Məhkəmə qərarları › İş №2(006)-3710/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3710/2022

26.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3710/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «işə bərpa» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin rəisi Nəriman Nağıyevin iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, o, 10 ildən çoxdur ki, X1 idarə edilməsi sahəsində qüsursuz olaraq maşinist köməkçisi işləyir. 08 aprel 2022-ci il tarixdən müdiriyyət onu işə buraxmır. Kadrlar şöbəsindən bunun səbəbini soruşduqda yuxarıdan əmr gələcək dedilər. Sonra ona məlum olmuşdur ki, maşinist Vahid İbadovu salyarka götürməyə görə işə buraxmırlar, onu də onun gözünə qatırlar. Maşinist izahat yazmışdır ki, bu işdə köməkçinin günahı yoxdur, lakin rəis Elşən Vəliyev təkid etmişdir ki, onun da xəbəri olduğunu yazsın. Müdiriyyətə yazmışdır ki, “günahı olmadığına görə də işə bərpa barədə məhkəmədə iddia qaldırmaq istəyirəm. Mövcud qanunvericiliyə görə mən əvvəl sizə mübahisənin sülh yolu ilə həll edilməsi üçün təklif verməliyəm. Xahiş edirəm şdən çıxarılmışamsa, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmrin surətini dərhal mənə göndərəsiniz, yox əgər şimdə saxlayacaqsınızsa, bu barədə fikrinizi bildirəsiniz". Müdiriyyət tərəfindən mediasiya təklifinə cavab verilməmişdir. İşlədiyi müddətdə heç bır qüsuru olmamış, heç bir cəza almamışdır. Ona görə də müdiriyyətin onunla əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuzdur. Müdiriyyət ona xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri göndərmişdir. Əmri xx.xx.2022ci il tarixdə almışdır. Əmrdə göstərilmişdir ki, müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə pozulmuşdur. Həmin bənddə göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər.Göstərdiyi kimi müdiriyyət maşinisti məcbur etmişdir ki, onun əleyhinə izahat versin. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 idarə edilməsi sahəsi Teplovoz lokomotiv briqadasının magistral üzrə teplovoz maşinist köməkçisi vəzifəsindən əsaslı olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 idarə edilməsi sahəsinin Teplovoz lokomotiv briqadasının magistral üzrə teplovoz maşinisti V.İbadov və magistral üzrə teplovoz maşinist köməkçisi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində saat 01:27 radələrində Biləcəri stansiyasında xidməti vəzifələrini yerinə yetirmək əvəzinə ümumi çəkisi 120 litr dizel yanacağını idarə etdikləri 3TE10M-1370 saylı teplovozdan 6 ədəd 20 litrlik qablarda qablaşdırılaraq çıxarılması faktı İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Hərəkətin təhlükəsizliyi bölməsinin müfəttişləri tərəfindən müəyyən edilmişdir. Müəyyən olunmuş fakt aktlaşdırılmış, maşinist və maşinist köməkçisindən məsələ ilə bağlı izahatın təqdim edilməsi tələb olunmuş, maşinist izahatında əməlin bilavasitə onlar tərəfindən törədildiyini etiraf etmiş və peşmançılıq keçiridiyini ifadə etmişdir. Sözügedən şəxslərin həmin hərəkətləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə maddi ziyan vurulmasına şərait yaratmış, həmçinin işin araşdırılması zəminində teplovozun uzun müddət hərəkətsiz qalmasına, teplovoz briqadaları arasında növbənin təhvilində gecikmənin yaranmasına və nəticədə formalaşdırılmış iş ahənginin pozulmasına gətirib çıxarmışdır. İddiaçı təqsirli olaraq törətdiyi əməl (dizel yanacağının oğurlanması) tam təsdiq olunduğundan işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, iddiaçı köməkçisidir. 1990-cı ildən orada işləyir, sonuncu vəzifəsi maşinist olmuşdur. Hadisə xx.xx.2022-ci il tarixdə gecə 01:00 radələrində olmuşdur. Biləcəri stansiyasından keçdikdən sonra iddiaçı ayaqyoluna düşmüş, o zaman qatarı saxlamışdır. Həmin vaxt təlimatçı ona yaxınlaşmış və onun qatardan düşməsini bildirmişdir. Təlimatçının göstərişinə əsasən təlimatçı ilə birlikdə 4 ədəd konistir yanacaq vasitəsini vaqona yükləmişlər, o və təlimatçı aşağıdan vaqona konistirləri yükləyirmişlər, iddiaçı isə vaqona yerləşdirirmiş. Yüklədikdən sonra təlimatçı onların vaqonuna minmiş və digər stansiyada düşmüşdür. Konistirləri təlimatçının düşdüyü stansiyada boşaltmışlar. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin xx.xx.2022-ci il tarixli 172470 saylı Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin X1in idarə edilməsi sahəsində magistral üzrə teplovoz maşinist köməkçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 76878 saylı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci tarixdə maşinist köməkçisi İddiaçıla Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozla çeşidləmə işləri görərkən təxminən saat 01:30 radələrində teplovozdan 6 ədəd 20 lt-lik konistir yanacaq oğurlayıb satmaq istəyərkən İnfrastruktur Departamentinin hərəkətin təhlükəsizliyi üzrə X6 tərəfindən tutulmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci tarixdə maşinist X5 stansiyasında 3TE10M-1370 saylı teplovozla çeşidləmə işləri görərkən təxminən saat 01:30 radələrində ayaqyoluna getmişdir, qayıtdıqdan sonra görmüşdür ki, hərəkətin təhlükəsizliyi üzrə X6, maşinisti İbadov Vahidi dizel yanacağı satmaq istəyərkən tutmuşdur. Həmin vaxt hadisə yerində olmamışdır. xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, əmək kitabçasını və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətini iddiaçı təhvil almışdır. X6, X9 və maşinist köməkçisi İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixdə 3TE10M-1370 saylı teplovoza baxış keçirərkən teplovozdan 6 ədəd 20 lt-lik konistirlər yanacaqla dolu aşkar etmişlər. X9 və maşinist köməkçisi İddiaçı yanacaqla dolu olan 6 ədəd konistiri satmaq məqsədi ilə teplovozdan götürmüşlər. Akt X6, X9 və maşinist köməkçisi İddiaçı tərəfindən imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı, maşinist X4 ilə birlikdə xx.xx.2022-ci il tarixdə Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozdan yanacaqla dolu 6 ədəd 20 lt-lik konistirləri satmaq məqsədi ilə götürdüylərinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin xx.xx.2022-ci il tarixli 172470 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilməklə iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 76878 saylı əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə iş materialları və şahid ifadəsi ilə təsdiq olunur ki, iddiaçı, maşinist X4 ilə birlikdə xx.xx.2022-ci il tarixdə Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozdan yanacaqla dolu 6 ədəd 20 lt-lik konistirləri satmaq məqsədi ilə götürmüşdür. Bununla da iddiaçı göstərilən təqsirli hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozmuşdur ki, bu hal da cavabdehə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməsi üçün əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən əsasla cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi müddətini (30 gün) və bu müddətin iddia müddətinin axımının dayandırılmasına səbəb olmasını nəzərə aldıqda, iddia müddəti keçməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar