Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-37/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı «X4 Bağçası» MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçılar «X4 Bağçası» MMC-nin və İddiaçı2 Cavabdeh2 qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «tikintinin sökülməsi və uşaq bağçasının fəaliyyətinə təhlükə yaradan qaz reduktoru və qaz kombilərinin başqa təhlükəsiz yerə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar «X4 Bağçası» MMC və İddiaçı2 cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı «tikintinin sökülməsi və uşaq bağçasının fəaliyyətinə təhlükə yaradan qaz reduktoru və qaz kombilərinin başqa təhlükəsiz yerə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin işıqlanma və hava axınının qarşısını alan cavabdeh "xxxx" MTK tərəfindən qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində tikilmiş layihədə nəzərdə tutulmayan gediş-gəliş çıxıntılarının, pilləkənlərin, giriş-çıxış qapılarının cavabdehlərin hesabına sökülməsi, uşaq bağçasının fəaliyyətinə təhlükə yaradan qaz reduktoru və qaz kombilərinin başqa təhlükəsiz yerə köçürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar «X4 Bağçası» MMC və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, "xxxx" MTK-nın cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişlər. Daha sonra, X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 33B ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binada, sahəsi 585,4 m2 olan zirzəmi (Qapı 9-10-11) İddiaçı2 xüsusi mülkiyyətindədir. İddiaçı2 qeyd edilən qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında «X4 Bağçası» MMC-yə uzunmüddətli istifadəyə vermişdir. Uşaq bağçasının fəaliyyət göstərdiyi zirzəminin arxa hissəsində yerləşdirilmiş qaz paylayıcı reduktor və qaz kombi sistemi təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır. Həmin MTK-nın sahibi Cavabdeh2dur. Ona şəxsən həmin qaz paylayıcı reduktorun və qaz kombisinin daha təhlükəsiz yerə köçürülməsini bildirmək imkanına sahib olmasalar da, MTK-nın digər məsul şəxslərinə bu barədə məlumat verib əsaslı irad və etirazlarını bildirmişlər, lakin bütün bu etirazlara baxmayaraq məsələ öz həllini tapmamışdır. Bundan başqa bağçanın fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin arxa hissəsində işıqlanmanın və hava axınının qarşısını alan binanın layihəsində nəzərdə tutulmayan gediş-gəliş dəhlizi tikilmiş və həmin dəhlizə giriş-çıxış qapıları qoyulmuş və nəticədə sahənin maneəsiz istifadə edilməsinə əngəl yaratmışdır. Bu barədə də, MTK rəhbərliyinə və komendantına iradlarını bildirib tədbir görülməsini istəsələr də, bu günə qədər həll edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı «X4 Bağçası» MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, iddiaçıların iddiasını qəbul etmir, iddia tamamilə əsassızdır. Belə ki, mülkiyyətində olan Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 3004- cü məhəllə, 1-mkr, ev 33B, qapı 8-20 saylı qeyri yaşayış sahəsi tam mülkiyyət hüquqi ilə ona məxsusdur. "X4 Bağçası" MMC və İddiaçı2 iddia tələbində qeyd etdiyi məsələlər tamamilə uydurmadır. Belə ki, həmin qeyri yaşayış sahəsi 2014-cü ildən atası Cavabdeh2 mülkiyyətində olub və həmin qeyri yaşayış sahəsinin aşağısıda heç bir sahibkarlıq subyekti olmayıb. Uşaq baxçası kimi fəaliyyət göstərən "xxxx" MTK məxsus qeyri yaşayış sahəsi binanın yarı zirzəmisi sayılır və həmin zirzəmiyə giriş-çıxış binanın digər hissəsindədir. Sözügedən hissədən yəni ona məxsus mülkiyyətimdə olan qeyriyaşayış sahəsinin piləkənin aşağısından həmin zirzəmiyə gediş gəliş nəzərdə tutulmayıb. Hətta həmin hissədə əvvəllər xırda gözlü pəncərə mövcüd olub. İndi isə iddiaçı təhlükəsizlik qaydalarını pozaraq binada yaşayan insanların həyatını təhlükəyə ataraq binanın əsas sütünlərini, divarlarını dağıdaraq həmin hissədən özünə böyük pəncələr açıb, hətda qapı yerləri qoyub. Faktiki olaraqda iddiaçı heçbir maneəsiz həmin qapılardan zərurət olarsa istifadə edə bilər, lakin yenə qeyd edirəm ki, Baxçaya yəni həmin qeyri yaşayış sahəsinə əsas giriş binanın digər hissəsindəndir. İddiaçının qeyd etdiyi qaz paylayıcı reduktor və qaz kombi sistemi təhlükəsizlik qaydalarına və normalara uyğun olaraq həmin iddiaçıya məxsus olmayan divarda yerləşdirilib və həmçinin iddiaçınında həmin divarın həmin hissəsində yanaşı olaraq qaz paylayıcı reduktor və qaz kombi sistemi var. Əgər onların qaz paylayıcı reduktor və qaz kombi sistemi onun üçün maneə yaradırsa, özü niyə həmin hissədə qaz paylayıcı reduktor və qaz kombi sistemi qurlaşdırıb. Həmçinin həmin hissədən ona görə giriş çıxış nəzərdə tutulmayıb ki, oradan Äzərsuya məxsus əsas iri boru xətti keçir. Ona məxsus qeyri yaşayış sahəsinin texniki pasportundanda göründüyü kimi həmin qeyri yaşayış sahəsin 7 qapısı həmin istiqamətə açılır və həmin qeyri yaşayış sahəsinin pilləkənlərindən ayrılıqda 7 sahibkarlıq subyekti istifadə edirlər. Onların girişi və çıxışı üçün başqa qapı nəzərdə tutulmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı2 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı «X4 Bağçası» MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 585,4 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 13640 saylı vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 838 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 28 yanvar 2019-cu il tarixli EL-70/2019 saylı xüsusi lisenziyadan, Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında 24 yanvar 2018-ci il tarixli şəhadətnamədən göründüyü kimi, «X4 Bağçası» MMC 24 yanvar 2018-ci il tarixdə hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmış, həmin bağçaya məktəbəqədər təhsil müəssisələri fəaliyyətinin həyata keçirilməsinə icazə verən xüsusi lisenziya təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin işıqlanma və hava axınının qarşısını alan, qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində tikilmiş, layihədə nəzərdə tutulmayan gedişgəliş çıxıntılarının, pilləkənlərin, giriş-çıxış qapılarının cavabdehlərin hesabına sökülməsi, uşaq bağçasının fəaliyyətinə təhlükə yaradan qaz reduktoru və qaz kombilərinin başqa təhlükəsiz yerə köçürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2022-ci il tarixli 10/2206 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində metal konstruksiyasından quraşdırılmış gediş-gəliş çıxıntılarının, pilləkənlərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində kombi tipli su qızdırıcıların və onlara birləşdirilmiş qaz paylayıcı reduktorların açıq hava şəraitində quraşdırıldığını və həmin sahədə hava mübadiləsinin (sirkulyasiya) təmin olunduğunu nəzərə alaraq, həmin qurğuların təhlükəsizlik texnikası üzrə normativ aktların (Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının) tələblərinə uyğun quraşdırıldığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2022-ci il tarixli 10/5804; 10/5866 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində metal konstruksiyasından quraşdırılmış gediş-gəliş çıxıntılarının, pilləkənlərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Baxış zamanı fasad divarı boyunca dəmir profillərdən dayaqların quraşdırıldığı müəyyən olunmuşdur. Lakin həmin dəmir profillərdən quraşdırılmış (dayaqlar) çıxıntılarının, pilləkənlərin, giriş-çıxış qapılarının qeyri-yaşayış sahəsindən istifadəyə maneəçilik yaratmasının və hüququn əhəmiyyətsiz dərəcədə pozulmasına səbəb olubolmamasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Baxış zamanı hazırki iş üzrə təyin edilmiş ilkin ekspertiza zamanı qərardadda qoyulmuş sualın icrası ilə əlaqədar tədqiqat obyektinə keçirilən baxışda müəyyən edilmiş hallarda, yəni qaz cihaz və qurğularının quraşdırma üsul və şəraitində hər hansı dəyişiklik olmadığı müəyyən edildi. Bu səbəbdən də, ilkin ekspertiza rəyində göstərildiyi kimi, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində kombi tipli su qızdırıcıların və onlara birləşdirilmiş qaz paylayıcı reduktorların açıq hava şəraitində quraşdırıldığını və həmin sahədə hava mübadiləsinin (sirkulyasiya) təmin olunduğunu nəzərə alaraq, həmin qurğuların təhlükəsizlik texnikası üzrə normativ aktların (Qaz təsərrüufatında təhlükəsizlik qaydalarının) tələblərinə uyğun quraşdırıldığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara (qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində metal konstruksiyasından quraşdırılmış gediş-gəliş çıxıntılarının, pilləkənlərin iddiaçılar üçün hər hansı maneə yaratmasına; qeyri-yaşayış sahəsinin arxa fasad hissəsində kombi tipli su qızdırıcıların və onlara birləşdirilmiş qaz paylayıcı reduktorların uşaq bağçasının fəaliyyətinə təhlükə yaratmasına) dair sübutları məhkəməyə təqdim etməmişlər. Belə ki, iş materiallarından göründüyü kimi, bağçanın giriş hissəsi binanın digə tərəfindəndir. Eyni zamanda, qaz reduktorları və kombilərin qurşadırıldığı yerdə, bağçaya xidmət edən qaz reduktorları və kombilər də mövcuddur. Bundan əlavə iddiaçı dəmir konstruksiyanın Cavabdeh2 tərəfindən quraşdırıldığını bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Hazırda dəmir konstruksiyanın xidmət etdiyi sahə X1 mülkiyyətindədir, ona qarşı isə hər hansı tələb yönəldilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar «X4 Bağçası» MMC-nin və İddiaçı2 Cavabdeh2 qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «tikintinin sökülməsi və uşaq bağçasının fəaliyyətinə təhlükə yaradan qaz reduktoru və qaz kombilərinin başqa təhlükəsiz yerə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. 400 manat ekspertiza xərci iddiaçılar «X4 Bağçası» MMC-dən və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar «X4 Bağçası» MMC-nin və İddiaçı2 Cavabdeh2 qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «tikintinin sökülməsi və uşaq bağçasının fəaliyyətinə təhlükə yaradan qaz reduktoru və qaz kombilərinin başqa təhlükəsiz yerə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılara aid edilsin. 400 manat ekspertiza xərci iddiaçılar «X4 Bağçası» MMC-dən və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-37/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-37/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver