Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3695/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh “xxxxxxxx” X4 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx” X2rşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” X2rşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1, 11 ünvanında yaşayır və evinin qonşuluğunda ailəsini dolandırmaq üçün kiçik mağaza işlədirlər. xx xxx 2019-cu il tarixdə iddiaçı evdə olarkən “xxxxxxxx” ASC-nin əməkdaşları onlara məxsus mağazaya gəlib sayğaca baxış keçirmək istədiklərini bildirmişlər. İddiaçının oğlu Niyaməddin mağazada olmuş və etiraz etməmişdir. Onlar keçib mağazanın sayğacına baxış keçirib və sayğacdan kənar xətt olduğunu bildirmişlər. İddiaçının oğlu onlara qəti etiraz edib, heç bir kənar xətt olmadığını, mağazanın arxasından daxil olan xəttin elektrik xəttinə birləşdirilmədiyini, həmin xəttin əvvəllər yaşadıqları mənzildən mağazaya çəkildiyini, daha sonra isə "xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən mağazaya yeni xətt çəkilib sayğac qoyulduğunu və yaşadıqları mənzildən gələn xəttin isə elektrik şəbəkəsindən ayrıldığını bildirmişdir. İddiaçının oğlu Niyaməddin onlara demişdir ki, gedib birlikdə baxış keçirsinlər. Lakin həmin vaxt onlar oradan uzaqlaşmışlar. Bir neçə gün sonra isə onlara guya kənar xətt olması barədə xx xxx 2020-ci il tarixli NDQ 007331 nömrəli Akt və 1515,51 manat məbləğində borcun olmasını əks etdirən xx xxx 2020-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqi gəlmişdir. Həmin akt iddiaçının və ya oğlunun iştirakı olmadan və heç bir araşdırma aparılmadan əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, qeyd olunan xətt əvvəllər yaşadıqları mənzildən çəkilməklə mağazanı elektrik enerjisi ilə təmin edirdi. Lakin sonradan mağazaya ayrı xətt və sayğac çəkildikdən sonra həmin xətt şəbəkədən ayrıldı. Əslində aktı tərtib edən şəxslər sayğacdan gələn elektrik xəttini ayırmaqla müəyyən etmişlər ki, mağazaya əlavə elektrik xətti qoşulmayıb. Lakin heç bir söz demədən xəbərsiz getmiş və sonradan mübahisəli aktı tərtib etmişlər. Hazırda da qeyd olunan xətt yerində qalır və baxış keçiriləcəyi halda həmin xəttin nə mağazada, nə də digər başından xəttə birləşik olmadığı aydın olar. İddiaçının yaşadığı mənzildə də sayğac mövcuddur. Sayğac mövcud olduğu halda iddiaçının mənzildən mağazaya əlavə xətt çəkməyinin hansı əhəmiyyəti ola bilərdi. Bu iddia da özlüyündə absurd və məntiqsizdir. Bundan başqa mağazada ay ərzində sərfiyyat təxminən 30-40 manat olmuş və mütəmadi olaraq tərəflərindən ödənmişdir. Mağazada mövcud olan bir neçə soyuducunun sərfiyyatı nəzərə alsalar yenə də müəyyən olunar ki, mağazaya kənar xətt çəkilməmiş və buna ehtiyac da olmamışdır. İddiaçının oğlu mağazada olduğu halda xətlərə baxış və aktın tərtib olunmasında onun iştirakı təmin olunmamış, özbaşına, heç bir araşdırma aparmadan əsassız və qanunsuz olaraq müvafiq akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən əsassız olaraq “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli, NDQ 007331 nömrəli akta əsasən iddiaçı barəsində müəyyən edilmiş 1379,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi» ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxx 2020-ci il tarixli, NDQ № 007331 nömrəli aktın ləğv olunması və akt əsasında müəyyən edilmiş 1379,70 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X4 nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, «xxxxxxxx» ASC-nin xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı aktından görünür ki, «xxxxxxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mağazadayoxlama keçirən zamanı məlum olmuşdur ki, obyektə kənar xətt daxil olur. «xxxxxxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli abunə haqqında arayışdan görünür ki, xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı akta əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 1379,70 manat cərimə hesablanmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, tərtib olunan xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borclar silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-cibəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı aktdan da göründüyü kimi sayğac çöl divarında quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə olan halda,məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh tərəfindən tərtib olunmuş xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı akt ləğv edilməli və cavabdeh «xxxxxxxx» ASC tərəfindən əsassız hesablanmış 1379,70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik) manat cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx xxx 2020-ci il tarixli, NDQ № 007331 saylı akt ləğv edilsin və bununla əlaqədar cavabdeh «xxxxxxxx» ASC tərəfindən əsassız hesablanmış 1379,70 (bir min üç yüz yetmiş doqquz manat, yetmiş qəpik) manat cərimə silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3695/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3695/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver