Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3723/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avro valyutasında olan kreditilə bağlı müvafiq məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsini öhdəliyin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-dən 29 oktyabr 2014-cü il tarixində avro valyutasında kredit götürmüşdür. Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nıda bu cür kreditləri götürmüş şəxslərə kompensasiyanın ödənilməsini nəzərdə tutulmuşdur. Həmin məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Apellyasiya Komissiyasına müraciət etmişdir. Həmin orqanın ona verilən elektron cavabında kredit ilə bağlı məlumatlar Mərkəzi Kredit Reyestrinə "xxxx" ASC tərəfindən verilməməsi səbəbindən müvafiq kompensasiyanın ödənilməsinin mümkün olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC-yə məktubla müraciət edərək müvafiq məlumatların ötürülməsini xahiş etmişdir, lakin "xxxx" ASC tərəfindən 24.02.2020-ci il tarixli 13/942 saylı cavab məktubda heç bir məlumat verilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış 29.10.2014-cü il tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 24.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, onunla "xxxx" ASC “Nizami” filialı arasında 29 oktyabr 2014-cü il tarixində illik faiz dərəcəsi 22 % olmaqla 26 ay müddətinə 2322 EUR məbləğində kredit limiti rəsmiləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanda banklara fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, banklar həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Qeyd olunan Fərmann 7.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 Noyabr 2019-cu il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. "xxxx" MMC-dən 21.06.2021-ci il tarixli, SF-10160 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 29.10.2014cü il tarixli müqavilə barədə heç bir məlumat yoxdur. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Tərəflərin arasında öhdəlik hüquq münasibətlərinin yarandığına baxmayaraq, "xxxx" ASC "xxxx" MMC-yə 29.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə müvafiq məlumatı lazımi qaydada verməmişdir. Belə ki, İddiaçı aid "xxxx" MMC-dəki “Borcalanın bağlanmış öhdəlikləri” qrafasında sözügedən müqavilə haqqında hər-hansı qeydin olmadığı müəyyən edilmişdir. Halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat verməlidir. Məhkəmənin gəldiyi qənaətə görə Bank iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsinə əngəl yaratmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 29.10.2014-cü il tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 29.10.2014-cü il tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" ASC -yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3723/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3723/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver