.2020-ci il tarixdə aparılmış telefon danışığı zamanı tanıdığı şəxsin ona tetefon vasitəsi ilə 18 manat ödəniş edilməsi üçün xahiş etdiyini və tərəfindən əməliyyatın icra edildiyini bildirmişdir. Həmin gün müştəri filiala gəlmədiyi üçün mədaxil aparılmadığını və növbəti gün İddiaçı vəsaitin mədaxil edildiyini bildirmişdir. Əməkdaş ilə 18.11.2020-ci il tarixdə «Zoom» proqramı üzərindən keçirilmiş görüş zamanı bu cür əməliyyatların ayrı-ayrı vaxtlarda da aparıldığını bildirmişdir. 4) Qeyd edilən hal (filialda xidmət aparan polis əməkdaşının adına plastik kart alaraq yaxın qohumlarına verilməsi) İddiaçı tərəfindən şifahi formada təsdiq edilmişdir. Polis nəfəri M.Şükürov şifahi olaraq bildirmişdir ki, İddiaçı ondan öz adına plastik kart açılaraq ona təqdim edilməsini xahiş etmiş və kartı alaraq İddiaçı vermişdir. Sadalanan nöqsanlarla bağlı olaraq İddiaçı ilə Zoom platforması vasitəsi ilə online görüş keçirilmişdir. Görüş zamanı əməkdaş yazılı izahat verməmiş və növbəti gün təqdim edəcəyini bildirmişdir. Lakin növbəti gün əməkdaşla əlaqənin qurulması mümkün olmamış və filial müdiri tərəfindən təqdim olunan məlumata əsasən əməkdaş işə çıxmamış və xəstəlik vərəqəsini təqdim edəcəyini bildirmişdir. Aparılan yoxlama nəticəsində məsul əməkdaş tərəfindən ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq əməliyyatları icra etdiyi müəyyən olunmuşdur. Göstərilənlər nəzərə alınaraq, Lənkəran filialının xəzinə bölməsinin mütəxəssisi xəzinədarı İddiaçı tutduğu vəzifəyə uyğunluğunun yenidən qiymətləndirilməsi tövsiyə olunmuşdur. Qeyd olunan məsələyə "xxxx" ASC-nin X2 X1 01 mart 2021-ci il tarixli iclasında baxılmış (20 saylı iclas protokolundan çıxarış məlumatlarına əsasən), iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İş materiallarına əlavə olunmuş 01 mart 2021-ci il tarixli 593k saylı əmrdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 04 mart 2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərək, o, tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 70ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3640/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3640/2021
11.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver