Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3662/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X28 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamentinin əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli. 13-1-18/3-10-3330/2025 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" QSC-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsində qrup rəisi vəzifəsinə bərpa edilməsi, mediasiya prosesi zamanı 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci olmaqla, ümumilikdə ödənilən 60 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsinə texniki düzəliş edilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən etibarən "xxxx" QSC-nin Mühafizə Departamentində müxtəlif vəzifələrdə işləmişdir. Həmin təşkilatda 27 ildən çox əmək təcrübəsi əldə etmişdir. Daim işinə və əmək vəzifələrinin icrasına məsuliyyətlə yanaşmışdır. 2025-ci ilin aprel ayının 24-də Mühafizə Departamentinin Həmkarlar təşkilatına dəvət edilərək Departament rəhbərliyinin tələbi ilə öz ərizəsinə əsasən işdən azad olunması təklif edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunacağı haqqında məlumat verilmiş, lakin bunun üçün hər hansı əsaslı səbəb göstərilməmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisinin xx.xx.2025-ci il tarixli, 13-1-18/3-10-3330/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə dair qeyd edilən əmr qanunsuz və əsassızdır. İddiaçının hüquqlarını kobud şəkildə pozur. Əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh təşkilat əmək müqaviləsinə xitam verilməsi qaydasının nəzərdə tutulduğu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etmişdir. Lakin cavabdeh əmək müqaviləsinə xitam verilməsi haqqına əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etsə də, yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının nədən ibarət olduğunu, eləcə də işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsinin nədə ifadə olunmasını göstərməmişdir və cavabdehin bununla bağlı hər hansı əsaslandırması yoxdur. İddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə müəyyən edilən hallara uyğun olan hər hansı nöqsanı və hüquq pozuntularına yol verdiyi hal mövcud deyil və bütün bunlar cavabdehin əsassız mülahizələrindən ibarətdir. Qanunverici Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi zamanı işəgötürənin qarşısında işçinin günahı ucbatından iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasının əsaslandırılması tələbini qoymuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmrində iddiaçının əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinin nələrdən ibarət olması, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasının nədə ifadə olunması, həmçinin mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyanın nədə ifadə olunması göstərilməyib və təbii olaraq cavabdehin bu haqda hər hansı əsası yoxdur. Cavabdeh əmək müqaviləsinə xitam verərəkən qanunun normalarının qoyduğu şərtlərə əməl etməmiş, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində qeyd olunan əmək intizamı pozuntularına yol vermədiyi halda heç bir əsas olmadan, əsaslandırma aparmadan həmin maddəni tətbiq etmiş, faktiki olaraq əsaslandırıcı hissəsi olmayan qanunsuz əmr verərək əmək hüquqlarını pozmuşdur. İddiaçı hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin xx.xx.2025-ci il tarixli 13-1-18/3-10-3330/2025 saylı əmrinin hər hansı hüquqi əsası yoxdur. Həmin əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən verilmişdir. Həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. xx.xx.2025-ci il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərilmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəflər mediasiyada iştirak etməmiş və mübahisənin mediasiyada həlli mümkün olmamışdır.
3. Cavabdeh "xxxx" QSC etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh olaraq ADY-yə və ADY-nin Mühafizə departamentinə qarşı iddia qaldırmışdır. Mühafizə departamenti ayrıca hüquqi şəxs deyildir, ayrıca VÖEN-i yoxdur. Bu səbəbdən iş üzrə cavabdeh kimi çıxış edə bilməz. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Mühafizə departamentinin xx.xx.2025-ci il tarixli 13-1-18/3-10-3330/2025 nömrəli əmri tam qanuni və əsaslıdır. Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2-420/2- 070312/2025 nömrəli “Qanun pozuntularının, onları doğuran səbəb və şərait yaradan halların aradan qaldırılması”na dair təqdimatına əsasən məlum olur ki, ADY-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X15, X10 və X16 rəhbərliyə müraciət edərək həmin bölmənin rəisi vəzifəsində işləyən Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pullar aldığını qeyd etmişlər. X2 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə, X15 isə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətlərində Emil Hüseynov barəsində əsassız olaraq şikayət etmələrini, hazırda əməldən peşman olmalarını bildirmişlər. Həmçinin, araşdırma zamanı izahatı alınmış X6 işə qəbul edilməsi müqabilində Emil Hüseynova 6000 manat pul verməsini təsdiq edə biləcək şahid qismində adlarını qeyd etdiyi dayısı X19 və X17 onun dediklərini təkzib edərək Ağanur tərəfindən Emil Hüseynova pul verilməsinin şahidi olmadıqlarını bildirmişlər. xx.xx.2025-ci il tarixdə Yevlax rayon prokurorluğundan daxil olmuş materiala əlavə edilmiş “CD” diskə baxış keçirilən zaman X10 ilə X18 arasında danışıqların olması, həmin danışıqlarda Xalid İsmayılovun işə qəbul olunmaq müqabilində Emil Hüseynova 5300 manat pul verməsini bildirməsi müəyyən olunsa da, həmin çəkilişi aparmış Xəzər Ağayev izahatında 2024-cü ilin yay aylarında Xalid ilə “Whatsapp” tətbiqi ilə videozəng ilə danışan zaman ona bilərəkdən Emilə pul verməsi barədə suallar verməsini və həmin danışıqları görüntüyə almasını bildirmişdir. Emil ilə arasında soyuq münasibət olduğuna görə həmin görüntü Xalid, Ağanur və Feyruz vasitəsilə ADY-nin Mühafizə Departamentinin Baş İdarəsinə göndərmişdir. Emil Hüseynov tərəfindən hər hansı şəxsdən pul alınaraq işə qəbul olunması barədə məlumatı yoxdur. X17 tərəfindən təqdim edilmiş səs yazılarına baxış aparılan zaman X17 ilə aralarında olan danışıq zamanı ADY-nin Mühafizə departamentinin Hacıqabul rayon mühafizə bölməsində qrup rəisi vəzifəsində işləyən İddiaçı “Emilin aqibətini hamı görəcək, görəcəksiniz, sən narahat olma o işi mən qurmuşam, işin arxasında mən dayanmışam” deməsi dinlənilir. Beləliklə, araşdırma zamanı ADY-nin Mühafizə Departamentinin Hacıqabul rayon Mühafizə bölməsində mühafizə işinin düzgün təşkil edilmədiyi, bölmə daxilində xidmətlə əlaqədar olmayan şəxsi maraqlar naminə müxtəlif səs yazılarının və videoçəkilişlərin aparılması, əvvəlcədən əlbir olunmuş şəkildə yuxarı vəzifəli şəxslərin barəsində şikayət ərizələrinin yazılmasının təşkil etdirməsi müəyyən edilmişdir. Nəticə olaraq “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam nizamnaməsi”nə uyğun olaraq ADY-nin Mühafizə Departamentinin Hacıqabul rayon Mühafizə bölməsinin rəisi Emil Hüseynov tərəfindən kollektiv arasında əmək intizamına riayət edilməsinə nəzarət lazimi qaydada edilmədiyindən, qrup rəisi vəzifəsində işləyən İddiaçı və baş atıcı vəzifəsində işləyən Xəzər Ağayev tərəfindən kollektiv arasında nizam intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, qeyd olunan nöqsanlara bir daha yol verilməməsi məqsədilə qeyd edilən işçilərin intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə səlahiyyətlər çərçivəsində tədbirlər görmək və nəticəsi barədə 1 ay müddətində rayon prokurorluğuna yazılı məlumat vermək bildirilmişdir. ADYnin Mühafizə Departamentinin X9 Komitəsinin xx.xx.2025-ci il tarixli 14 nörməli protokoldan çıxarışına əsasən İddiaçı tərəfindən kollektiv arasında nizam-intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, həmçinin işə davamiyyətinin aşağı səviyyədə olması səbəbindən, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir. X3 sədri İsmayıl Abudllayev öz çıxışında iddiaçı və digər şəxslərə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edəcəkləri halda, onlara şiddətli töhmət verilməklə əmək müqavilələrinə öz xahişləri əsasında xitam verilməsi yönündə rəy bildiriləcəyini qeyd etmişdir. BHİK sədrinin təklifi Emil Hüseynov tərəfindən qəbul edilmiş, İddiaçı və Xəzər Ağayev tərəfindən isə rədd edilmişdir. xx.xx.2025-ci il tarixli akta əsasən məlum olur ki, Hacıqabul rayon prokurorluğundan daxil olmuş təqdimata əsasən Mühafizə departamentində müzakirələr aparılmış və adı çəkilən şəxsin əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məsədəmüvafiq hesab edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə BHİK sədri ilə birgə təşkil olunan iclasa dəvət olunmuş və ondan daxil olan təqdimat, həmçinin orada qeyd olunan iddialarla bağlı açıqlama və izahat istənilmişdir. Əlavə olaraq BHİK sədri tərəfindən rəyində də qeyd etdiyi barəsində yumşaldıcı tədbirlər görülməsi üçün sözügedən şəxsə müvafiq təkliflər irəli sürülmüşdür. Lakin İddiaçı edilən təkliflərdən, izahat və açıqlamalar verməkdən imtina edərək prokurorluğun təqdimatında qeyd edilən qərarların əsassız olduğunu bildirmişdir. Həmçinin ADY-nin Mühafizə departamentinin rəisi Tikrar Quliyevin xx.xx.2023-cü il tarixli 13-1-18/3-13-2568/2023 nömrəli əmrinə əsasən Mühafizə departamentinin Şirvan rayon Yüklərin və obyektlərin mühafizə komadasının rəisi İddiaçı xidməti nizamsız təşkil etdiyi üçün barəsində töhmət elan olunmuş və gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli 13-1-18/3-13-2568/2023 nömrəli intizam tənbeh tədbirinin verilməsi haqqında əmrdən nəticə çıxarmayaraq təkrar əmək və icra intizamını ciddi şəkildə pozmaqla intizam xətasına yol vermişdir. İddiaçının bu hərəkətləri kollektiv arasında nizam intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, qeyd olunan nöqsanlara bir daha yol verilməməsi məqsədi ilə işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək Hacıqabul Rayon Məhkəməsinin 6(071)-6/2025 nömrəli qərarından Hacıqabul rayon prokurorluğu tərəfindən protest veriləcəyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. "xxxx" QSC Mühafizə departamentinin “intizam tənbehinin verilməsi” haqqında xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Şirvan yüklərin və obyektlərin mühafizə komandasının komanda rəisi İddiaçı, ..., töhmət elan olunması və gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən daha ciddi tədbirlər görüləcəyinin nəzərlərinə çatdırılması əmr edilmişdir.
9. Hacıqabul rayon prokurorunun köməkçisi X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış 13C-25 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul rayon mühafizə bölməsində qrup rəisi vəzifəsində işləyən İddiaçı və baş atıcı vəzifəsində işləyən Xəzər Ağayev tərəfindən xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdikləri nöqsanlara görə barələrində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması, qərarın surətinin təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surətinin məlumat vermiş şəxsə göndərilməklə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır.
10. Hacıqabul rayon prokurorluğu tərəfindən "xxxx" QSC-nin Mühafizə departamentinin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, "xxxx" QSC Mühafizə departamentinin iclasında geniş və hərtərəfli müzakirə edilməklə, qeyd edilmiş əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, gələcəkdə qeyd edilən nöqsanların təkrarlanmaması, şöbə əməkdaşlarının öz xidməti vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi və təqdimatın müzakirəsi və görülmüş tədbirlər barədə qanunda nəzərdə tutulmuş 1 ay müddətində Hacıqabul rayon prokurorluğuna məlumat verilməsi tələb edilmişdir.
11. "xxxx" QSC Mühafizə departamentinin X9 Komitəsinin xx.xx.2025-ci il tarixli potokolundan çıxarışdan görünür ki, Mühafizə departamentinin rəisi X5 xx.xx.2025-ci il tarixli 13C- 25 nömrəli “Qanun pozuntularının, onları doğuran səbəb və şərait yaradan halların aradan qaldırılmasına dair” təqdimatına əsasən Mühafizə departamentinin Hacıqabul mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin bölmə rəisi X7, həmin bölmənin qrup rəisi İddiaçı və həmin bölmənin baş atıcısı X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi haqqında məsələyə baxılmış, "xxxx" QSC-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin rəisi X11 şiddətli töhmət verilməklə işdən azad olunması ərizəsinin nəzərə alınması, Hacıqabul mühafizə bölməsinin qrup rəisi İddiaçı və baş atıcı X8 əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərarı qəbul edilmişdir.
12. "xxxx" QSC Mühafizə departamentinin rəis müavini Fəqan Ömərov, insan resursları şöbəsinin rəisi Pərvin Aslanov və Daxili araşdırmalar şöbəsinin rəisi Vilayət Rzayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Hacıqabul rayon prokurorluğundan İddiaçı intizam tədbiri görülməsi barədə xx.xx.2025-ci il tarixdə 13C-25 nömrəli təqdimat daxil olmuş, daxil olan təqdimata əsasən departamentdə müzakirələr aparılmış və adı çəkilən şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə BHİK sədri ilə birgə təşkil olunan iclasa dəvət olunmuş və ondan daxil olunan təqdimat, həmçinin orada qeyd olunan iddialarla bağlı açıqlama və izahat istənilmişdir. Əlavə olaraq BHİK sədri tərəfindən rəyində də qeyd etdiyi kimi barəsində yumşaldıcı tədbirlər görülməsi üçün sözügedən şəxsə müvafiq təkliflər irəli sürülmüşdür. Lakin İddiaçı edilən təkliflərdən, izahat və açıqlamalar verməkdən imtina edərək, prokurorluğun təqdimatında qeyd edilən qərarların əsassız olduğunu və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir.
13. "xxxx" QSC Mühafizə departamentinin “əmək müqaviləsinin ləğv edilməsi”nə dair xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin qrup rəisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi) xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmrin verilməsinə əsas araşdırma materialları və "xxxx" QSC Mühafizə departamentinin X9 Komitəsinin xx.xx.2025-ci il tarixli 14 nömrəli protokolundan çıxarış olmuşdur.
14. "xxxx" QSC Mühafizə departamentinin “Hacıqabul mühafizə bölməsinin qrup rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli 13C-25 nömrəli araşdırmanın nəticəsinə əsasən əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, vəzifə təlimatının tələblərini, ADY-nin daxili intizam qaydalarının tələblərini, əmək və icra intizamını qəsdən pozduğu müəyyən edilmiş, bununla da iş ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “e” bəndlərinin tələblərini kobudcasına pozmuşdur. Göstərilənləri və BHİK-nin xx.xx.2025-ci il tarixli 14 nömrəli protokolundan çıxarışını nəzərə alaraq Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini, 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən xitam verilməsi, ... əmr edilmişdir:
15. Hacıqabul rayon prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X15, X10 və X6 işlədikləri bölmənin rəisi Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pul alması barədə müraciətləri əsasında Hacıqabul rayon prokurorluğunda araşdırılmış 13C-25 saylı material Hacıqabul Rayon Məhkəməsinə göndərildiyindən qeyd edilən materialın Nəsimi Rayon Məhkəməsinə göndərilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir.
16. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(071)-6/2025 nömrəli qərarından görünür ki, İddiaçı şikayətinin təmin edilməsi, Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X13 tərəfindən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsinin 2-ci bəndi İddiaçı münasibətdə “xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdiyi nöqsanlara görə barəsində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması” hissədə qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi qərara alınmışdır.
17. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(071)-6/2025 nömrəli xüsusi qərarından görünür ki, İddiaçı Hacıqabul rayon prokurorluğuna müraciəti əsasında aparılmış araşdırma zamanı kobud qanun pozuntularına yol verdiyinə görə Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X13 barəsində xüsusi qərar çıxarılması, çıxarılmış xüsusi qərarın müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
18. Hacıqabul Rayon Məhkəməsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 6(071)-6/2025 nömrəli qərarının xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini aldığı və qərardan apellyasiya şikayəti və ya protestinin verilmədiyi barədə məlumat verilmişdir.
19. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-00856 nömrəli arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, cavabdeh "xxxx" QSC-nin və "xxxx" QSC-nin Mühafizə departamentinin nümayəndələri iştirak etməmişdir.
20. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 60 manat mediasiya xidmət haqqı ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövud olmuşdur. Belə ki, İddiaçı cavabdeh "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsində qrup rəisi vəzifəsində işləmişdir. İddiaçı iddia ərizəsində əvvəlcə cavabdeh qismində "xxxx" QSC-ni və "xxxx" QSC-nin Mühafizə departamentini cəlb etsə də, sonra iddia ərizəsinə texniki düzəliş edərək cavabdeh qismində yalnız "xxxx" QSC-ni qeyd etmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə müəyyən olunur ki, Mühafizə departamentinin rəisinə ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nin adından işəgötürən səlahiyyəti verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri İlham Axundov 04 dekabr 2024-cü il tarixdə məktubla DİN-in X20 Polis İdarəsinə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X15, X10 və X6 "xxxx" QSC-nin rəhbərliyinə müraciət edərək həmin bölmənin rəisi vəzifəsində işləyən Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pullar aldığını qeyd etmələrini və bununla əlaqədar toplanmış materiallara hüquqi qiymət verilməsini xahiş etmişdir. Materiallar ərazi aidiyyəti üzrə Yevlax rayon prokurorluğuna, daha sonra isə Hacıqabul rayon prokurorluğuna göndərilmişdir. Material üzrə Hacıqabul rayon prokurorluğunda araşdırma davam etdirilmiş, izahatlar alınmış, təqdim edilmiş video və səs yazılarına baxış keçirilmiş və digər zəruri hərəkətlər icra edilmiş, nəticədə Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X13 tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul rayon mühafizə bölməsində qrup rəisi vəzifəsində işləyən İddiaçı və baş atıcı vəzifəsində işləyən Xəzər Ağayev tərəfindən xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdikləri nöqsanlara görə barələrində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması da qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon prokuroru "xxxx" QSCnin Mühafizə departamentinin rəhbərliyinə xx.xx.2025-ci il tarixli təqdimat göndərmiş və qeyd etmişdir ki, "xxxx" QSC Mühafizə departamentinin iclasında geniş və hərtərəfli müzakirə edilməklə, qeyd edilmiş əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılsın. Gələcəkdə qeyd edilən nöqsanların təkrarlanmaması, şöbə əməkdaşlarının öz xidməti vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlər görülsün və təqdimatın müzakirəsi və görülmüş tədbirlər barədə qanunda nəzərdə tutulmuş 1 ay müddətində Hacıqabul rayon prokurorluğuna məlumat verilsin.
22. Daha sonra Mühafizə departamentinin rəisi X12 Mühafizə departamentinin Hacıqabul mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin bölmə rəisi X7, həmin bölmənin qrup rəisi İddiaçı və həmin bölmənin baş atıcısı X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi üçün təqdimat ilə "xxxx" QSC Mühafizə departamentinin X9 Komitəsinə müraciət etmişdir. BHİK iddiaçının əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi barədə qərar qəbul etmişdir. xx.xx.2025-ci il tarixli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi) ləğv edilmişdir.
23. İddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyinə görə qanunsuz və əsassıdır, buna görə də ləğv edilməlidir. Cavabdeh isə iddia tələbinə etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirir və rədd edilməsini xahiş edir.
24. Eyni zamanda iddiaçı Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X13 tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında Hacıqabul Rayon Məhkəməsinə şikayət vermişdir. Hacıqabul Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərar ilə şikayəti təmin etmiş, xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsinin 2-ci bəndi iddiaçıya münasibətdə “xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdiyi nöqsanlara görə barəsində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması” hissəsində qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi qərara alınmışdır. Qərar xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:
25. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
26. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsası ilə əmək müqaviləsi ləğv edildikdə işəgötürən işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğunu və bunun zəruriliyi əsaslandırmalıdır. Mübahisəsizdir ki, işçinin əmək hüquqlarının minimum təminatı qanunla tənzimlənir. Həmin norma işçinin hüquqlarının işəgötürən tərəfindən əsassız olaraq pozulmasının qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmi tənzimləyir. İşəgötürənin həmin normada qeyd edilən halları əsaslandırmaması və ya əsaslandıra bilməməsi əmrin ləğv olunması üçün əsasdır.
27. Qeyd olunmalıdır ki, "xxxx" QSC-nin Mühafizə departamentinin xx.xx.2025-ci il tarixli cədvəl formasında olan əmrində hər hansı əsaslandırma qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş eyni tarixli cədvəl formasında olmayan əmrdə isə iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş öhədliklərini, vəzifə təlimatının tələblərini, ADY-nin daxili intizam qaydalarının tələblərini, əmək və icra intizamını qəsdən pozduğunun müəyyən edildiyi, bununla da iş ahənginin pozulmasına səbəb olduğu qeyd edilmişdir. Həmin əmrdə də iddiaçının hansı öhdəliyinə əməl edilmədiyi, vəzifə təlimatının hansı tələbini pozduğu, daxili intizam qaydalarının hansı tələblərinin pozulduğu və iş ahənginin necə pozulduğunu, eyni zamanda işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin hansı qanuni mənafelərinə hansı formada xələl gətirdiyi barədə heç bir qeyd edilməmişdir. Əmrin verilməsinə əsas araşdırma materialları və BHİK-nin xx.xx.2025-ci il tarixli protokolundan çıxarış olmuşdur. Halbuki, hansısa xüsusi araşdırma materialları məhkəməyə təqdim edilməmişdir.
28. BHİK-nin xx.xx.2025-ci il tarixli protokolundan çıxarışdan müəyyən edilir ki, iddiaçının və digərlərinin Prokurorluğun təqdimatına əsasən intizam məsuliyyətinə cəlb olunmaları təklif edilmişdir. Nəticədə BHİK-nin rəyasət heyətinin üzvləri iddiaçının işə davamiyyətini, nizamintizamının aşağı səviyyədə olmasını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini təklif etmişlər. BHİK-nin sədri isə iddiaçıya və digərlərinə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edəcəkləri halda, onlara şiddətli töhmət verilməklə əmək müqavilələrinə öz xahişləri əsasında xitam verilməsi yönündə rəy bildirəcəyini qeyd etmişdir. Emil Hüseynov təklifi qəbul etsə də, iddiaçı və Xəzər Ağayev təklifi qəbul etməmişdir. Buna görə də iddiaçı və X30 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir.
29. Göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə səbəb Hacıqabul rayon prokurorunun təqdimatı olmuşdur. Təqdimatın əsaslandığı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar isə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdiyi nöqsanlara görə barəsində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması” hissəsində ləğv edilmişdir. Qərarda müvafiq təqdimatında əsassız və qanunsuz olduğu müəyyən edilmişdir. Qeyd olunan qərarların hazırkı məhkəmə icraatı çərçivəsində preyudisial əhəmiyyəti olmasa da sübut kimi qiymətləndirilir. Buna görə də Hacıqabul Rayon Məhkəməsinin müvafiq qərarından (baxmayaraq ki, qərar qanuni qüvvəyə minmişdir) protest verilib-verilməməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşımır. İşin faktiki halları ilə müəyyən edilir ki, səs yazısında iddiaçının “Emilin aqibətini hamı görəcək, görəcəksiniz, sən narahat olma o işi mən qurmuşam, işin arxasında mən dayanmışam” deməsi dinlənilmişdir. Elə iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin səbəbi də iddiaçının müəssisə daxilində şəxsi maraqları naminə şikayət ərizələrinin yazılmasının təşkil etməsi mülahizəsi olmuşdur. Halbuki, qeyd olunan məsələ sübut edilməmişdir. Yəni iddiaçının həqiqətən də belə bir təşkilatçılıq etməsi sadəcə onun müvafiq səs yazısı ilə əsaslandırılır. Hacıqabul Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarında müəyyən etmişdir ki, X1 barəsində irəli sürülən ittihamlar qərəzli xarakter daşıyır və idarədaxili münasibətlərdə qruplaşma yaratması barədə iddialar əsassızdır. Müvafiq səs yazıları iddiaçının sərxoş vəziyyətində qeydə alınmışdır. Belə bir vəziyyətdə söylənilən sözlər sərbəst iradənin məhsulu hesab edilə bilməz. Çünki alkoqolun təsiri altında olan şəxs öz hərəkətlərinin və ifadələrinin mahiyyətini dərk etməyə bilər. Şəxsin sərxoş halda verdiyi ifadələr onun hüquqi məsuliyyətini müəyyən etmək üçün əsas ola bilməz.
30. Məhkəmə qeyd edir ki, iddiaçının sərxoş vəziyyətdə, əmək münasibətlərindən kənarda söhbət əsnasında qeydə alınmış səsi, hansı ki, həmin şəxs sonradan sərxoş olduğunu və hər hansı təşkilatçılıq etdiyini qəbul etməməsinə baxmayaraq cavabdeh tərəfindən mütləq əsas kimi nəzərə alınmış, Hacıqabul rayon prokurorunun qanunsuz təqdimatı əsasında heç bir daxili araşdırma aparılmadan əmək müqaviləsi ləğv edilmişdir. Halbuki, prokurorluğa şikayət edən şəxslər iddiaçının hər hansı qruplaşma yaratmadıqlarını bildirmiş, əsassız olaraq şikayət etdikləri və əməllərindən peşman olduqları barədə Baş prokurorluğa müraciət ünvanlamışlar. Əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən əlavə 72-ci maddəsinin “e” bəndinə də istinad edilmiş, lakin işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi, necə xələl gətirməsi barədə heç bir əsaslandırma edilməmişdir. Bununla da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələbləri pozulmaqla əmr verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, prokurorluğun qanunsuz təqdimatında həmin şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi tələb olunsa da, işəgötürən heç bir dəqiqləşdirilmiş sübut olmadan öz üstün səlahiyyətlərindən istifadə edərək iddiaçı barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Məhkəmə işəgötürən tərəfindən əmrin əsaslandırılmamasını nəzərə alaraq hesab edir ki, işin faktiki halları işəgötürənin hansısa əsaslı səbəbinin ola biləcəyini belə güman etməyə əsas vermir.
31. Mübahisəsiz məsələdir ki, işçi əmək münasibətlərinin daha zəif tərəfidir. Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, işçinin Əmək Məcəlləsində təsbit olunmuş əsas hüquqlarından biridir. İşçinin qanunla təminat altına alınmış hüquqlarını işəgötürənin xeyrinə şərh etmək hüququn və məhkəmələrin mövcud olma səbəbinə, qanunun aliliyinə zidd mövqe olar. Buna görə də qeyd olunan bütün diqqətəlayiq halları və təqdim edilən sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü üçün ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir.
32. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
d) Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddə, 2-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddə, 3-cü bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 70-ci maddə, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddə, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddə, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddə, “e” bəndi. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddə, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər 300-cü maddə, qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı: Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.
35. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
36. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-1- 18/3-10-3330/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı "xxxx" QSC-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin qrup rəisi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməlidir.
39. İddia təmin edildiyi üçün məhkəmə xərci kimi ödənilmiş 60 manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı verilməlidir.
Nəticə:
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-1-18/3-10-3330/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı "xxxx" QSC-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin qrup rəisi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı "xxxx" QSCdən tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova