Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3695/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Lokomotivlərin təmir departamentinin xx.xx.2023-cü il tarixli sənəd №13-1-16/3-101127/2023 olan əmrinin ləğv edilməsi, onun əvvəlki Lokomotivlərin təmir departamenti, Biləcəri lokomotivlərin təmir deposuna avtoəyələc sexinə usta vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və 25 000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli olmaqla "xxxx" QSC-nin yük daşımaları departamentinin Biləcəri lokomotiv deposunda xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikassı Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən müddətsiz olaraq hərəkət heyyətinin təmiri üzrə çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamış və 11 il 2 ay həmin depoda müddətsiz əmək funksiyasını yerinə yetirmişdir. "xxxx" QSC sədrinin xx.xx.2021-ci il tarixli 41459 saylı ştat cədvəlinə əsasən Yük daşımaları departamentinin Biləcəri lokomotiv deposu ləğv edilərək üç hissəyə, Yük daşımaları departamentinin tərkibində Biləcəri lokomotiv deposu, Biləcəri lokomotivlərin manevr istismar deposu, İnfrastruktur departamentinin tərkibində Biləcəri magistral lokomotivlərinin idarə edilməsi sahəsi yaradılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyyətinin 07 aprel 2022-cil tarixli 160145 nömrəli ştat cədvəlinə əsasən Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində Lokomotivlərin təmiri departamenti yaradılmış və Biləcəri lokomotiv deposunun adı dəyişdirilərək Biləcəri lokomotivlərin təmir deposu adı ilə həmin departamentin tabeçiliyində fəaliyyət göstərir. O, yalnız adı dəyişdirilmiş eyni funksiyanı həyata keçirən Lokomotivlərin təmir departamentinin xx.xx.2022-ci il tarixli 117 saylı müqaviləsinə əsasən Biləcəri lokomotivlərin təmir deposunda dəmir yol nəqliyyatı və onun təmir strukturları daimi iş yeri olduğu halda onun rəsmi razılığı olmadan Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsassız olaraq bir il müddətinə teplovozların təmiri üzrə usta vəzifəsinə xx.xx.2022-ci il tarixdən isə Biləcəri lokomotivlərin təmir deposunun avtoəyləc sexinə usta vəzifəsinə keçirilmişdir. "xxxx" QSCnin Lokomotivlərin təmir deportamenti rəisinin xx.xx.2023-cü il tarixli 13-1-16/3-10- 1127/2023 saylı əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b”bəndi ilə əsassız olaraq əmək müqaviləmə xitam verilmişdir. Onun hüquqları "xxxx" QSC Lokomotivlərin təmir departamenti tərəfindən kobud şəkildə pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tələbi qaydasında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. Mediasiya Şurası Bakı 2 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/2-03064/2023-saylı mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, "xxxx" QSC təyin olunmuş Mediasiya sesiyasına gəlməmiş, gəlməməsinin səbəbi barədə Mediasiya təşkilatına hər hansı məlumat verməmiş, Mediasiya xidmətinin əməkdaşının çağrışına gəlməmişdir. Qanunvericiliyin tələbinə müvafiq olaraq Mediasiya təşkilatına 60 manat dövlət rusumu ödəmişdir. "Azərbaycan Dəmir Yolları” QSC Lokomotivlərin təmir departamentinin xx.xx.2023-cü il tarixli 13-1-16/3-10-1127/2023 saylı əmrini qanunsuz və əsassız hesab edərək aşağıdakıları bildirmişdir. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f" (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndi ilə bağlanan əmək müqaviləsinə xitam halları bəzi hallarda fərdi əmək mübahisələrinə gətirib çıxarır. Əmək Məcəlləsinin 47-ci maddəsinin "f” (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndinə uyğun olaraq müddətli bağlayıb. 30 iyun 2020-ci il tarixində bir illik əmək müqaviləsinin müddəti bitib və işəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onu tutduğu Biləcəri lokomotivlərin təmir deposunda avtoəyləc sexinin ustası vəzifədən azad etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyyətinin 07 aprel 2022-cil tarixli 160145 nömrəli ştat cədvəlinə əsasən "xxxx" QSC-nin tabeliyində Lokomotivlərin təmiri departamenti yaradılmış və Biləcəri lokomotiv deposunun adı dəyişdirilərək Biləcəri lokomotivlərin təmir deposu adı ilə həmin departamentin tabeçiliyində fəaliyyət göstərir. Yeni qurumda da oxşar vəzifələrin icrası ilə məşğul olduğundan onunla əmək müqaviləsinin müddətli bağlanılması üçün hər hansı əsaslı səbəb yoxdur. Hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsi, müddət müəyyən edilmədən bağlanmalı idi, çünki əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, bu halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən Lokomotivlərin təmir departamenti əmək müqaviləsinin müddətli bağlanmasını qarşılıqlı razılıq olduğu üçün qanunauyğun hesab etsə də, müqavilənin müddətli bağlanmasına onun razılığı olmamışdır. Razılıq deyiləndə iradə ifadəsi başa düşülür. İradə isə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (1 il) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə (1 il) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi də yoxdur. 47-nin “f” bəndində göstərilən qarşılıqlı razılıq mövcud deyil. Beləliklə, əmək muqaviləsinin müddətə dair şərti (2.1-ci bəndi) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.” İşçınin işi daimi olduğundan, həmçinin ləğv edilən dövlət qurumunda işçi ilə müddətsiz əmək müqaviləsi imzalandığından işçiyə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f" bəndinin Əmək məcəlləsinin 7 ci maddəsinin 3-cü hissəsində də əmək müqavilələrinə işç lərin hüquqları qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsinin, yolverilməz olduğu göstərilmişdir. ancaq, şəgötürən öz xeyrinə dalml xarakterli işə görə müddətli müqavilə bağlamışdır və Lokomotivlərin təmir departamenti hüquqlarını məhdudlaşdıran bu haldan sui-istifadə etməklə səbəbsiz olaraq onu işdən uzaqlaşdırmışdır. Əmək müqaviləsinin xitamı zaman və iş fəaliyyəti zamanı bir neçə fərqli yöndə hüquqları pozulmuşdur. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyyətinin 07 aprel 2022-cil tarixli 160145 nömrəli ştat cədvəlinə əsasən Biləcəri lokomotivlərin təmir deposunun teplovozların təmir sexində peşakar çilıngərin çatışmadığı halda onunla əmək müqaviləsinə xitam verilməsi səbəbini izah edə bilməmişdir. Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığı, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə rəy səlahiyyətli orqan tərəfindən müvafiq qərarla verilə bilər. Belə bir qərarın olmadığı, işlədiyi dövrdə isə haqqımda heç bir halda intizam tənbehi olmadığı üçün, rəhbərliyin hansı kriteriyalarla bu qənaətə gəlməsi mübahisəlidir. Rəhbərliyin bu yanaşması isə bir daha əmək müqaviləmə xitam verilməsinin səbəbinin müqavilə müddətinin bitməsi ilə əlaqədar olmadığı və ona bu cür yanaşmanın qərəzliliyini göstərir. Bundan başqa İddiaçı yaxın zamanda yerinə vakansiya elan ediləcəyi və Lokomotivlərin təmir deposuna işçi ilə təmin ediləcəyini bildirir. Bu isə onu göstərir ki, müqaviləyə xitam verilməsi Biləcəri lokomotivlərin təmir deposunda işçi ixtisarına əsaslanmır, sadəcə ona qarşı bir fəaliyyətdir. Əmək şəraitində və işin xarakterində dəyişiklik edilmədiyi halda əmək müqaviləsi bir il müddətinə bağlanması bu halda da işəgötürən ona qarşı öz hüquqlarından sui-istifadə etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ADY-nin Biləcəri Lokomotiv deposu arasında bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.2011-ci il tarixdə yanacaq aparatlarının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. ADY-nin strukturunun təkmilləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 31712 saylı əmrə əsasən iddiaçının işlədiyi Biləcəri Lokomotiv deposu ləğv olunmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixdə iddiaçının öz ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı öz ərizəsi ilə çıxmasa idi belə depo ləğv olunduğuna görə ştat ixtisarı ilə işdən çıxmalı idi. Bundan sonra, iddiaçı ilə xx.xx.2022-ci il tarixli 117 nömrəli yeni əmək müqaviləsi bağlanmış, o, yeni yaradılmış Lokomotivlərin təmiri departamentinin Biləcəri lokomotivlərin təmiri deposunun teplovozların təmiri sexində usta vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən yəni, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığına əsasən 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. İddiaçı müddətli əmək müqaviləsi bağlamağa onun razılığı olmadığını iddia etsə də, faktiki olaraq əmək müqaviləsi bağlanarkən müddətli olması barədə məlumatı olmuş, öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixli 117 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 1 nömrəli əlavə razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdən iddiaçı Lokomotivlərin təmiri departamentinin Biləcəri lokomotivlərin təmiri deposunun avtoəyləc sexində usta vəzifəsinə keçirilmişdir. İddiaçı əlavə razılaşma ilə də tanış olmuş və imzalamışdır, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən ədilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlana bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı ilə ADY arasında müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilənin müddətli olduğunu bilərək və razılaşaraq imzalamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün, xx.xx.2023-cü il tarixli 13-1-16/3-10-1127/2023 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Həmçinin, qanunauyğun olaraq iddiaçıya əmək müqaviləsinə xitam verilməsi əmrin surətinin təqdim edilməsi üçün dəvət olunsa da, o, imtina etmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçı 25 000 manat maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. İddiaçıya məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayar, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddia tələbini etiraf etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, 2023-cü il tarixdən "xxxx" QSC-də X1 insan resursları mütəxəssisi vəzifəsində çalışır. O, işə qəbul olduqdan sonra iddiaçını tanımışdır. Onun işlədiyi şöbədən iddiaçını müqavilə müddəti bitməmişdən əvvəl dəvət edərək ona müddətli əmək müqaviləsinin bitməsi barədə məlumat vermişdir. O, həmin prossesdə yalnız iddiaçını şöbəyə dəvət etmişdir. İddiaçı ilə işdən azad olma barədə nə əvvəl nə də ki, sonra aralarında danışıq olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan iddiaçı ilə "xxxx" QSC Lokomotivlərin təmir departamenti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı həmin tarixdən 1 il müddətinə usta vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Lokomotivlərin təmiri departamentinin İnsan resursları şöbəsinin rəisi Qulam Mahmudov, aparıcı mütəxəssis Zaur Məmmədov və mütəxəssis Afaq Mahmudova tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, Lokomotivlərin təmiri departamenti Biləcəri lokomotivlərin təmiri deposu avtoəyləc sexinin ustası İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 117 saylı əmək müqaviləsinə xx.xx.2023cü il tarixində Azərbaycan Respublikası Əmək məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixində işçiyə əmrin surətinin verilməsi üçün dəvət olunsada işçi imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsası 5 ildən artıq olmayan müddət üçün bağlanmış əmək müqavilələrinə şamil edilir. Əgər müddətli əmək müqaviləsi qüvvədə olan qanunvericiliyə zidd olaraq bağlanmışsa və işəgötürənin müddətin bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam verməsi ilə bağlı mübahisə yaranarsa, bu zaman müqavilənin qanuniliyi məsələsi AR ƏM-in 47-ci maddəsi rəhbər tutulmaqla həll edilməlidir. Bu maddənin əsas tələbi odur ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Müddətin bitməsi ilə bağlı müqaviləyə xitam verilərkən AR ƏM-in 71-ci maddəsində nəzərdə tutulan əlavə təminatlar, həmin maddədə nəzərdə tutulan şərtlər və qaydalar tətbiq edilmir. Lakin müqaviləyə istənilən vaxt xitam verilə bilməz. Ona görə ki, həmin maddənin ikinci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilmişdir. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və AR ƏM-in 179cu maddəsində nəzərdə tutulan hallar aid edilmişdir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə riyaət edilməlidir: a) həmin müqaviləyə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməlidir, b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həfləsi keçməmiş xitam verilə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2023-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də tələbin “əmrin ləğv edilməsi” və “işə bərpa edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddianın “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsində həmin zərərin nədə ifadə olunmasına dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3695/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3695/2023
13.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver