Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3705/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “malın əvəzləşdirilməsi və ya pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasındabaxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən aldığı dəyəri 849 manat olan 1 ədəd LG F2J6HS8S markalı paltaryuyan maşının yenisi ilə əvəzləşdirilməsi və ya ödənilmiş 849 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 12 iyun 2020-ci ildə cavabdehdən müxtəlif məişət avadanlıqları, o cümlədən 1 ədəd 849 manat dəyərində LG F2J6HS8S markalı paltaryuyan maşın almışdır. Qeyd edilən əşyaya 556188 nömrəli zəmanət talonu verilmişdir. Qeyd edilən əşyaları 12 iyun 2020-ci ildə alsa da, təxminən 06 ay sonra istifadə etmək üçün quraşdıran zamanı LG F2J6HS8S markalı paltaryuyan maşında qüsur aşkar edildi. Cavabdehin nümayəndəsi əvvəlcə dəyərindən LG F2J6HS8S markalı paltaryuyan maşını yenisi ilə əvəz edəcəkləri barədə vəd versə də, sonradan təmir edəcəklərini bildirdi. Lakin iddiaçı bununla razılaşmayaraq ya yeni paltaryuyan maşın vermələrini, ya da ki, 849 manat pulunu qaytarmalarını tələb etdi. Lakin bugünədək cavabdeh nə iddiaçıya verdiyi əşyanı yenisi ilə əvəzləşdirib, nədə ki, iddiaçının pulunu qaytarıb. Artıq cavabdeh tərəfindən pozulmuş hüququ başqa cür bərpa olunmayacağını görüb, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildir ki, İddiaçı 12 iyun 2020-ci ildə Cavabdeh MMC-nin “Xalqlar Dostluğu” filialından dəyərini 849 manat ödəməklə nağd qaydada 1 ədəd LG F2J6HS8S markalı paltaryuyan maşın almışdır. Bunun əsasında İddiaçı 556188 nömrəli 12 ay müddətinə zəmanət talonu verilmişdir. İddiaçı qeyd edir ki, təxminən 06 ay sonra istifadə etmək üçün quraşdıran zamanı LG F2J6HS8S markalı paltaryuyan maşında qüsur aşkar edilmişdir. Bununla bağlı iddiaçı Cavabdeh MMC-yə müraciət etsə də, bugünədək Cavabdeh MMC iddiaçıya verdiyi əşyanı yenisi ilə əvəzləşdirməyib, nədə ki, iddiaçının pulunu qaytarıb. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aldığı dəyəri 849 manat olan 1 ədəd LG F2J6HS8S markalı paltaryuyan maşının yenisi ilə əvəzləşdirilməsini və ya ödənilmiş 849 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi tam qanuni və əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş “LG” servis mərkəzinin 19 fevral 2021-ci il tarixli 000076 saylı texniki rəyindən görünür ki, İddiaçı tərəfindən 12 iyun 2020-ci ildə alınmış LG F2J6HS8S markalı paltaryuyan maşının nasazlıqı - start-stop düyməsi problemli işlənməsi, ekranın sönüb yanmasıdır; nasaz hissəsi-displeydir; servis mərkəzinin rəyi isə -texniki baxış keçirilmiş, displeydə istehlakçı qüsuru aşkar edilmişdir. Odur ki, iddiaçının iddia tələbi qismən təmin edilməklə iddiaçı tərəfindən Cavabdeh MMC-dən aldığı dəyəri 849 manat olan 1 ədəd LG F2J6HS8S markalı paltaryuyan maşın yenisi ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh MMC-dən aldığı dəyəri 849 manat olan 1 ədəd LG F2J6HS8S markalı paltaryuyan maşın yenisi ilə əvəz edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3705/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3705/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver