Məhkəmə qərarları › İş №2(006)-3678/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3678/2021

14.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3678/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, həm də onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, mənzil 11-dən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılmaqları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. X5 həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş məhkəməyə qaytarılmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı 14.11.2013-cü il tarixində Cavabdeh1 ilə iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, mənzil 11-in alqı-satqısı barədə müqavilə bağlamışdır. Həmin müqavilənin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Bundan sonra iddiaçı həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən 29.11.2013-cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əldə etmişdir. Aralarında bağlanmış həmin müqavilənin 12-ci bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 3 ay müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin əfsuslar olsun ki, bu müqavilənin bağlanmasından 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Bu günə kimi də həm Cavabdeh1, həm də onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 bu mənzildə daimi pasport qeydiyyatındadırlar. İşin hallarından da görünür ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bu günə kimi həmin mənzildən daimi pasport qeydiyyatından çıxmamışdır. Cavabdehlərin hal-hazırda iddiaçının mülkiyyətində olan bu mənzildən daimi pasport qeydiyyatından çıxmamaları bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili X2 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə cavabdehlərin Məhkəməyə məlum olan sonuncu yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 29, 11 saylı mənzil, 16.7 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2015 nömrəli reyestr kitabının 186258 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 14.11.2013-cü il tarixli AN-İ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən» görünür ki, həmin tarixdə Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, 11 saylı mənzilini İddiaçı 50000 manata satmışlar. İş materiallarında olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, 11 saylı mənzildə qeydiyyatdadırlar. Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda cavabdehlər qeyd olunan evdə formal olaraq qeydiyyatdadır, həmin evdə artıq uzun müddətdir ki, yaşamırlar, mənzil satıldıqdan sonra başqa ünvana köçmüşdürlər. Cavabdehlərin hazırda hansı ünvanda yaşaması barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq cavabdehlər, qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, həmin ünvanda qeydiyyatda qalmışdırlar. Nəticədə cavabdehlər mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışdırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququqnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının nümayəndəsinin və vəkilinin izahatından və işin faktiki hallarından aydın olur ki, Cavabdeh1 iddiaçı ilə həmin mənzilə dair alqı-satqı müqaviləsini bağlayarkən, mülkiyyət hüququndan imtina barədə öhdəliyi üzərinə götürmüş və həmin razılaşma notarial qaydada təsdiq edilmişdir. Eyni zamanda cavabdeh və onun ailə üzvləri qeyd olunan mənzili tərk etmişlər. Buna baxmayaraq cavabdehlər, daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, satdığı mənzildə qeydiyyatda qalmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, 11 saylı mənzildə yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə əsas verir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, 11 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, 11 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. İstifadə hüququnun itirilməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 29, 11 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar